Prezident: Siyasi və iqtisadi islahatlar paralel aparılmalıdır

OXUNUB: 723 index-manşet SİYASƏT

Ermənistan-Azərbaycan  münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. 

İcmal.Az məlumat verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib. 

"Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci Erməni dövləti yaransın”, - deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.

Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini vurğulayıb. Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.

Prezident çıxışında məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının gələcək illərdə də diqqət mərkəzində saxlanacağını bildirib.

Prezident çıxışı zamanı deyib ki, Azərbaycanda aparıcı siyasi qüvvə olan YAP-ın ideyaları xalq tərəfindən dəstəklənir. Dövlət başçısı bildirib ki, 700 mindən çox üzvü olan siyasi təşkilata gənclərin axını davam edir:

"Son 25 ildə partiya şərəfli yol keçib, bütün seçkilərdə qələbə qazanıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyət xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində aradan qaldırılıb.

1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində nailiyyətlər qazanılıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ölkəmizin sürətli inkişaf illəridir. Vəzifələr uğurla həllini tapıb, vədlər həyatda öz əksini tapıb. Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir.

Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək”.

O, çıxışı zamanı ölkədə siyasi və iqtisadi islahatların paralel aparılmasının vacibliyini də vurğulayıb.

İcmal.Az

RƏYLƏR