Prezidentdən 100 yaşlı sədrlə bağlı SƏRƏNCAM

OXUNUB: 343 index-manşet SİYASƏT
Prezident İlham Əliyev Fatma Hüseyn qızı Səttarovaya "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

7NEWS.Az xəbər verir ki, sərəncama əsasən, F.Səttarova Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir: 

"Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

Hörmətli Fatma xanım,

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.

Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

 


RƏYLƏR