Prezidentin həmsədrlərlə razılığı İrəvanda təşviş yaratdı - Yeni QARABAĞ PLANI

OXUNUB: 672 index-manşet SİYASƏT
Bakıya səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrin detalları Ermənistanda narahatlıq yaradıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələrin aparıldığını deyib.

"Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin. İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir”, - deyə XİN sözçüsü bildirib.

Erməni siyasi şərhçi Akop Badalyan Hikmət Hacıyevin bəyanatının Ermənistan üçün gələcək təhlükədən xəbər verdiyini yazıb: "Görünür, Bakının Qarabağla bağlı yeni planı var və İlham Əliyev ərazilərin azad olunmasında israrlıdır. Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsi isə Bakının Qarabağ planını seçkidən sonra dövriyyəyə salacağından xəbər verir. Bu həm də seçkinin vaxtının dəyişdirilməsində Qarabağ amilinin əsas rol oynadığı deməkdir”.

Erməni şərhçi hesab edir ki, Ermənistanın xilas yolu Serj Sarkisyanın səlahiyyətlərini başa vurandan sonra hakimiyyətdən tamamilə uzaqlaşması ola bilər.

"Çünki "aprel müharibəsi”ndən sonra münaqişənin nizama salınmasında yeni məntiq yarandı və Bakı bu istiqamətdə hərəkət edir. Sarkisyan baş nazir olaraq hakimiyyətini davam etdirsə, ona İlham Əliyevin qarşısında köhnə məntiqdən xilas olmaq çətin olacaq. Bakı ərazilərin qaytarılmasında təkid edəcəyini açıqlayır və görünür, həmsədrlərlə razılaşma bu istiqamətdə olub. Bu baxımdan, seçkilərdən sonra Qarabağ ətrafında yeni və təhlükəli vəziyyətin yarana biləcəyi ehtimalı görünür”, - deyə o bildirib.
 
İcmal.Az

RƏYLƏR