Professorun “ərik müharibəsi” və ya “Fud Siti” olayının pərdəarxası – Moskva yeni planını işə salıb?

OXUNUB: 1043 index-manşet İQTİSADİYYAT

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun12-dən bəri yaşanan gərginlik fonunda hər bir həmyerlimiz öz gücü və maddi imkanları çərçivəsində əsgərimizə, Ordumuza dəstək olmağa çalışır. Bu gün dünyanın  müxtəlif ölkələrində soydaşlarımız həmrəylik aksiyaları, Ermənistan səfirliklərinin qarşısında isə etiraz toplantıları təşkil edirlər. Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlılar Orduya könüllü yazılmaq istədiklərini bildirir, hər an vətənin müdafiəsinə qalmağa hazır olduqlarını bəyan edirlər.

Qürurverici günlər yaşayırıq – dünyanın dörd bir yanından "Azərbaycan”, "Qarabağ” sədaları gəlir.

Bu ərəfədə Moskavanın ən böyük meyvə-tərəvəz bazarı olan "Fud siti”də ("Food City”) Ermənistandan gətirilən məhsullara qarşı boykot aksiyası başlayıb. Məlumatlara görə, içi ərik və digər kənd təsərrüfatı məhsulları ilə dolu olan TIR-lar bazar ərazisinə buraxılmır, bazarda satışda olan məhsullar isə zibilxanalara atılır. Hətta bazar rəhbərliyi Ermənistan səfirliyindən minnətə gələn nümayəndələri də bazardan qovub.

Bu addımları, verilən qərarları alqışlayırıq. Əsgərimiz düşməni döyüş meydanında sıxışdırdığı bir vaxtda, sahibkarlarımızın da ermənilərə iqtisadi cəhətdən təzyiqlər göstərməsi alqışlanası haldır. Müşahidə olunan mənzərə sözssüz ki, hamımızn ürəyincədir. Amma bütün bunlar məsələnin görünən tərəfidir. Bazarın Rusiyanın paytaxtında yerləşməsi, sahiblərinin də bu ölkənin rəhbərliyi ilə yaxın münasibətlərdə olması Moskvada erməni əriyinin ayaqlanması prosesinin arxasında gizli mətləblərin də olduğuna dair müəyyən şübhələr yaradır. Gəlin unutmayaq ki, Ermənistan Avrasiya Gömrük İttifaqına daxil olan ölkələrdəndir. Deməli, Rusiya erməni məhsullarının mühafizə olunmasında və öz ərazisində maneəsiz realizə edilməsində maraqlı olmalıdır. Bunu İttifaqa üzv ölkələrdən qüvvədə olan razılaşmalar tələb edir. Bundan başqa, Gömrük İttifaqına üzv dövlətlərin (Qazaxıstan, Belarusiya, Ermənistan, Qırğızıstan) vətəndaşlarına  Rusiya Federasiyasında işləmək üçün patent almaq lazım gəlmir. Onlar əmək hüquqları xüsusunda  Rusiya vətəndaşları ilə bərabər imkanlara malikdirlər. Elə isə sual olunur: Moskvada kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük aqroklasterinə Ermənistandan gələn məhsulların buraxılmaması faktının arxasında hansı gizli məqamlar dayanır?

Məlumdur ki, "Fud siti” bazarının sahibləri azərbaycanlı milyarderlərdir – Yahudi əsilli Zarah İliyev və Qod Nisanov, eləcə də Putinin dostu, tələbə yoldaşı kimi tanınan tovuzlu hüquq professoru İlham Rəhimov. Sizcə təkcə bu fakt, yəni bazar sahiblərinin azərbaycanlı olması erməni məhusllarına qarşı başlanmış boykot aksiyasını əsalandırmağa kifayət edirmi? Yox təbii ki. Söhbət, sahibinin kim olmasından asılı olmayaraq Rusiya bazarından və Moskavanın hərtərəfli nəzarəti altında olan bir ölkənin məhsullarından gedir. 

b1a184e254d40e8b7770e18816833ae9.jpg

Bu gün İlham Rəhimov özünü qəhrəman kimi göstərməyə, ermənilərə qarşı iqtisadi cəbhə açdığına dair təsəvvürlər yaratmağa çalışsa da, ağıllı adamlar açıq görüntülənən bazar hadisələrinin əşhədu vətən sevgisindən, hörmətli hüquq professorunun vətənpərvərlik damarından qaynaqlandığına şübhə ilə yanaşır və daha çox, "Niyə məhz indi” sualına cavab axtarırlar. Məgər onun üçün vətən təkcə Tovuzdan ibarətdir? Ya ermənilər Azərbaycana qarşı təcavüzə bu günlərdə başlayıblar? 30 ildir ki, Ermənistanla Azərbaycan müharibə şəraitindədir. Düşmən ölkə ərazilərimizin 20 faizini işğal edib. Minlərlə şəhidimiz var. Xocalı soyqarımı kimi dəhşətli faciə yaşamışıq. Necə olub ki, İlham Rəhimov sahib olduğu obyektlərdə bu vaxta qədər ermənilərin işləməsinə, pul qazanmasına dözə bilib? Şuşa onun üçün vətən torpağı deyil? 1 milyona yaxın qaçqın-köçkünümüz onun soydaşları sayılmır? Niyə məsələn, Aprel döyüşləri zamanı erməniləri, indi özünün dediyi kimi, gündəlik 100 milyonlarla ziyana salmaq yadına düşmürdü? Ola bilər ki, kimsə bilməsin, amma biz yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı "Fud Siti”-də ermənilər üçün ticarət zonasının yaradılması istiqamətində qızğın işlər gedirdi. Yaratdılar, təmtəraqlı açılış da etdilər. Hər halda bunu İham Rəhimov da bilməmiş deyil ki, "Ermənistan" adlanan ticarət-sərgi pavilyonu Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə Rusiya arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi məqsədilə yaradılıb. Həmin vaxt vətən niyə yada düşmürdü?

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_109703136_1143231129394327_755963935024975076_n.jpg

Ümumiyyətlə, bu vaxta qədər Rusiyada Azərbaycan maraqlarının müdafiəsi, Qarabağ həqiqətlərinin Rusiya KİV-lərində tirajlanması, bu ölkənin TV-lərində hökm sürən anti-Azərbaycan əhval-ruhiyyəsinin aradan qaldırılması istiqamətində nəzərəçarpacaq fəaliyyəti olmayan, ancaq şəxsi biznes maraqlarının təmin olunmasına çalışan İlham Rəhimov necə oldu ki, qəfil ermənilərə qarşı "ərik müharibəsinə” başlamaq həvəsinə düşdü? Axı hamı bilir ki, İlham Rəhimov Rusiya dövlətinin maraqlarına qarşı, RF prezidenti Vladimir Putinin iradəsinə zidd olan hər hansı addım ata bilməz. Onun belə bir komfortu yoxdur. Ermənilərə Rusiyanın paytaxtında hər gün 100 milyonlara ziyan vurmaq, erməni diplomatlarını "Fud Siti”dən qovmaq kimi sıradan olmayan halları İlham Rəhimovun vətən yanğısı, Tovuz sevgisi ilə əlaqəndirmək sadəlövhlük deyilmi? Hörmətli professor "Fud Siti”də baş verənlərlə bağlı müsahibəsində deyir ki, ona zənglər olur, lakin müraciət edənlərə, "siz bu işə qarışmayın” kimi cavablar verirlər. Müsahibədəki həmin hissəyə diqqət edək:  "Zənglər olub, demişik, siz bu işə qarışmayın. Bir kəlmə... Başqa heç bir müzakirə ola bilməz. Mənə yumşaq formada çox zənglər gəldi və gəlməkdə davam edir. Aydındır ki, mənə də, Qod Nisanova da şikayətlər, basqılar etmək istəyəcəklər. Amma bizim mövqeyimiz ortadadır. Bu dəyişməz mövqedir, biz geri çəkilən deyilik”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_109697539_1478779532294358_895381035650832362_n.jpg

İlham Rəhimovun sözündən belə anlaşılır ki, qərar qətidir və Ermənistan məhsulları onun rəhbərlik etdiyi bazara bir daha daxil ola bilməyəcək. Bu qədər qeyri-səmimilik nəyə lazımdır axı? Zəng edənlər varsa, deməli, Rusiyanın rəsmi dairələrinin təmsilçiləridir. İlham müəllim Rusiyanın rəsmi şəxslərinə, "Siz qarışmayın” deyə biləcək şəxs deyil axı. 3-5 gün keçəcək, ermənilərin "Fud Siti”də əvvəlki fəaliyyəti bərpa olunacaq, bazar yenə Ermənistandan gətirilən məhsulları qəbul edəcək. İndiki halda İlham Rəhimovun özünü millət fədaisi kimi aparması ucuz piar cəhdindən başqa heç nəyə oxşamır. Rusiya dövlətinin izni olmasa hörmətli hüquq professoru erməni əriyini nəinki tonlarla, heç yarım kilosunu belə ayaqlar altına atdıra bilməz. Əlbəttə, bu gün "Fud Siti”də erməni məhsullarının zay edilməsi, Ermənistandan gələn TIR-ların bazara burxılmaması, düşmən ölkəyə ziyan vurulması baxımından bizim maraqlarımız daxilindədir. Çox istərdik ki, proses uzun müddətli olsun və ermənilərə dəyən ziyanın həcmi getdikcə daha da artaraq katastrofik həddə çatsın. Bizim iradımız hörmətli hüquq professorunun süni davranışlarına, baş verənləri Tovuza görə qisas əməliyyatı kimi təqdim etmək cəhdlərinədir. Axı az qala uşağa da aydındır ki, sabah Rusiya rəhbərliyindən göstəriş gəlsə ki, indi də bazarı Azərbaycan məhsullarının üzünə bağla, nə İlham Rəhimov, nə də onun çox hörmətli şərikləri bundan boyun qaçıra biləcək. Bu adamların Rusiya dövlətinin iradəsindən kənar addım atmaq, hansısa ölkəyə qarşı iqtisadi müharibə elan etmək imkanı yoxdur. Xatırlayırsınızsa, Türkiyənin rus qiricisini vurmasına cavab olaraq Rusiya bazarlarında türk məhsullarına qadağa qoyulmuşdu. Düz iki il Rusiyada Türkiyə pomidorlarına rast gəlinmədi. Deməli, hazırda "Fud Siti"-də baş verənlərin arxasında İlham Rəhimovun qisas həvəsi, vətənpərvərlik ruhu deyil, bilavasitə Rusiya dövlətinin maraqları dayanır.

İqtisadçı ekspert Elxan Qüdrətoğlu da hesab edir ki, "Food City”-dəki məlum hadisəni fərdləşdirməyi düzgün hesab etmək olmaz: "Bu məsələ istənilən ticarət obyekti sahibinin boyunu aşan məsələdir və Rusiyanın müvafiq hökumət qurumlarının razılığı olmadan belə addımların atılması inandırıcı görünmür. Çünki Ermənistan Rusiya ilə Gömrük İttifaqı və KTMT kimi qurumlarda tərəfdaşdır və erməni iş adamlarının, biznesinin Rusiyadakı fəaliyyəti həm də bu tərəfdaşlıqdan irəli gələn müddəalarla tənzimlənir. Odur ki, hökumətin xüsusi razılığı olmadan iqtisadi maraqları birbaşa Rusiyaya bağlı olan erməni iş adamlarının hansısa bazardan, ticarət mərkəzindən çıxarılması mümkün görünmür”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_110266958_1479312388907739_1258091050120425476_n.jpg

Rəsmi Moskvanın Paşinyan hökumətilə ciddi fikir ayrılığının, hətta konfliktinin mövcud olması faktına diqqət yönəldən E.Qüdrətoğlunun fikrincə narazılığın iqtisadi müstəvidə özünü göstərəcəyi gözlənilən idi: "Buraya Ermənistana satılan təbii qazın qiyməti məsələsi də daxil olmaqla, bir çox amilləri aid etmək olar. Elə ermənilərin "Food City”-dən kənarlaşdırılmasına da Rusiya hökumətinin Paşinyan hökumətinə qarşı yürütdüyü siyasət kontekstində baxmaq daha doğru olar. Onu da qeyd edə bilərəm ki, Kremlin təbliğat maşınının əsas nümayəndələrindən olan Marqarita Simonyan da Paşinyanın ünvanına çox kəskin ifadələrin yer aldığı açıqlama ilə çıxış edib. Bu, təbii ki, tək Simonyanın deyil, həm də Kremlin mövqeyidir. Həmin mövqe bir daha Moskvanın hazırkı Ermənistan hökumətindən olduqca narazı qalmasının göstəricisidir. Və bütün bunların fonunda erməni iş adamlarının, iri şirkətlərinin bu və ya digər sahədə təzyiqlə üzləşməsi hallarına rast gəlinməsi bundan sonra da baş verə bilər. Yəni bu, daha çox Kremlin Paşinyana siyasi təzyiqinin iş dünyasındakı təzahürü xarakterini daşıyır”.  

Yeri gəlmişkən, bir neçə gün öncə Ermənistanda Rusiya TV-lərinin yayımı da məhdudlaşdırılıb. Parlementdə qabul olunmuş müvafiq qanuna görə, Rusiya kanalları bundan sonra pulsuz yayımlanan TV-lər sırasında olmayacaqlar. Rusiyalı ekspertlər bu faktı Ermənistanın Moskvadan uzaqlaşmaq istiqamətində atdığı növbəti addım kimi qiymətləndirirlər...

Görünən odur ki, Rusiya ilə Ermənistan arasında münasibətlər əvvəlki məcrasından çıxır. Proseslərin konkret olaraq hansı yön alacağını hələlik dəqiq söyləmək çətindir. Yaranmış mənzərə deməyə əsas verir ki, Rusiya Paşinyan hökumətinin şıltaq davranışlarından dolayı yeni və çoxşaxəli oyun qurub. Çox güman ki, bu oyunun əhatə etdiyi hədəflər, yaxın günlərdə aydın konturlar şəklində özünü büruzə verəcək.

Və sonda...

Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik fonunda Prezident İlham Əliyevin sayəsində Azərbaycanın güclü təsir rıçaqları əldə edərək mövqelərini daha da möhkəmləndirməsi də qabarıq şəkildə özünü göstərməkdədir. Tam əminliklə deyə bilərik ki, bu gün Ermənistanın küncə sıxışdırılması və hətta üzv olduğu ittifaqlardakı ölkələrdən belə dəstək ala bilməməsində Prezident İlham Əliyevin uzaq hədəflərə hesablanmış və dəqiq ölçülüb-biçilmiş siyasətinin böyük rolu var. Həm Gömrük İttifaqı, həm də KTMT-yə üz olan dövlətlər üçün gün kimi aydındır ki, Azərbaycan kimi etibarlı tərəfdaşla dayanıqlı əlaqələri, özünün təlxək obrazını getdikcə möhkəmlədən Paşinyanın hikkəsinə və Ermənistanın cığal davranışlarına qurban vermək olmaz.

P.S. Bu yazı yayıma hazırlanarkən mətbuatda məlumat yayıldı ki, professor İlham Rəhimov Ağdam kənd sakini, Tovuz döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbçimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb. Bax, bu, doğrudan da alqışlanası haldır. Buna görə professora nəinki Tovuz camaatı, hamımız minnətdarıq.

7News.Az

RƏYLƏR