Psixoloji problemləri olan gənc inəyə təpik atdığı üçün qəddarcasına döyüldü – Video+Fotolar

OXUNUB: 812 HADİSƏ

‘’Psixoloji problemləri olan qardaşım inəyə təpik atdı, inəyin sahibi onu qəddarcasına döydü’’

Bunu Bizimyol.info -ya müraciətində Cəlilabad rayon Ocaqlı kənd sakini Xəlilov Asiman Hilal oğlu bildirib.

O qeyd edib ki, hadisə may ayının 29-u Cəlilabad rayonu Ocaqlı kəndində baş verib və məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etsə də onun müraciətlərinə baxılmayıb:

"Qardaşımın psixoloji problemləri var. O dayanacaqda atamın maşınının yanında dayanıb, maşının yanından keçən inək sürüsünün maşını zədələməməsi üçün bir inəyə təpik atıb və nəticədə inəyin sahibi qardaşımı döyüb. Hadisə yaxınlığındakı marketin kameraları baş vermiş hadisəni lentə alıb. Hadisə ilə əlaqədar polisə müraciət etdik, polis tədqiqat apararaq işi müstəntiqə verdi. Tibbi ekspertizanın rəylərinə görə qardaşımın burnu sınıb, qaşı partlayıb.Qardaşım 15 il hərbi xidmət edib, onu vurmaq heç də düzgün deyil. Dəfələrlə DİN-ə, Baş Prokurorluğun qaynar xəttinə müraciət etmişəm, sübut üçün əlimdə sənədlər də var, lakin bizi hər dəfə yola veriblər. Hadisədən 45 gün keçib. Bu gün DİN-ə yenidən zəng etdik, bizə məsul şəxsin nömrəsini verdilər ki, əlaqə saxlayın sizə köməklik göstərəcəklər. Biz həmin şəxslə əlaqə saxladıq, həmin şəxs bizimlə bağlantını kəsmədən Cəlilabad rayonunun rəisini yığdı və tənbeh etdi. Qeyd edim ki, işi aparan müstəntiqin adı Şahbazov Bəhruzdur, hadisəni törədən şəxslə qohumluğu var. Hadisədən 45 gün keçdiyi üçün qardaşımın üzü sağalıb, buna baxmayaraq müstəntiq işi yenidən tibbi ekspertizaya göndərib ki, işə xitam verilsin. Qardaşımın hüquqları ciddi şəkildə pozulub, dediyim hər kəlməyə cavabdehəm. Bu gün cənab prezidentimizə teleqram vasitəsilə yazıb bildirdim ki, Cəlilabad rayonunda özbaşınalıq hökm sürür. Mən əminəm ki, cənab prezident bizə kömək edəcək və qardaşımın qanı yerdə qalmayacaq.’’

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Prokurorluq orqanına sorğu göndərilib. Sorğuya verilən cavabı dərc etməyə hazırıq.


İcmal.Az

 

RƏYLƏR