Qaçqınlara 140 min atan “QaçqınKom” işçisi cəzasından narazıdır

OXUNUB: 763 HADİSƏ

Dələduzluqda təqsirləndirilən "QaçqınKom” vəzifəlisi Gülnarə Muxtarova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

G.Muxtarova 2016-cı ilin mart ayında saxlanılıb. O, vətəndaşlar Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov daxil olmaqla ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 min manat alıb. G.Muxtarova həmin şəxslərə Qaradağ rayonu "Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnarə Muxtarova 9 il müddətinə azadlıqdan məhrum edilib. 

"QaçqınKom” vəzifəlisi hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə davam etdiriləcək. İlkin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Gülnarə Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri olub./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR