"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyi yeni layihə təqdim etdi – FOTO

OXUNUB: 51 QHT

«Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda» İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  15 aprel – 14 sentyabr 2018-cı il tarixdən «Məişət zorakılığının qarşısının alınması məqsədilə gənc qızların maarifləndirilməsi, ilkin hüquqi və psixoloji yardımın təşkili» adlı layihəsini həyata keçirdi.


      Qeyd edək ki, 2016-cı il Azərbaycanda 581 məişət zorakılığı qurbanlarının 87 %-i qadın olmuşdur. Ötən il məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18.6 faiz artaraq 51 nəfər olub.

Ailədaxili zorakılıq mövzusu cəmiyyətimiz üçün bu gün çox aktualdı və o baxımdan problemin daima müzakirə edilməsinə, onun həlli istiqamətində qadınların və hüsusi ilə gənc qızların maarifləndirilməsinə, onlar üçün ilkin hüquqi və psixoloji yardımın təşkilinə ehtiyac var.

Layihənin əsas məqsədi məişət zorakılığı qurbanı olan qadınlar və gənc qızlar üçün hüquqi və psixoloji xidmətin göstərilməsi, məişət zorakılığından müdafiə mexanizmləri haqqında maariflənmə kampaniyasının aparılmasıdır.

     «Məişət zorakılığının qarşısının alınması məqsədilə gənc qızların maarifləndirilməsi, ilkin hüquqi və psixoloji yardımın təşkili» adlı Layihənin esas tərəfdaşı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Layihə çərçivəsində Bakı, Abşeron və Gəncə şəhərində ümumilikdə 90 nəfər gənc qadın və qızlar üçün "Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda praktiki və nəzəri biliyə malik olan ekspert hüquqşünaslar Günel Səfərova və Nuriyyə Abbasova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu Aynur Veysalova tərəfindən təlimlər  keçirilmiş və layihə çərçivəsində 25 nəfər gənc qadın və qızların problemləri araşdırılmış və onların hüquqlarının müdafiəsi işi həyata keçirilmişdir və hər birinə psixoloji yardım göstərilmişdir.

      Layihəsi çərçivəsində təlimin biri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün tikilmiş "Məzun evi”ndə məskunlaşan gənc qadın və qızlar üçün keçirilmişdir.  Təlim interaktiv formada iştirakçıların sual cavabı ilə keçirilmişdir.Təlimçilər gənc qızları maraqlandıran nigahın pozulması, aliment, uşaqla ünsiyyət, doğum faktının müəyyən edilməsi, atalığın müəyyən edilməsi, əllilik dərəcəsinin müəyyən edilməsi, ünvanlı Sosial Yardımın təyin edilməsi  mövzusunda verilən sualları cavablandırmışdır.

     Məişət zorakılığına məruz qalmış  gənc qızlara krizis, psixoloji və  hüquqi yardım mərkəzləri və  məhkəmə tibb ekspertinin müayinəsindən keçmə  imkanlarının mövcud olması haqqında məlumat verildi. İlkin psixoloji söhbətlər zamanı  zorakılıq hallarının etiraf edilməsinə mane olan səbəblər də araşdırmağa cəhd göstərildi və aşağıdakı səbəblər üzə çıxdı:

  1. zorakılığa qadının (qızın) özünün həll etməli olduğu şəxsi problemi kimi baxılır;
  2. zorakılıq utancaqlıq və ya ətrafdakıların mühakimə  hissi  ilə  müşahidə olunur;
  3. zorakılıq qurbanları problemlərin həllində kiminsə onlara yardım edə biləcəyini düşünmürlər;
  4. zorakılıq haqqında kiməsə danışdığı halda baş verəcək nəticələrdən qorxu hissi yaşayırlar.

     Gender zəminində zorakılıq hər hansı şəxsin istəyinə zidd olaraq törədilən və onun gender roluna, vəzifə, ümid, imtiyaz və məhdudiyyətlərinə əsaslanan zorakılığa deyilir. Gender zəminində zorakılıq fiziki, seksual, emosional və ya sosial xarakter daşıya bilər. Gender zəminində zorakılıq demək olar ki, həmişə və bütün mədəniyyətlərdə əsasən qadın və qızlara təsir edir.

Biz bu problemi qəbul edirik və qarşısının alınması üçün zəruri istiqamətlərdən birincisi qanunvericiliklə bağlıdır. Bildiyiniz kimi,  Azərbaycan Respublikasının I vitse-prezidenti, o zaman Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu qanunun qəbul edilməsində böyük dəstəyi oldu və 2010-cu ilin 2 oktyabr tarixdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edildi. Ondan əvvəl 2006-cı ildə "Gender bərabərliyi haqqında” qanun qəbul edilmişdi. Eyni zamanda bu məsələlər ölkəmizin Konstitusiyasında öz əksini tapıb. Şərəf və ləyaqətin qorunması, yaşamaq hüququnun təmini ilə bağlı çox prinsipial, fundamental normalar var. Qadın hüquq və azadlıqları insan hüquqlarının tərkib hissəsidir və bu baxımdan bizim qanunvericilikdə məişət zorakılığının qarşısının alınması üçün zəruri olan normativ hüquqi baza var. Bu maddələr həm Cinayət Məcəlləsində, həm Ailə Məcəlləsində, həm də bayaq qeyd etdiyim qanunlarda öz əksini tapıb. Ancaq ailədaxili zorakılıq konkret olaraq bir ailəyə məxsus olan problem deyil. Bu cəmiyyətdə də ağır fiziki, emosional, sosial gərginlik yaradır. Bu baxımdan gender əsaslı zorakılığın qarşısını almaq üçün profilaktik və önləyici tədbirlər çox vacibdir və geniş maarifləndirmə prosesi davam etməlidir. Biz adətən baş vermiş faktlara münasibət bildiririk. Ancaq önəmli olan baş verə biləcək hadisələrin, ona gətirib çıxaran səbəb və şəraitin qarşısını almaqdır. Birinci məişət zorakılığının hansı formada təzahür etdiyini öyrənmək lazımdır. Bu ilk növbədə fiziki zorakılıqla müşahidə olunur. Bununla yanaşı, seksual zorakılıq, iqtisadi zorakılıq, psixoloji zorakılıq da həyata keçirilir. Bəzi hallarda fiziki zorakılıq həm də psixoloji zorakılığa gətirib çıxarır.

Məişət zorakılığına məruz qalanların cinsi tərkibinə görə statistika görərik ki, zorakılıq qurbanlarının 85,5 faizi qadınlar, 14,5 faizi kişilərdir. Əgər məişət zorakılığına məruz qalanların yaş qruplarına nəzər salsaq görərik ki, daha çox 35-39, 40-45 yaşlı qadınlar zorakılığa məruz qalır. Məişət zorakılığına məruz qalan şəxslərin ailə vəziyyətinə nəzər salsaq görərik ki, 25,7 faizini subaylar, 74,3 faizini isə evlilər təşkil edir. Məişət zorakılığına məruz qalan şəxslərin təhsil səviyyəsinə nəzər salsaq görərik ki, daha çox orta təhsil almış şəxslər zorakılığa məruz qalır- 89,8 faiz. Sosial statusuna görə bölgüyə baxsaq, görərik ki, ən çox ailədaxili zorakılığa məruz qalan evdar qadınlardır- 60,1 faiz. Məişət zorakılığını törədən şəxslərin 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir.

    Qeyd edək ki, zorakılıq qurbanlarının əksəriyyəti sosial təminatı aşağı olan insanlardır və onların yerləşdirilməsi üçün sığınacaqların sayı çox məhduddur. Avropa Birliyinə daxil olan ölkələrdə belə bir standart var ki, sığınacaqlarda hər 10 min nəfərə bir yer olmalıdır. Sığınacaqlarda hüquqi yardım, psixoloji yardım xidməti olmalıdır. Bu mənada sığınacaqlara diqqət artırılmalıdır və bu istiqamətdə fəaliyyət genişləndirməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda sığınacaq tikdirir , ancaq bu yenə də əhali sayı ilə müqayisədə çox kiçik bir qrupu əhatə edəcək.

Hesab edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də çox ciddi iş aparır. Onların təşəbbüsü ilə bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyaları fəaliyyət göstərir. Onlarında işçi qrupları cevik cavab tedbirləri həyata keçirillər. Burada icra hakimiyyəti, bələdiyyələr, sığınacaqlar, rayon qeydiyyat idarələri, psixoloqlar, sosial işçilər,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, hüquq-mühafizə orqanları, prokurorluq və məhkəmə işçiləri, məşğulluq idarələri və sosial müdafiə mərkəzləri, gənclər evləri və  səhiyyə  nümayəndələri iştirak edir. Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə "Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görülməkdədir. Məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb və burada yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin gücləndirilməsini təmin edir. Bu qurumların işini koordinasiya edən qurum kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qərar qəbuletmə səlahiyyəti genişləndirilməlidir.

Xatırladaq ki, 1993-cü il dekabrın 20-də Baş Assambleya qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəlik Bəyannamə qəbul edib və bu sənəd IV Dünya Qadınlar Konfransının platforması ilə birlikdə dünyada qadınlara qarşı zorakılıqla mübarizənin təməlini qoyub. Bu konfrans, eyni zamanda, hər bir dövlətə insan, o cümlədən qadın hüquqları və onlara zorakılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının qəbul edilməsini tövsiyə edib. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda bu istiqamətdə artıq üç strateji sənəd qəbul olunub. Bu sənədlərdən biri 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş ilk Dövlət Proqramıdır. Sonra Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə Milli Fəaliyyət Planı və 2011-ci ildə Milli Fəaliyyət Proqramı qəbul edilib ki, bu da beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sənədlər hazırda zorakılıqla mübarizə üzrə qurmaq istədiyimiz Milli Fəaliyyət Planında əsl model rolunu oynaya bilər. Belə ki, bu sənədlərin hər birində cinslərin bərabərliyi və bu bərabərliyin təmin olunması üzrə istər qanunvericiliyin təkmilləşməsi, istərsə də bərabər imkanların yaradılması ilə bağlı konkret tapşırıqlar verilir.

      Bu mənada gender əsaslı zorakılığın aradan qaldırılması qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası Əlaqələndirmə Şurasının yaradılması və bu işin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi, eləcə də bu sahədə Milli Fəaliyyət Planının qəbul olunması zəruridir.

Qeyd edək ki, bu press -reliz     «Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda» İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Məişət zorakılığının qarşısının alınması məqsədilə gənc qızların maarifləndirilməsi, ilkin hüquqi və psixoloji yardımın təşkili» layihəsi çərçivəsində hazırlanıb.

 

İcmal.Az










RƏYLƏR