Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətləri təşkil olunacaq

OXUNUB: 368 SOSİAL
"Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ gənclərinin karyera və məşğulluğü üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihənin icrasına başlayır.
 
4 ay müddətində (01 oktyabr 2021 – 01 fevral 2022-ci il tarixlərində) icra olunacaq layihə Qarabağ iqtisadi regionunun Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarında gənclərə bərabər məşğulluq imkanları yaratmaq və onların effektiv karyera qurmaları üçün zəruri bilik, bacarıq və təcrübə aşılamağı nəzərdə tutur. 
 
Layihə eyni zamanda Qarabağ gənclərinin karyera ehtiyaclarının təmin olunması və bu regionun gənclərinin məşğulluq sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdıracaqdır. 
 
Layihə nəticəsində Qarabağ iqtisadi regionunun gənclərinin karyera və məşğulluğu üzrə məlumat-konsaltinq xidmətlərinin inkişafına təkan verəcək davamlı fundamental təlim bazası və könüllü təlimçilər şəbəkəsinin qurulması da nəzərdə tutulur.
 
Layihə çərçivəsində ilk olaraq 5 rayonda gənclər arasında məşğulluğun səviyyəsi, bu sahədə real vəziyyət, karyera imkanları barədə regionun gənclərinin rəy və təkliflərilə bağlı sosioloji sorğu keçiriləcək və obyektiv hesabat hazırlanıb geniş ictimaiyyətə və aidiyyətli qurumlara təqdim olunacaq. 
 
İcra planına uyğun Ağdam, Füzuli, Tərtər, Bərdə və Ağcabədi rayonlarında hər birində 3 gün olmaqla 120 nəfər region gənci üçün "məşğulluq, karyera və işaxtarmaq imkanları" mövzularında təlim sessiyaları keçiriləcək və digər gənclər qrupları üçün məlumat-konsaltinq xidmətləri təşkil olunacaq.
 
Layihə çərçivəsində iştirakçılar və onların vasitəsilə digər həmkarları üçün "Qarabağ gənclərinin məşğulluq və karyera imkanları” adlı Yaddaş kitabçası çap olunub paylanacaq və eləcədə davamlılıq üçün qurulan 15 nəfərlik könüllü təlimçilər şəbəkəsi üzvlərinə peşəkar təlim modulları təqdim olunacaq.
 
Sosial media və şəbəkələrdə silsilə PR işləri aparılacaq, geniş ictimai reklam kampaniyası təşkil olunacaq və layihə davamlılığı olaraq Qarabağ gənclərinin məşğulluğu üçün iş təklifləri ilə əlaqədar HR funksiyalı, virtual məlumat-kadr bazası qurulacaq, regionda hökumət və özəl qurumlarla faydalı əməkdaşlıq və tərəfdaşlıq qurulacaq.

RƏYLƏR