“Qəbələ”nin sabiq futbolçusu baş məşqçisini söyüb – VİDEO + FOTO

OXUNUB: 883 İDMAN

Şotlandiyanın "Reyncers” komandasında çıxış edən "Qəbələ”nin sabiq futbolçusu Endryu Halidey qalmaqala səbəb olub.

İcmal.Az xəbər verir ki, 27 yaşlı mərkəz yarımmüdafiəçisi Şotlandiya Kubokunun yarımfinalında Qlazqo təmsilçisinin əzəli rəqibi "Seltik”ə 0:4 hesabı ilə uduzduğu görüşün 41-ci dəqiqəsində ingilis futbolçu Coş Uindassla əvəzlənməsinə sərt formada etiraz edib. 

O, "Reyncers”in 0:2 hesabı ilə məğlub durumda olduğu halda, oyundan alınmasını düzgün saymayıb və baş məşqçi Qrem Mörtinin və onun köməkçilərinin əleyhinə söyüş işlədib.

Halideyi komanda yoldaşı, "Fənərbaxça”dan tanıdığımız portuqaliyalı mərkəz müdafiəçisi Brunu Alviş çətinliklə sakitləşdirə bilib.

Oyundan sonra Qrem Mörti "Sky Sports”a açıqlamasında məsələni aydınlaşdıracağını bildirib:

"Mən baş verən hadisələrə reaksiya vermək məcburiyyətində idim. Azarkeşlərə kifayət qədər yaxın olduğumuzu düşünmürdüm. Nə oldu, bilmirəm. Əlbəttə, o, ilk hissədən əvvəl çıxdığına görə məyus olmuşdu, lakin məsələ ilə bağlı həftə ərzində onunla danışacağam. Onun mənə nə dediyindən əmin deyiləm”.

"Seltik”in sabiq futbolçusu Kris Komons isə futbolçunun ilk hissənin bitməsinə beş dəqiqə qalmış əvəzlənməsinin düzgün qərar olmadığını bildirsə də, burada "günah keçi”sinin Halidey olduğunu bildirib.

İngiltərə doğumlu şotland veteran qeyd edib ki, o, etirazını ictimaiyyətin gözü önündə yox, paltardəyişmə otağında edə bilərdi.

Qeyd edək ki, Endi Halidey ötən ilin yayında "Reyncers”dən "Qəbələ”yə bir mövsümlük icarəyə verilib. Lakin Azərbaycan Premyer Liqasında cəmi üç oyun keçirmiş Halidey oynamadığını, Qəbələdə darıxdığını və çempionatımızın səviyyəsinin aşağı olmasını əsas gətirərək yanvarda klubla icarə müqaviləsini pozaraq yenidən Qlazqo təmsilçisinə qayıdıb.

İcmal.Az

RƏYLƏR