QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

OXUNUB: 344 SOSİAL
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri maliyyə naziri Samir Şərifovun Agentliyin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsinin Agentliyin müvafiq idarəetmə strukturlarının formalaşmasındakı ləngimələrlə bağlı olması barədə açıqlamasına münasibət bildiriblər.

Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli APA-ya açıqlamasında deyib ki, Agentlik qeyri-hökumət təşkilatlarının irəli sürdüyü təşəbbüslərin, proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi üçün maksimum səy göstərib və göstərir.

Z. İbrahimli qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib və yeni qurum - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Nizamnaməsinə görə, Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir: "Bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir. Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib. Təəssüf ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilmədi. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrinin keçirə bilər. Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır. Agentlik qrant müsabiqələrinin keçirilməsi üçün öz üzərinə düşən vəzifələrin icrasına çox məsuliyyətlə yanaşıb, QHT-lərə Dövlət Dəstəyi Şurasının praktikası təhlil edilib, təkmilləşdirilmələr aparılıb. Qrant müsabiqəsi elanı verilməsinə hazırlıqla bağlı qərar verib, bunu açıqlayıb. Qrant mövzularını QHT-lərlə məsləhətləşərək müəyyən edib. Elektron resurslarını yeniləyib, yeni qrant siyasətinin layihəsini hazırlayıb. Yeni qrant siyasəti sənədinin son variantının hazır olması üçün də Nazirlər Kabinetinin qərarlarını gözləyirik. Agentliyin strukturu formalaşıb, işçi sənədlər qəbul olunub”.

Agentliyin Müşahidə Şurasının üzvü qeyd edib ki, Agentlik bir çox halda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır: "Lakin bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyəti izah edək”.

Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova APA-ya açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının davamı deyil: "Şura ləğv olunub, Agentlik isə yeni yaranıb. Agentliyin də ancaq Müşahidə Şurası təsdiqlənmişdi. Qurum ləğv olunanda avtomatik onun işçiləri də işdən çıxarılır və Katiblik olmur. Yeni qurum formalaşanda bütün struktur yeniləşir, həm də onun hesabı yeni olur. Yəni yeni bir qurum üçün tələb olunan qaydalar buna şamil olunur. Agentliyin ştat cədvəlinin təsdiqi sentyabr ayına qədər çəkdi. İşçi ştat heyəti 40 nəfərdən 20 nəfərə salındı. İşə götürmə prosesi, fərmandan da irəli gələrək Şuranın köhnə işçilərinin işə bərpası məsələsi və s. zaman alan prosesdir. Digər tərəfdən, meyarlarla bağlı sənədlər də hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bunların hamısı təsdiqləndikdən sonra Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri qrant müsabiqəsi elan etməkdir. Bu proseslər hamısı başa çatandan sonra qrant müsabiqəsi elan edəcəyik. Biz də istəyirik ki, bu ilin büdcəsi geri qayıtmasın. QHT-lər bir ilə yaxındır ki, dövlət dəstəyindən çox az faydalanır. Agentlik olaraq biz də maraqlıyıq ki, qrant müsabiqəsi elan edək və QHT-lər öz istiqamətlərinə uyğun fəaliyyət göstərsin. Burada Agentliyin hədəf göstərilməsi doğru deyil. Biz tələb olunan sənədləri vaxtından tez hazırlayaraq təqdim etmişik. Mənim özümə də təəccüblü oldu ki, nə üçün Maliyyə Nazirliyi tərəfindən hədəf olaraq Agentlik göstərilib”.

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov APA-ya açıqlamasında bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirib. Maliyyə naziri deyib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: "Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.

RƏYLƏR