QHT Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

OXUNUB: 961 GÜNDƏM QHT SOSİAL
İyunun 29-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin kiçik, orta və böyük məbləğli qrant müsabiqələri üzrə siyasətinin (müsabiqənin şərtləri, meyarları və s.) müəyyənləşdirilməsi haqqında müzakirələr aparılıb, bununla bağlı müvafiq sənədin hazırlanması üçün Müşahidə Şurasının üzvlərindən ibarət işçi qrup təşkil olunub. Qısa müddət ərzində sözügedən meyarların müəyyən olunması ilə bağlı sənədin hazırlanması tapşırılıb.

İclasda Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərin qrafiki təsdiqlənib. Qərara alınıb ki, sahəvi QHT-lərlə onlayn görüşlərin intensivliyi artırılsın və daha çox təşkilatların belə görüşlərə dəvət olunması təmin edilsin.

Həmçinin, Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görüləcək işlər sənədinə yenidən baxılıb, müzakirələr əsasında əlaqələndirilən fəaliyyət istiqamətləri sırasına QHT koalisiyaları, resurs mərkəzləri və platformalarla işin də əlavə edilməsi qərara alınıb.

Sonda Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel 1317 nömrəli Fərmanından irəli gələn məsələlərə bir sıra məsələlərə baxılıb.
Müzakirələr əsasında Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, habelə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı nəzərdə tutulan sənədlər üzrə Müşahidə Şurasının müvafiq işçi qrupu tərəfindən hazırlanan təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

RƏYLƏR