“QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” mövzusunda konfrans keçirilib - Çıxışlar

OXUNUB: 767 SOSİAL
Bu gün Quba rayonunda "QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri" adlı konfrans keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təşkil olunan tədbirdə ölkənin media orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biridir və vətəndaş cəmiyyətinin inkişafının yeni mərhələsinin əsasını qoyub.

Tədbirin ilk məruzəçisi, Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud QHT-KİV münasibətlərindəki problem və inkişaf meyillərindən danışıb.

"QHT-KİV münasibətlərində inkişaf meylləri və yeni tələblər” mövzusunda məruzə ilə çıxış edən Elməddin Bebud QHT-lərlə medianın səmərəli əlaqələrinin, əməkdaşlığının qurulmasında hər iki tərəfin üzərinə məsuliyyətin düşdüyünü, ancaq bu sahədə qeyri hökumət təşkilatlarının peşəkarlığından irəli gələn məsələlərdən asılı olaraq onların üzərinə daha artıq məsuliyyət payının düşdüyünü qeyd edib. 

Ən yeni medianın qeyri-hökumət təşkilatlarının ictimaiyyətlə əlaqələrinin qurulmasından danışan Elməddin Behbud QHT-lərin sosial şəbəkə imkanlarından daha da effektiv istifadə etməsi ilə həyata keçirdikləri layihələr haqqında ictimaiyyəti hər hansı KİV-in yardımı olmadan artıq məlumatlandırmaq imkanına sahib olduğunu deyib. 

Şuranın qhtxəbər.az saytından və Vətəndaş cəmiyyəti jurnalının fəaliyyətinə toxunan Behbud bütün QHT-lərin fəaliyyətini hər iki mətbu orqanın ötən 9 il ərzində fasiləsiz və təmənnasız şəkildə işıqlandırdığını deyib: 

"Vətəndaş cəmiyyəti jurnalı hər ay nəşr olunmaqla hər nömrəsində 60-a qədər məlumat, xəbər və müsahibəni özündə cəmləşdirir. QHT xəbər isə gündəlik 100-ə yaxın məlumat yayımlayır ki, bunun da 60-70-i QHT-lərin  bilavasitə fəaliyyəti ilə bağlıdır.

Düşünürəm ki, QHT-lər sosial şəbəkələrin imkanlarından peşəkarca istifadə eləməklə KİV-dən olan asılılıqlarını asanlıqla aradan qaldıra bilərlər. Əlbəttə ki, hər bir QHT çox yaxşı olardı ki, ictimaiyyətlə əlaqələr bölməsi və ya koordinatora malik olsun. Ancaq hətta bunlar olmasa belə QHT-lərin hazırladıqları məhsul, yəni həyata keçirdiyi layihənin  ideya məzmun xüsusiyyətləri ictimai aktivliyi yüksək olduğu halda, təbii ki, KİV ona maraq göstərəcək və onu öz səhifələrində işıqlandıracaq”.
 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov isə bildirib ki, QHT-lər ictimaiyyəti narahat edən problemlərin həllində önəmli rol oynayır. O qeyd edib ki, QHT-lərin həyata keçirdiyi layihələr, o cümlədən layihə çərçivəsində görülən işlərin geniş auditoriyaya çatdırılması üçün KİV-lə əlaqələrin effektiv qurulmasının əhəmiyyətini xüsusi vurğulayıb.
 
Konfransda "QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, hazırda sosial media vətəndaş cəmiyyətinin nümayəndələri üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, QHT-lər layihələr çərçivəsində görülən işlər barədə sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya məlumat verə bilərlər

RƏYLƏR