QHT-lərin korrupsiya ilə mübarizədə rolunun artırılması məsələsi müzakirə olunub

OXUNUB: 135 GÜNDƏM SOSİAL
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda "dəyirmi masa” keçirib.

Toplantıda Agentliyin Müşahidə Şurasının icraçı direktoru və üzvləri, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak edib.

"Dəyirmi masa”nı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı söylədiyi fikirlər vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyub: "Ona görə də biz hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Hesab edirəm ki, bizdən gözlənti də budur”.

Daha sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov qeyd edib ki, uzun müddətdir sosial və ənənəvi mediada ictimai nəzarət və korrupsiya məsələsi müzakirə olunur. "Bu istiqamətdə işlər də davam etdirilir”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə çıxışı zamanı Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib: "İctimai nəzarət bütün dövlət qurumlarını əhatə etmir. Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu, ən yaxın ünsiyyət və problemləri ən dəqiq şəkildə çatdırmaq imkanı deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmalıdır”.

Daha sonra Agentliyin Müşahidə Şurasının digər üzvlərinin və QHT təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib. Onlar korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin fəallıq nümayiş etdirdiyini bildirib, bundan sonra bu cür fəaliyyətin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndiriblər.

Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.
 

RƏYLƏR