QHT sektoru ilə bağlı yeniliklər və islahatlar zərurətdir – ARAŞDIRMA

OXUNUB: 692 QHT

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bugünümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. 30 ildə qüdrətli ölkəyə çevrilən, dünyada öz mövqeyini cəsarətlə bildirən, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilmişdir.

Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz 1990-cı illərin əvvəlləri yada düşür. Xalqımız o vaxt milli dövlətçiliyini bərpa etsə də, çoxlu mənəvi sarsıntılara məruz qalaraq, böhranlı, ağrılı-acılı, faciəli günlər yaşayıb. 1993-cü ildə ölkədə ictimai-siyasi sabitlik təmin edilib. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlanıb.

Müasir dövrün ən çox işlədilən sözlərindən biri də "vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir.

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.

Bu gün ölkəmizdə Vətəndaş Cəmiyyəti quruculuğunda hansı proseslər gedir və qarşıda bizi hansı sınaqlar gözləyir?

 

7NEWS.az olaraq mövzunu Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, "Virtual Qarabağ” İnormasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyevlə genişmüzakirə etdik: "Doğru qeyd edirsiniz ki, vətəndaş cəmiyyəti dedikdə açıq, demokratik, şəffaf cəmiyyət nəzərdə tutulur ki, bu anlayışın da mərkəzində insan, vətəndaş, şəxsiyyət faktoru dayanır. Başqa sözlə desək, bu cəmiyyət vətəndaşların maraqlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir. Həmçinin vətəndaş cəmiyyəti insanların dövlətin idarəetmə prosesində qərarların qəbulunda və həyata keçirilməsində fəal iştirakı ilə bu proseslərə təsir etmək imkanına malik olduğu cəmiyyətdir. Vətəndaş cəmiyyəti institutları bəzilərinin başa düşdüyü kimi, dövlətin idarəçiliyini və tənzimləyici rolunu inkar etmir, əksinə dövlətin və özəl sektorun imkanlarının yetmədiyi sahələrdə iqtisadi, ictimai - siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi problemlərin həllində yaxından iştirak etməklə cəmiyyətin, dolayı yol ilə dövlətin də güclənməsinə töhfə verir. Vətəndaşların mülkiyyət hüquqlarını müdafiə etməklə özəl sektorun da inkişafında rol oynayır. Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə, dövlətin maraqlarına xidmət edir, dövlətlə vətəndaşların maraqlarının uyğunlaşmasına, şəfaf idarəetmənin inkişafına kömək edir.

XX əsrin 90 – cı illərinin əvvəllərində Azərbaycanın xarici təcavüzlə üz- üzə qaldığı, dövlət idarəetməsində xaosun hökm sürdüyü və vətəndaş müharibəsi təhlükəsinin olduğu bir zamanda ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesi də ləng gedirdi. 1993 - cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra başqa sahələrin olduğu kimi, vətəndaş cəmiyyətinin quruculuğuna olan inam artdı və onun gələcək inkişafına əlverişli zəmin yarandı. Qeyd etdiklərimizə nümunə kimi, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsini göstərə bilərik. Konstitusiya həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənəd idi. Konstitusiyanın 54– cü və 58 – ci maddələrində vətəndaşların cəmiyyətin və dövlətin həyatında iştirak hüququ və siyasi partiya, ictimia birlik və s. yaratmaq hüququ əksini tapdı.

1995 – ci ildən başlayaraq vətəndaş cəmiyyətinin struktur elementlərindən və vacib elementlərindən olan Qeyri – Hökumət Təşkilatları da müasir tələblərə və beynəlxalq standartlara uyğun olaraq təşkil olunmağa başlandı. Gənclər təşkilatlarının sayı artdı. 2000 – ci illərdən başlayaraq QHT – lərlə bağlı bir neçə qanunlar, konsepsiyalar, hüquq - normativ sənədlər qəbul olundu. "Qrant haqqında” Qanun (17 aprel 1998-ci il) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun (13 iyun 2000-ci il), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun (12 dekabr 2003-cü il) "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin konsepsiyası" (27 iyul 2007-ci il), "Könüllü fəaliyyət haqqında” Qanun (9 iyun 2009-cu il), "İctimai iştirakçılıq haqqında” Qanun (01 iyun 2014-cü il), Nazirlər Kabinetinin qərarları və digər hüquq - normativ sənədlər QHT-lərin yaranması, təşəbbüsləri və onların həlli ilə bağlı həyata keçirilən fəaliyyətləri tənzimləyir. Lakin zaman keçdikcə bu qanunlar köhnəlir və onlara yenidən baxılması zərurəti yaranır.

QHT sektoruna Dövlət dəstəyi istiqamətində addımlar atıldı, Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurası, müxtəlif fondlar yaradıldı. QHT- hökumət münasibətləri yeni mərhələyə qədəm qoydu. Bu mərhələni milli donor institutlarının yaranması mərhələsi kimi səciyyələndirmək olar. Əlbəttə niyyət və məram müsbət idi. Məqsəd dövlət və ictimai sektor arasında əməkdaşlığın səmərəli modelini qurmaq, cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına nail olmaq, dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən xarici donor institutlarının fəaliyyətlərinin qarşısının alınması idi. Lakin qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olundu?

Azərbaycanın ilk milli donor institutlarından biri kimi yaranan QHT- lərə Dövlət Dəstəyi Şurasının xətti ilə həyata keçirilən bir sıra əhəmiyyətli layihələri bildirməklə yanaşı, qeyd etməliyik ki, kiçik məbləğlərlə icra olunan layihələrin əksəriyyəti ictimai problemlərin həlli istiqamətində effektiv nəticəliyi ilə seçilmədi, QHT – lərin özlərinin belə inkişafına xidmət etmədi. Vaxtilə dövlətin ictimai sektorla əməkdaşlıq mexanizmi kimi yaradılan Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının əldə etdiyi nəticələri qeyd etməklə yanaşı, bildirməliyik ki, onun səlahiyyətləri, funksiyanallığı və hüquqi statusu son illərdə cəmiyyətin mövcud çağırışlarına və gözləntilərinə cavab vermədi, QHT sektorunun problemlərinin həlli üçün kifayət etmədi. Deməli, düzgün mexanizmlər tətbiq olunmadı. Bu mexanizmlər QHT sektorunda illərdən bəri yığışıb qalmış problemlərin səmərəli həlli üçün yetərli deyildi və QHT – lərə Dövlət dəstəyi sahəsində şəffaflığa, yeni yanaşmaya və yeni quruma ehtiyac yaranmışdı. Xüsusilə də Vətən müharibəsi dövründə bir sıra QHT – ləri çıxmaq şərti ilə, əksər QHT- lər öz fəallığı və informasiya müharibəsinə gerçək dəstəyi ilə yadda qalmadı. QHT – lər Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar tempi ilə ayaqlaşa bilmədi. Bunun səbəbləri bir tərəfdən yerli donor institutlarının verdiyi maliyyə resurslarının istənilən səviyyədə olmaması, QHT – lərin özlərində təşəbbüskarlığın və yeni yanaşmanın zəif olması, digər tərəfdən isə qanunvericilikdə olan müəyyən vaxtı keçmiş məhdudiyyətlərin olması idi. Son illər ərzində QHT – lər tərəfindən həyata keçirilən dövlət və cəmiyyət üçün, ölkəmizin inkişafının prioritet istiqamtlərinə uyğun hansı əhəmiyyətli, fərqli, innovativ, startap mahiyyətli, beynəlxalq miqyaslı layihə yadda qalıb? Olsa da barmaqla sayılası həddədir. Beynəlxalq şəbəkələrə və platformalara üzv olan, beynəlxalq uğurları ilə sevindirən QHT – lərin də sayı azalıb. Halbuki, qrantların az olduğu 90 – cı illərin sonu və 2000 ci illərdə belə uğurlara daha çox sevinirdik. Ölkədə 4000 – dən çox QHT – nin qeydiyyatda olmasına baxmayaraq, onların əksəriyyəti demək olar ki, fəaliyyət göstərmir.

Bu gün QHT sektorunda ciddi problemlərin olduğu gün kimi aydındır. Problemlərin həlli üçün Prezident İlham Əliyevinfərmanına əsasən, "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradıldı. Bu QHT sektorunun inkişafı üçün yeni mərhələnin başlanğıcı, yeni fürsətlərin və yeni perspektivlərin açılması deməkdir. QHT sektorunda illərdən bəri yığışıb qalmış problemlərin səmərəli həlli üçün bu sahədə müvafiq islahatların həyata keçirilməsi zəruriliyi meydana çıxmışdır. Xüsusilə də, Vətən müharibəsində əldə olunan tarixi qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması fonunda qələbələrimizi daha da möhkəmləndirmək, dünyada milli maraqlarımızı daha güclü şəkildə qorumaq, qarşıda duran yeni müasir inkişaf strategiyasına uyğun olaraq QHT sektorunun da canlanması istiqamətində islahatların həyata keçirilməsi qaçınılmazdır. Xüsusilə, Azərbaycan dövlət büdcəsi hesabına verilən qrantlara münasibətdə QHT- lərdən tələb olunan müxtəlif sənədlər, layilərin qeydiyyatı ilə bağlı bildirişlər ləğv edilməli, dövlət büdcəsindən ayrılan vəsait hesabına regionlarda icra olunan layihələrə görə alınan icazə proseduru sadələşdirilməli, QHT – lərin bank əməliyyatlarına qoyulmuş müəyyən məhdudiyyətlər aradan qaldırılmalı və QHT- lərə verilmiş bildirişlər əsasında deyil, vahid baza məlumatları əsasında həyata keçirilməli, QHT - lərin dövlət qeydiyyatı asanlaşdırılmalı, dövlətreyestrindən çıxarışlar elktron qaydada verilməli və bütün bu istiqamətlərdə qanunvericilikdə dəyişikliklər edilməlidir. İslahatlar QHT sektorunu gücləndirməklə yanaşı, daxili tərəqqiyə və milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda QHT- lər dövlətimiziin təhlükəsizliyi və cəmiyyətimizin inkişafı məsələlərində dövlətin etibarlı və sağlam tərəfdaşına çeviriləcəkdir.

QHT – lərə Dövlət Dəstəyi Agentliyinin hüquqi statusu konkret və aydındır, səlahiyyətləri və müstəqilliyi isə daha çoxdur. Agentliyə daha əlavə funksiyalar və səlahiyyətlər verilə bilər ki, bu da QHT-lərin maliyyə resurslarının şaxələnməsi üçün yeni mexanizmlər formalaşdıra bilər. Çünki QHT- lər məhdud resurslarla və ya yalnız dövlət dəstəyi ilə təşəbbüslərini reallaşdıra və əhəmiyyətli proqram və layihələr icra edə bilməz. Bu həm də Agentliklə QHT – lər arasında əməkdaşlığın daha səmimi və peşəkar səviyyəyə gətirilməsi üçündür. Agentliyin qarşısında duran əsəs vəzifələrdən biri də, QHT – lərin institusional inkişafına nail olmaq, layihələrin qəbulu və hesabatlılığını maksimum sadələşdirməkdir. Bu sahədə problemlər kifayət qədərdir. Əksər QHT- lərin maddi – texniki bazası zəif və ofis şəraitləri yox dərəcəsindədir. Yerli donor institutları tərəfindən ayrılan vəsaitlər azdır və QHT- lərin təcrübəsinə və səriştəsinə uyğun olaraq, ədalətli bölünmür. Ölkəmizdə fəaliyyət göstərən donor təşkilatları tərəfindən tələb olunan proqram və maliyyə hesabat sənədlərinə dair tələblər də yetərincə ağırdır. QHT- lərdən xərclərin təsdiqedici sənədlərindən əlavə, lazımsız sənədlərin tələb olunmasına dair çox sayda nümunələr göstərmək heç də çətin deyil. Bununla da donor təşkilatları QHT – lərin narazılığına səbəb olmaqla yanaşı, həm də mövcud qanunvericilik tələblərini də pozmuş olurlar. Halbuki, donorlar tərəfindən əsas diqqət QHT- ləri həddindən artıq hesabtlılıqla yükləməyə deyil, onların layihə ideyalarının effektiv icrasına və nəticəliyə yönəlməlidir.

Dövlətimiz, Azərbaycandademokratik, hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi QHT- lərin inkişafında maraqlıdır. Çünki güclü və inkişaf etmiş QHT sektoru dövlət və cəmiyyət üçün vacib olan bir çox məsələlərin həllində iştirak edə bilər. Bu isə ölkəmizin inkişafına və cəmiyyətimizin stabilliyinə töhfə verər. Güclü və inkişaf etmiş QHT sektorunun olması üçün biz haradayıq, biz hara gedirik və biz məqsədə doğru hansı yolla gedirik suallarına cavab tapılmalı, hərtərəfli düşünülmüş inkişaf istiqamətləri, strateji məqsəd və planlar müəyyən edilməlidir. Hədəflərdən ən başlıcası QHT sektorunun Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunmasında rolunun artırılmasıdır. QHT – lərin özlərinin inkişafı, potensiallarının gücləndirilməsi, onların fəaliyyəti üçün əlverişli hüquqi mühitin formalaşdırılması da əsas hədəflərdəndir. Bu baxımdan qeyd etdiyimiz qanunlara yenidən baxılmalı, yeni çağrışlara uyğun olaraq əlavə və dəyişikliklər edilməlidir. Digər tərəfdən QHT – lərin öz üzərinə də vəzifələr düşür. Səmimi olaraq qeyd edək ki, QHT- lər hər şeyi dövlətdən gözləməməli, öz üzərilərində işləməli, fəaliyyətlərini müasir səviyyədə qurmalıdırlar. Dövlət və cəmiyyət üçün maraqlı, təkrarçılıqdan uzaq təşəbbüslərlə çıxış etmək, fond axtarışı, ictimaiyyətə hesabatlılıq və şəffaflıq məsələlərində yeni yanaşmalar ortaya qoyulmalıdır.

Son vaxtlar QHT – lərdən gələn sual və təkliflərdən bir çoxu QHT – lərin dövlət qeydiyyatı prosedurlarının sadələşdirilməsi, xarici donorların Azərbaycanda qrant vermək hüququnun əldə edilməsinin yumşaldılması ilə bağlıdır. Əlbəttə QHT – lər bu haqda düşünə bilərlər. Onlar əlavə və daha yüksək maliyyə resusrlarının əldə olunmasını, ölkəyə əlavə vəsaitin daxil olmasını istəyirlər. Lakin unutmaq olmaz ki, ölkəmizin rifahı və təhlükəsizliyi onun hər bir vətəndaşı üçün daha önəmli olmalıdır. Bu baxımdan, mənfi reputasiyalı, milli və dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən xarici donor təşkilatların deyil, rəsmi beynəlxalq təşkilatların və qurumların, əsasən ölkəmizin sosial – iqtisadi, humanitar sferasının inkişafına, xüsusilə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa prosesinə real töhfə verə biləcək xarici donor institularının fəaliyyəti ilə bağlı müzakirələr aparmaq mümkündür.

Əsas məslələrdən biri də QHT – lərin dövlət sektoru ilə yanaşı, özəl sektor ilə də əməkdaşlığının gücləndirilməsidir. Etiraf edək ki, ölkəmizdə özəl sektor və QHT sektorunun əməkdaşlığı müəyyən nümunələri istisna etsək, lazımi səviyyədə deyil. Bir məsələni də qeyd etmək lazımdır ki, bir çox özəl sektor təmsilçiləri korporativ sosial məsuliyyət məsələsində şəffaf deyillər. Onlar yalnız tanıdıqları QHT – lərlə ianə və qrantlar ayırır və ictimaiyyətə hesabat vermirlər. Bu isə digər QHT – lərə münasibətdə ədalətsizlik və müsbət təşəbbüslərin kənarda qalması deməkdir. Bu məsələ ilə bağlı mövcud müsbət praktikanı təşviq etməklə yanaşı, dünyada olan yeni təcrübəni də öyrənmək, özəl sektorla əməkdaşlığın dayanıqlı əsaslarını yaratmaq, qanunvericilikdə təşviqedici müvafiq dəyişkilər etmək və yeni mexanizmlər işləyib hazırlamaq lazımdır. QHT – lər tərəfindən layihə və proqramların həyata keçirilməsində özəl sektorun iştirakının təşviqi ilə bağlı dövlət qurumları, özəl sektor və QHT sektorunun nümayəndələrinin iştirakı ilə müzakirələr və məsləhətləşmələr aparmaq əhəmiyyətli olardı. QHT – lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əməkdaşlığın stimullaşdırılması və inkişafı istiqamətində də önəmli addımdır.

QHT – lərin ictimai nəzarət və ictimai iştirakçılığın həyata keçirilməsində rolunun artırılması aktual məsələlərdəndir. QHT – lərə Dövlət Dəstəyi Agentliyinə ictimai nəzarətin təşviqi və İctimai şuraların fəaliyyətinin dəstəklənməsi istiqamətində verilən müvafiq səlahiyyətlər dövlət qurumlarında idarəetmə prosesində şəffaflq və hesabatlılığın artmasına ciddi töhfə ola bilər. Lakin QHT – lərin ictimai nəzarət prosesi və ictimai iştirakçılıqla bağlı fəaliyyətlərində ciddi problemlərin mövcudluğunu müşahidə edirik. Son aylarda müxtəlif dövlət qurumları yanında İctimai şuralara seçkilərdə baş verənlər, İctimai şuralarla bağlı yeni ciddi mexanizmlərin işlənib hazırlanmasını zəruri edir. Əvvəllər QHT – lər dövlət qurumlarını İctimai şuraları yaratmamaqda günahlandırırdılar və bu istəklərində də haqlı idilər. Lakin sonradan tərsinə prosesin şahidi olduq. Dövlət qurumları İctimai şuraların yaradılmasını sürətləndirdilər. İndi dövlət qurumları İctimai şuralara seçilən QHT nümayəndələrinin qeyri – peşəkarlığından, sahəni bilməməsindən, işləməməsindən şikayət edirlər. İctimai şuralara keçirilən seçkilər zamanı neqativ hallara yol verilməsi, QHT- lərin yaratdığı qruplaşmalar vasitəsi ilə sahəni bilən adamların kənarda qalması, sahəni bilməyən adamların İctimai şuralara seçilməsi, İctimai şuralara seçkilər zamanı lazımsız, vaxt və resurs aparan 50+1 baryerinin mövcudluğu məsələləri də QHT – lərin özləri və Dövlət qurumları tərəfindən edilən şikayətlərdəndir. Bakıda və regionlarda təsadüfi adamların ictimai nəzarət adı altında neqativ fəaliyyətlə məşğul olması, heç bir qanuni əsas olmadan müxtəlif İctimai nəzarət şəbəkələrinin, təşkilatlarının yaranması və qeyri- obyektiv fəaliyyət göstərməsi əhəmiyyətli İctimai nəzarət prosesini gözdən salan və QHT – lərin imicinə zərər verən məsələlərdəndir. Bu vəziyyətdən yeganə çıxış yolu "İctimai iştirakçılıq haqqında” Qanuna və Nazirlər Kabinetinin uyğun əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi, ictimai iştirakçılıq və ictimai nəzarət fəaliyyətləri üçün yeni hüquqi - tənzimləyici, intitusional, konsultativ mexanizmlərin işlənib hazırlanmasıdır. Görünən odur ki, ictmai iştirakçılıq prosesi gələcəyin prosesdir. Onun normal məcraya yönəlməsi üçün zamana ehtiyac vardır.

Bilirsiniz ki, bu gün ölkəmizdə fəaliyyət göstərən müxtəlif dövlət qurumları, fondlar do­nor qismində QHT – lərin proqram və layihələrin maliyyələşməsində iştirak edir. Lakin, bu QHT – lərin əhəmiyyətli ideyalarının, təşəbbüslərinin dəstəklənməsi üçün kifayət edirmi? Əlbəttə xeyr. Müşahidə olunur ki, QHT- lərin əksəriyyətinə ideyalarının, layihələrinin fərqinə varmadan eyni məbləğdə qrantlar verilir. Verilən bu kiçik məbləğlərlə icra olunan layihələrin əksəriyyəti ictimai problemlərin həlli istiqamətində effektiv nəticəliyi ilə seçilmir və dövlət büdcəsindən ayrılan vəsait məqsədyönlü və səmərəli şəkildə istifadə olunmur. Bu baxımdan kiçik, orta, böyük təşəbbüs və layihələri fərqləndirmək və fərqli maliyyələşdirmək daha ədalətli olardı. Bu səbəbdən QHT – lərə Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının layihələrinin dövlət büdcəsinin vəsaiti hesabına effektiv, səmərəli, şəffaf, ədalətli, aktuallığı və əsas ehtiyacları nəzərə alan qrant maliyyələşdirilməsisisteminin yaradılması üzərində çalışır. Bu, həm də QHT- lərin inkişafı ilə bağlı sağlam rəqabət mühirinin formalaşmasına və onların öz ideyalarını realizə etməsinə şərait yarada bilər. Bu siyasət çərçivəsində Agentliyin Kiçik, Orta və Böyük Qrantlar Proqramlarının hə­ya­ta ke­­­çirilməsi nəzərdə tutulur.

Diqqət yetirilməli olan məsələlərdən biri də siyasi təşkilatların rəhbərliyində təmsil olunan şəxslərin eyni zamanda QHT rəhbərliyində də təmsil olunmasıdır. Bu düzgün deyil, QHT prinsiplərinə və Azərbaycan qanunvericiliyinə ziddir. İnsan hüquq və azadlığı prinsipi ilə məsələyə yanaşanlar da var. Lakin QHT rəhbəri hər hansı bir siyasi partiyanın məqsəd və məramlarına xidmət edirsə, onun sözçüsü kimi çıxış edirsə, həyata keçirdiyi layihə və proqramlar vasitəsilə partiyanın siyasətini təbliğ edirsə, bu yolverilməzdir. Bir şəxsin bir neçə sektorda işləməsinin əleyhinə deyilik. Lakin onların özləri üçün də daha peşəkar olduğu sahədə çalışmaq və nəticələr əldə etmək faydalı olardı.

Regionlarda QHT institutunun vəziyyəti qənaətbəxş deyil. Bəzi aktiv QHT–ləri çıxmaq şərtilə, regionlardakı QHT- lərin əksəriyyəti passivdir və yerli icra hakimiyyəti orqanlarından asılıdır. Regionlarda QHT–lərin qeydiyyatı, donor institutlarına çıxışı, institusional inkişafı, ictimai iştirakçılıq fəaliyyəti ilə bağlı kifayət qədər problemlər mövcuddur. Regionlarda QHT institutunun güclənməsi heç şübhəsiz ictimai təşəbbüskarlığın və şəffaflığın artmasına, idarəetmə prosesinin təkmilləşməsinə və inkişafına, vətəndaş məmnunluğunun artmasına müsbət təsir göstərər. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə QHT–lərə Dövlət Dəstəyi Agentliyinin idarə, filial və nümayəndəliklərinin yaradılması imkanları gələcəkdə regionlarda da QHT sektorunun inkişafına təkan verəcəkdir.

Beləliklə, QHT sektorunda illərdən bəri yığışıb qalmış problemlərin səmərəli həlli üçün bu sahə ilə bağlı yeni yanaşma və müvafiq islahatların həyata keçirilməsi zəruriliyi meydana çıxmışdır. İslahatlar QHT sektorunun güclənməsinə və cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcək.”

 

7NEWS.az

Mənsur Mustafayev

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4


 

 

RƏYLƏR