"Qızım saçımdan tutub ağzıma tüpürdü, sonra başımı soxdu..." - Yaşlı anadan DƏHŞƏTDOLU ETİRAF

OXUNUB: 1670 SOSİAL
Axşamüstü onu İçərişəhər" metrosu yaxınlığında gördüm. Ağbəniz, arıq, üzü nurlu, qonur göz, ahıl  qadın idi.  Hamıdan kənara çəkilib, dıvarın bir küncünə sıxılmışdı. Başını aşağı salıb, ovucunu yoldan keçən insanlara açmışdı. Başında nimdaş şal, əynində qara uzun palto  var idi.  Üzündəki nur məni ona tərəf çəkdi. Bir qədər onun  yanında oturdum. Maraq məni bürümüşdü, onu diqqətlə izləməyə başladım. Dərdli qadına oxşayırdı. Üzündən keşməkeşli və acınacaqlı həyat sürdüyü hiss olunurdu. Dodağının altında öz-özünə nəsə mızıldanır, astadan ağı deyib ağlayırdı. Hava da soyuq, küləkli idi. Qadın soyuqdan tir-tir titrəyirdi. Ona baxdıqca kövrəlirdim... Yanından ötüb keçənlər ona biganə qalmırdı. Kimisi gözucu baxıb başını bulayır, kimisi də rəhm dolu baxışlarla baxıb,  ovcuna qəpik qoyurdu. 

Sfera.az 65 yaşlı Səlimə xalanın (ad şərtidir- red.) başına gələnləri və yaşadığı ağrılı-acılı həyat hekayəsini oxuculara təqdim edir:

-  Ay xala, çoxdan dayanmısan burda?
- Yox...

Ovcunu yumub gözünün yaşını sildi. Sonra isə üzümə baxıb "ay, qızım sorğu-sual etmə, indi polislər görsə məni qovacaq. Qoy, yerimdə dinməz-söyləməz oturub, 5-10 manatımı dilənib, çıxım gedim",-  dedi. 

Mənsə "narahat olma, sənə mane olmaq istəmirəm. Sakitcə yanında dayanıram ki, heç kimin səninlə işi olmasın", -dedim. Yenə inadından əl çəkməyib davam etdi...

- (Hikkə ilə) Yox, get. Görsələr elə biləcəklər ki, sən diləndirirsən məni.

- Ay xala, sənin övladın, həyat yoldaşın yoxdu?
- Aman-zaman bir qızım var. Ərim on ildir türmədədir, bir ili qalıb çıxacaq. Qızımın da bir oğlu var. İkisinə də mən baxıram (başını yelləyib mızıldanır).
 
 

- Qızın bilir diləndiyini?
- Hə... Niyə bilmir ki? Elə məni dilənçiliyə salan odu da. Özü kefində-damağında, məni küçələrə salıb diləndirir. Gündə bir kişinin yanındadı, öz aləmində... Birini də doğub üstümə atıb. Özün böyüdüb bal tutdum, balasın böyüdüb qaymaq tutacam. Amma uşaq yaxşı uşaqdı. O uşağa görə məcburam, körpədi də aclığa dözümü yoxdur. Bir tərəfdən də yaxşı ki, o uşaq var. Olmasa ürəyim partlayar. Mən yazığın təsəlləsidir (kövrəlir).

Söhbətin bu yerində cavan bir oğlan qadının ovcuna bir manat pul qoydu. Qadının gözlərinə işıq gəldi. Oğlanın ardınca, əllərin qaldırıb dua etməyə başladı. Duanı bitirdikdən sonra söhbətə davam etdik:

- Bəs, əri hardadı?
- Qızım ruhi xəstədir. O vaxt ərim tutulandan sonra birinə qoşulub qaçdı. Heç kimə qulaq asmadı, heç doğma anası mənəm, məni saymadı. Qaçdığı oğlan bilmirdi bunun xəstə olduğunu. İki il bir yerdə yaşadılar, ancaq yola getmədilər. Qızımın bir oğlu oldu, yenə bunlarda alınmadı. Məcbur qalıb qızı götürüb gətirdim. Ərin də qınamıram, onun gic-gic hərəkətlərindən boğaza yığılmışdı. Nəsə, qara günlərim qızımı gətirəndən sonra başladı. Yoxsa öz başımı saxlayırdım da, kişinində yanına arxayın gedib-gəlirdim. Onu gətirəndən sonra hər şeyin yükü boynuma düşdü. Uşağı böyütmək, evin kirayə pulunu vermək, yeyib-içmək, bir sözlə hər şey. Heç qızımı gətirəndən sonra başı batmış əri bir dəfə də olsun  arvadı cəhənnəm, uşağıyla maraqlanmadı. Əksinə, acığa heç beş gün keçməmiş üstünə arvad gətirdi. Bu da onun heyfini məndən çıxmağa başladı. Ən böyük zülmü mənə elədi. Bunları saxlamağım bir yana, məndən gündəlik pul da tələb edirdi. 

Söhbət zamanı yolun kənarında polis maşını dayandı. Arvad əlimdən tutub ayağa qalxdı və yavaş-yavaş gəzməyə başladı. Mən də söhbəti yarımçıq qoymamaq üçün qoluna girdim. Özü söhbətə davam etdi:
- Əvvəllər yenə hara gedərdim, vəziyyətimi danışardım, süpürgəçi də olsa götürərdilər. İndi iş də tapa bilmirəm. Zibilxanadan quru çörəklər, əlimə keçəndən yığıb evə aparıram. Neyniyim, məcburam... İndiyə qədər əxlaqsızlıq etməmişəm, indi gücüm dilənməyə çatır. Hələ bir neçə il bundan qabaq bir tanışın vasitəsilə varlı adamın evinə işə düzəldim. Beş ilə yaxın bunların evində aşpaz işlədim. Elə oldu ki, bunlar ölkədən çıxıb getdilər. Mən də işimi itirməli oldum. Orada qalırdıq, hazır yeyib-içirdik də. Əşşş,  qızım dəfələrlə onların yanında da məni başıaşağı elədi. Başıma qalmazın oyunlarını açdı. Neçə dəfə onlardan oğurluq etdi, məni pis vəziyyətə qoydu. Kişiynən arvadın mənə yazığı gəlirdi deyə tutdurmurdular. Pul istəyirdi, olmayanda da oğurluğa əl atırdı. Artıq əli əyriliyə öyrənmişdi. Pozğun qızlara qoşulub min hoqqa çıxarırdı, nəşə çəkirdi, gedib barlarda, kafelərdə oğlanlarla gecələyib pul xərcləyirdi. Ona görə işimnən də oldum, evimnən də (ağlayır).

- Qızın indi hardadı?
- Nə bilim hansı cəhənnəmdədir. O mənə elə zülmlər edib ki, danışsam yerlə göy birləşər.

- Neyləyib ki?  
- Neyləməyib ki? Ehhh, hansı qız ananın saçından tutub ağzına tüpürər? Bunu yalnız nankor övlad edər. Necə ki, mənim gözümün ağı-qarası bir övladım nankor çıxdı. Ay bala, təsəvvür elə ki, bu adam yatdığım yerdə əlimi-ayağımı bağlayıb, məni yuxulu-yuxulu evin içində sürüyürdü. Başımdan tutub unitaza soxurdu. Uşağına da deyirdi, "bax, nənənə yedirtdiyimdən sənə də yedirdərəm". Uşaq da qorxusundan qaçıb gizlənirdi. O məni hər dəfə döydükcə  yazıq uşaq siçan deşiyin satın alırdı. 

- Niyə döyürdü axı?
- Pul istəyirdi. Verməyəndə ya məni  döyürdü, ya da uşağı götürüb eyvandan sallayırdı. Biz bina evində 7-ci mərtəbədə qalırıq. Neçə dəfə məni pilləkənlərlə sürüyüb, eyvandan atmaq istəyib. Pul verməyəndə uşağı götürüb küçələrdə yatırdıq. Uşaq anasının əməllərindən sarılıq xəstəliyinə tutulmuşdu. Nə deyim, ay qızım... Üstümə bıçaq da çəkib, ölümlə də hədələyib. Öldürsəydi bir dəfəlik canım dincələrdi, küçələrə düşməzdim. İndi də uşaq xəstə, qızmadan yanır. Evdə heç nə yox, iynə-dərman almağa da pul yox. Məcbur qalıb yenə dilənçiliyə çıxdım. Kimə ağız açım, kimə deyim dərdimi?  Heç olmasa 10 manat pul yığa bilsəm, uşağa iynə-dərman alardım. Bu gecənidə zibillikdən quru çörək yığıb yola verərəm. Əsas körpəm sağalsın. 
  


- İndi uşaq hardadı?
- Qonşunun yanında (doluxsunur). Allah onu  mənə çox görməsin. Anası nankordu. Nə mənə hörmət qoydu, nə balasına, nə də türmədə olan dədəsinə. Evdə bizə düşməndi, amma çöldə hamıya dostdur. Yad kişilərə pul yedirtmək üçün yaşlı anasını dilənçiliyə saldı. Utanıb qızarmadı, məni dost-düşmən içində xar elədi. İndidə bir aydan çoxdur hansısa kişiyə qouşulub gedib xəbərim də yoxdur. Evdən də çıxanda Türkiyəyə işləməyə getdiyini dedi. Burda pozğunluq elədi, barları, kafeləri gəzdi, doymadı. İndi də getdi oralarda pozğunlu eləməyə. Ölsün də, adımızı batırdı. Başı batsın qancığın, qıçını qırıb yanımda oturmadı. Onsuz da özünə də baxırdım, balasına da. Gedəndən bir dəfə də olsun zəng eləməyib, nə xəbər var, nə ətər (kövrəlir). 

Söhbət edə-edə bayaqkı yerə qayıtdıq. O öz yerinə oturdu, mən öz yerimə... Bir-iki dəqiqə söhbətə ara verdik. Bir qədər gələn-gedənə yalvarmağa başladı. Ovucuna pul qoyulmadığını görən qadın, həyatdan yorulduğunu dedi:
- Artıq yaşamaqdan bezmişəm. Qız belə, ər belə, özüm də dilənçilik edirəm. Belə yaşamaqdansa, yaşamamaq yaxşıdı. Kaş ki, pozğun olardım, yüz kişiynən gəzərdim, axırım belə olmazdı. Pozğun ananın qızı pozğun olar, mənim kimi abırlı  qadının qızı pozğun olmamalı idi. Oxşamış biblərinə çəkdi də. Bibiləri də belə idi, axırda qır-qırnan evimi dağıdıb dincəldilər. Özləri bəxtəvər oldu, mən bədbəxt. 

Dodağının altında deyinməyə başladı. Susduğunu görüb soruşdum...

- Həyat yoldaşın nəyə görə həbs olunub?
- Vallah "statyasını" dəqiq bilmirəm, ancaq məhkəmədə on bir il iş verdilər. Ərim Şəkidə beş kişidən biri idi. İmkanlı ailə olmuşuq. Şəkidə bağımız , Bakıda isə beş otaqlı evimiz vardı. Bir gecənin içində ərim işə düşdü. Bütün var-dövlətimiz əlimizdən çıxdı, ərimdə tutuldu. Ondan sonra onun tərəfi məni yola vermədi. Qızı da, məni də başı qapazlı elədilər. Mən də qızımı götürüb Bakıya gəldim. Axı ərim burda türmədədi. O boyda var-dövlətdən bir burdakı ev qalmışdı, bir az da qır-qızıl. Əvvəl-əvvəl kişinin yanına yaxşı bazarlıq edib gedirdim. Sonralar pul da çatdıra bilmədim, məcbur qalıb evi dəyər-dəyməzinə satdım. Elə qızım da belə şeylərdən əsəb xəstəliyinə tutuldu. Naz-nemət içində böyüyən uşaq idi. Hər şeyimiz əlimizdən çıxdı, qızım gördüyündən dala qaldı. Nəsə, on ili yarı kirayələrdə, yarı onun-bunun qapılarında, yarı da küçələrdə bir təhər yola verdik. Yoldaşımın bir ili qalıb, yanına getməyə nə gücüm, nə də imkanım var. Özü içəridə başın salıb aşağı, bir təhər günün yubadır ki, vaxtı qurtarsın. Mən də onu gözləyirəm, heç olmasa gəlsin bizə sahib çıxsın (doluxsunur, dodaqları titrəyir).

-Ərin qızının getməyini bilir?
- Yox, deməmişəm. Bilsə ürəyi partlayıb ölər. Oda mənə bir ad qalar ki, çıxa-çıxda kişini öldürdülər. O gələndən sonra özü bilir qızının əl-ayağın necə yığmaq lazımdı. Mən bacara bilmədim, o gəlib bacarar. Allah körpəyə qıymasın. Mən onunla nəfəs alıram. Elə bilirəm bir oğlum var, qızımı öldüyə çıxmışam.

Danışa-danışa burnunun suyunu silib, ovcunu möhkəmcə sıxdı. Artıq hava qaralırdı. Söhbəti yekunlaşdırıb, Səlimə xalanın ovcuna pul qoydum və  oradan uzaqlaşdım. Arxamca "Allah səni xoşbəxt eləsin, a qızım”,  - dedi.../sfera.az
 
İcmal.Az

RƏYLƏR