Qolu sınan uşaq əməliyyatda niyə ölüb? - Həkim danışdı

OXUNUB: 839 HADİSƏ

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
 
İcmal.Az APA-ya istinadən xəbər verir ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
 
Xəstəxanadan məlumat təsdiqlənib.

***

İcmal.Az əldə etdiyi məlumata görə, faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb.

***

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qolu sınan uşağın ölüm səbəbi açıqlanıb.
 

Bu barədə Modern.az-a xəstəxananın baş həkimi Nuri Nuriyev məlumat verib.
Baş həkim bildirib ki, 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub: 
"2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Cərrahiyə əməliyyatına başlamazdan öncə metilin iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb”.
 
N.Nuriyev bildirib ki, bütün lazımi tədbirlər görülməsinə baxmayaraq, xəstə dünyasını dəyişib:
"Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Amma təəssüf ki, bu xəstənin həyatını xilas etmək mümkün olmadı. Hazırda uşağın meyit yarılıb və ekspertiza təyin edilib. Patoloji anatomik müayinədən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək”

 

İcmal.Az

RƏYLƏR