Qulu Məhərrəmli telekanalları “yıxıb-sürüdü”: “Tərbiyəsizlik, pozğunluq, əxlaqsızlıq...”

OXUNUB: 324 GÜNDƏM SOSİAL
"İnsanlar televiziyaya baxıb tərbiyəsizlik, pozğunluq, əxlaqsızlıq, kobudluq öyrənirlər".

Bu sözləri Cebhe.info-ya telejurnalist, professor Qulu Məhərrəmli deyib.

Telejurnalist Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində iştirakçıların əlbəyaxa olması ilə bağlı görüntülərə münasibət bildirib:

"Efir mədəniyyətini qanun tənzimləmir. Efir mədəniyyətini televiziyanın özü, öz daxili nizamnaməsi, aparıcı, prodüser, baş redaktor, rəhbər, bir sözlə, televiziyanı yönəldən adamlar tənzimləyir.

Ona görə də bizim şou-proqramlarda bəziləri süni, bəziləri təbii, bəziləri səviyyəsizlikdən yaranan situasiyaları birbaşa efir mədəniyyəti ilə bağlamaq olmur. Bu, ümumiyyətlə, cəmiyyətin müəyyən qatından gəlmə bir davranışdır.

Təbii ki, bu da tamaşaçılarda narazılıq yaradır. Ona görə də televiziyalarda bu cür verilişləri təşkil eləyənlər hər şeyi nəzərə almalıdırlar. Xüsusilə, canlı efirdə idarə olunmaz situasiyaların mümkünlüyünü nəzərə almaq lazımdır. Aparıcının xüsusi məharəti olmalıdır. Bu məsələlərlə bağlı bizim televiziyaların problemi var".

Bu cür halların daha çox özəl televiziyalarda baş verdiyini qeyd edən professor bunun məqsədyönlü olduğunu bildirib:

"Hərə bunu bir element kimi düşünür. Biri sensasiya, biri verilişə maraq cəlb eləmək üçün, digəri doğrudan idarə edə bilmədiyi üçün belə situasiya yaradır. Məqsədindən asılı olmayaraq bu cür davranışlar yolverilməzdir. Ona görə də televiziya yaradıcıları, televiziyadakı verilişləri idarə edən adamlar belə mənzərələri əvvəldən görməli və nəzərə almalıdırlar.

Qabaqlar efir bir mədəniyyət, etalon, ölçü idi. İnsanlar televiziyaya baxıb davranışı öyrənirdilər. 

İndi ona baxıb tərbiyəsizlik, pozğunluq, əxlaqsızlıq, kobudluq öyrənirlər. Televiziyanı bu dərəcədə aşağılamaq, onu qorxulu vasitəyə çevirmək özü ciddi təhlükədir.

Teləviziya ciddi mədəniyyət hadisəsindən pozucu bir vasitəyə çevrilir. Xüsusilə, kommersiya, özəl televiziyalarda bu cür halların baş verməsi o deməkdir ki, orada bu hallar xüsusi məqsədlərlə təşkil olunur və qarşısını almaq üçün də cəmiyyət müəyyən təpki göstərməlidir. Biz başa düşürük ki, insanların müəyyən problemləri var, bəzən əsəb dözümsüzlüyü yaranır. Amma bu, heç də əsas vermir ki, biz efirdə camaatı bayağı səhnələrlə üz-üzə qoyaq.

Səviyyəsiz adamları efirə çağırmaq olmaz. Belə məlum olur ki, bunların çoxu müəyyən psixoloji testdən keçirilib efirə buraxılmalıdır. Bununla bağlı televiziya prodüserləri, redaktorlar ciddi düşünməlidirlər ki, biz tamaşaçıları, xüsusilə, verilişə baxan müəyyən yaş səviyyəsi olan insanları təhlükə ilə üz-üzə qoymalı deyilik. Bu dəqiqə ictimai əxlaqda ciddi aşınma gedir, dəyərlər itirilir, çox düşük, bayağı mövzular çıxardılır, insan həyatı, faciəsi tamaşaya çevrilir. Ona görə də bunun hamısı mənəvi aşınmaya səbəb olur".

Qeyd edək ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" ictimai-sosial verilişdə qalmaqallı anlar yaşanıb. Problemlərinin həlli üçün verilişə gələnlər arasında dava düşüb. Samirə adlı gəlinlə baldızı Xuraman əlbəyaxa olublar. Verilişin aparıcısı Lalə Azərtaşdır./Cebhe.info

İcmal.Az

RƏYLƏR