“Rabitə işi”ndə qalmaqal: Vidadi Zeynalovun yerdə qalan borcunun ödənilməsinə şərait yaradılmır

OXUNUB: 766 HADİSƏ
"Vidadi Zeynalov borcun bir hissəsini ödəyib, lakin yerdə qalan pulun ödənilməsinə şərait yaradılmır”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Zeynalov  açıqlamasında belə deyib.

Məhkəmənin gedişatından narazılıq edən vəkil, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibətdən şikayətləndi: "Hüquqlarını müdafiə etdiyim şəxsin qohumlarına onun dövlətə vurduğu zərəri ödəməyə imkan verilmir. Vidadi Zeynalovun dövlətə vurduğu ziyan 7 milyon 200 min manat dəyərində hesablanıb. Bu məbləğin 3 milyon 105 min manatı ödənilib. Onun hazırda ödəməli olduğu məbləğ 4 milyon 95 min manatdır. Məhkəmə də aparılan istintaq kimi qərəzlidir. Bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, zərərin ödənilməsi üçün digər həbs edilənlərə şərait yaradılıb, hətta bəzilərinin əmlakına qoyulan həbs məhkəmə nəticəyə gəlmədən götürülüb. Amma Vidadi Zeynalovun əmlakı hələ də həbsdədir. Əmlakın üzərindən həbs götürülsə, qohum-əqraba həmin əmlakı satıb, yerdə qalan pulu ödəyər”.  

Vəkil deyir ki, Vidadi Zeynalovun əmlakı 14 milyon dəyərindədir. Qohumları əmlakın borc əvəzinə dövlətin hesabına keçirilməsinə razıdırlar: "Bu 14 milyonluq əmlakı ya yerdə qalan 4 milyon manat borcun əvəzinə dövlətə keçirsinlər, ya da həmin əmlakın üzərindəki həbsi götürsünlər ki, qohum-əqraba satıb borcu ödəsin. Əslində, əmlak daha qiymətlidir, ən az 20 milyona satmaq olar. Bizim istədiyimiz odur ki, Vidadi Zeynalov azadlığa buraxılsın”.

Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin dövlətə vurduğu ziyan düzgün hesablanmayıb. Bu barədə dəfələrlə vəsatət qaldırılsa da, təmin edilməyib. 

Qeyd edək ki, "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev də dəymiş ziyanı ödəyib. Onun ödədiyi məbləğ 567 min manatdır. Bir müddət əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.

"Rabitə işi” üzrə məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib./oxu
 

İcmal.Az

RƏYLƏR