“Rabitəbank” Beynəlxalq Bankın yolunu gedir?

OXUNUB: 30 index-manşet İQTİSADİYYAT

Azərbaycan banklarının maliyyə-kredit siyasətinin "özəllikləri” bəzən bütün hədləri, əndazələri aşır. Yüksək kredit faizləri bir tərəfə, onların kimlərə verilməsi məsələsi belə çox vaxt nə qanunlara, nə də məntiqə uyğun olur.

Belə ki, kreditlər çox zaman banka yaxın şəxslərin adlarına rəsmiləşdirilərək, tamamilə başqa adamların istifadəsinə verilir ki, bu da böyük risklərə yol açır. Bir çox banklar məhz belə "kreditlər” sayəsində böyük problemlər yaşayıb, hətta müflisləşmə həddinə çatıb. Təkcə Beynəılxalq Bank işini xatırlamaq kifayətdir. Banka rəhbərlik edən Cahangir Hacıyevin, sürücü də daxil olmaqla, bankda çalışan bir neçə şəxsin adına külli miqdarda kredit rəsmiləşdirib mənimsədiyinə dair rəsmi qaydada ittihamlar irəli sürülüb. Ancaq görünür heç də bütün banklar bu "təcrübədən” dərs çıxarmaq fikrində deyillər.

Məsələn, "Rabitəbank” bu ilin birinci yarısına olan maliyyə vəziyyətini açıqlayıb. FED.az xəbər verir ki, adıçəkilən maliyyə qurumu "banka aidiyyatı olan şəxslər”ə 11 mln 554 min manat kredit verib. Bu məbləğ ötən ilin birinci yarısı ilə müqayisədə 9,75% çoxdur.

Banka aidiyyatı olan şəxslərə verilmiş kreditlərin məbləğinin məcmu kapitala nisbəti 10.7% təşkil edir.

Məlumat üçün bildirək ki, bank qanunvericiliyinə əsasən "banka aidiyyatı olan şəxslər” dedikdə aşağıdakılar nəzərədə tutulur:

- Bankın inzibatçıları

– Bankın struktur bölmələrinin rəhbərləri

– Bankın qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşları

– Mühüm iştirak payı olan hüquqi şəxs.

Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı birbaşa və ya dolayı yolla olan kredit tələblərinin məbləği aşağıdakı normalardan (məhdudiyyətlərdən) çox olmamalıdır:

- Onlar hüquqi şəxs olduqda bankın məcmu kapitalının 10 faizindən

– Onlar fiziki şəxs olduqda bankın məcmu kapitalının 3 faizindən.

Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər bu Qaydaların tələblərinə uyğun olmayan qaydada aldıqları kreditlərin etibarsız olmasını iddia edə bilməzlər.

Onu da qeyd edək ki, banklara daxili prosedurlarında bir qayda olaraq bu normaların daha aşağı səviyyədə tətbiq olunması tövsiyə olunur. Lakin "Rabitəbank”ın timsalında buna əməl olunmadığını görmək olar.

Deməli, bu gün təyin olunmuş qaydalardan kənara çıxaraq, banka aidiyyatı olan şəxslərə külli miqdarda kredit verilməsi bir tərəfdən bank qanunvericiliyinə ziddirsə, digər tərəfdən həmin şəxslərin özlərinə ciddi problemlər yarada bilər. Xüsusilə də əgər reallıqda götürülən kreditlərin həmin şəxslərə birbaşa aidiyyatı yoxdursa…

RƏYLƏR