Radikal müxalifətin kapitulyasiya “narahatlığı”...

OXUNUB: 287 GÜNDƏM SİYASƏT
Ermənistanın məğlubiyyəti onları niyə kədərə boğur?

2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qəti qələbəsi ilə yekunlaşdı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə Ermənistanın kapitulyasiyasıdır. Məğlubiyyətini etiraf edən düşmən ölkə Azərbaycanın irəli sürdüyü şərtlər daxilində bu akta imza atdı. Təəssüf ki, bu qələbədən ötən 2 il ərzində bəziləri bu uğuru, zəfəri həzm edə bilmirlər. Fürsət tapdıqca bu böyük zəfərə kölgə salmağa, qələbənin miqyasını kiçiltməyə cəhd göstərirlər. Məsələn, AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli və bu kimi şəxslər Ermənistanın siyasi rəhbərliyinin belə etiraf etdiyi məsələni - kapitulyasiyanı israrla təkzib etməyə çalışırlar. Son erməni təxribatları zamanı da belə bir "fürsət”in ələ düşdüyünü güman edən belələri məsələ üzərindən manipulyasiya etməyə çalışdılar.

Noyabrın 10-da imzalanmış bəyanat kapitulyasiya deyildisə, nə idi? Ölkədə fəaliyyət göstərən bəzi siyasi partiyaların sədrlərinə bu sualla müraciət etdik:

Fəzail Ağamalı: Radikal müxalifət bu gün də ermənilərin yanındadır

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı da 10 noyabr üçtərəfli bəyanatı birmənalı şəkildə Ermənistanın kapitulyasiyası adlandırıb. Onun fikrincə, sadəcə, ermənilər kapitulyasiya aktı ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bunda isə ayrı-ayrı beynəlxalq güclərin onlara vermiş olduğu vədlərin, etmiş olduğu köməkliklərin böyük rolu var: "Ona görə Azərbaycan Ermənistanı həmin kapitulyasiya aktında əksini tapan müddəaların yerinə yetirilməsinə məcbur edir. Ermənistan yaxşı bilir ki, bu kapitulyasiya aktının müddəalarını yerinə yetirəcək. Radikal müxalifət isə bu gün də daha çox ermənilərin yanındadır. Onlar müxtəlif sayıqlamalarla Azərbaycan dövlətinin qazanmış olduğu uğurlara kölgə salmağa cəhdlər göstərirlər. Sonuncu erməni təxribatları zamanı da onların ayrı-ayrı nümayəndələri ermənipərəst dövlətlər, dairələr kimi dərhal müharibənin dayandırılmasını tələb etdilər. Bu, bir daha onu göstərir ki, onların Azərbaycana heç bir bağlılığı yoxdur. Onların söyləmiş olduğu fikirlərin hər biri siyasi-şəxsi ambisiyalarına xidmət edir. Bu fikirlər mahiyyətcə antimilli və anti -Azərbaycan xarakterlidir”.

Elşən Musayev: Əli Kərimli Paşinyana məktub yazsın, gedib Nikola müşavirlik etsin...

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev qeyd edib ki, Ermənistan dövlətinin baş nazirinin 2020-ci ilin 10 noya­brında imzaladığı akt birmənalı şəkildə real kapitulyasiya idi. Çünki həmin anlaşma imzalanarkən Ermənistan məğlub, darmadağın durumda olub: "Bizim radikal müxalifət söyləyir ki, bəs bu kapitulyasiyadırsa o zaman niyə döyüşlər davam edir? Əsas da Əli Kərimli və başının dəstəsi bu cür fikirlərlə ara qatmağa, manipulyasiya etməyə çalışırlar. Bu ünsürlərin özünə sual ünvanlamaq lazımdır ki, sizdə məntiq varmı? Sərhəd təxribatının kapitulyasiyaya nə dəxli? Bir ölkə kapitulyasiya imzaladısa, bu onun qarantıdırmı ki, daha təxribat etməyəcək? O, bunu sosial şəbəkədə yayır və az qala kapitulyasiyanın tərifini istəyir. Bəli, Ermənistan kapitulyasiya olub. Çünki məğlub ikən anlaşma imzalayıb, üzərinə böyük öhdəliklər götürüb. Və Ermənistan bu razılaşmanı başqa yolu olmadığı üçün, darmadağın olduğu üçün imzalayıb”.

Partiya sədri vurğulayıb ki, Əli Kərimli və onun tərəfdaşları bir məqamı anlamırlar ki, belə həssas vəziyyətdə siyasi ambisiyaya, iddiaya görə namərdlik, nadanlıq eləmək olmaz. "Bu adamlar eynən erməni kimi danışırlar. Sanki bizlərdən deyillər, sanki Azərbaycana aidiyyətləri yoxdur. Olmaz belə. Erməni ermənidir. Onun təxribatından nə bu gün, nə də sabah sığortalanmaq olmaz. Onun xisləti dəyişməyəcək. Güman ki, hər zaman belə qalacaq. Təxribata meyilli olacaq. Və hər təxribatın sonunda da dərsini, layiqli cavabını alacaq, uduzacaq, daha da rəzil günə qalacaq. Məncə Əli Kərimli Paşinyana məktub yazsın, gedib Ermənistan vətəndaşı olsun, Nikola müşavirlik etsin, ona ermənidən daha betər erməni olmağın yollarını öyrətsin”, - deyə E.Musayev əlavə edib.

Fazil Mustafa: Bunu başqa cür yozmaq siyasi naşılıqdır

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, 44 günlük Vətən müharibəsi ilə Ermənistanla Azərbaycanın Qarabağ uğrunda mübarizəsi yekun mərhələyə daxil oldu - Azərbaycan torpaqlarını işğaldan azad etdi, üçtərəfli bəyannamə imzalandı. Həmin bəysnnamə Ermənistanın məğlubiyyətinin etirafı idi: "Sonrakı mərhələdə isə bəzi rayonlarımız dinc yolla azad olundu. Bu o demək idi ki, Azərbaycanın dövlət sərhədlərinə girişimiz təmin olundu. Artıq Azərbaycan özünün dövlət sərhədlərinin delimitasiyası üzərində işləyir, orada hərbi birləşmələrini yerləşdirib, infrastruktur qurub. Ona görə də, bu, birbaşa Ermənistanın məğlubiyyəti idi. "Kapitulyasiya” sözünü belə spekulyasiya edənlər anlamırlar ki, alman faşizminin də kapitulyasiya imzalamasından sonra Almaniyanın dirçəldilməsi üçün böyük bir plan - Marşal planı həyata keçirildi. Yəni, "kapitulyasiya” həmin dövlətin səhnədən silinməsi deyil. Konkret situasiyada məğlubiyyətini etiraf etməsidir. Ermənistan da öz məğlubiyyətini etiraf etmişdi və buna görə də əvəz ödədi. Azərbaycan tərəfinə də lazım olan bütün məsələlərlə razılaşmağa məcbur oldu. Ona görə də 10 noyabr aktı birbaşa məğlubiyyət aktıdır. Azərbaycan məhz bu aktdan istifadə edərək özünün haqlı mövqeyini davam etdirir. Bunu başqa cür yozmaq siyasi naşılıqdır, siyasətdə yetkin olmamaq mənasını verir. Biz bütövlükdə bu sənədə istinad edərək Azərbaycanın itirilmiş torpaqlarının bərpası, Azərbaycanın hüquqlarının təmin olunması, sərhədlərinin tanınması məsələlərində Ermənistana təzyiqi gücləndiririk. Çünki bu sənəd Aİ-də və Rusiyada aparılan müzakirələrin əsas istinad mənbəyidir. Biz həmin kapitulyasiya sənədinə görə bu hüququ, bu imkanı əldə etmişik”.

Razi Nurullayev: Şəhidlərin ruhuna, dövlətə və millətə xəyanətdir

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev isə bildirib hazırki həssas məqamda dövlətin yanında olmaq, vahid mövqedən çıxış etmək ölkənin təhlükəsizliyi, suverenliyi, müstəqilliyi baxımından həyati önəm daşıyır. Belə məqamda dövlət əleyhinə olmaq şəhidlərin ruhuna, dövlətə və millətə xəyanətdir: "12 sentyabrdan etibarən erməni terrorçuları ilə yanaşı daxildəki antimilli qüvvələr də Azərbaycan dövlətinə qarşı hücumlara başladı. AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının sədri Arif Hacılı artıq uzun müddətdir ki, Azərbaycan əleyhinə fəaliyyət göstərir. Son hadisələrdə isə sərgilədikləri antimilli mövqe onların əsl siyasi mahiyyətini ortaya qoydu. Əli Kərimlinin yazdıqlarına görə, təcavüzkar Ermənistan deyil. O, haqq savaşı aparan, öz sərhədlərinin təhlükəsizliyini, ərazi bütövlüyünü, suverenliyini qoruyan Azərbaycanı ittiham edir. Ermənistanın isə sanki xətrinə dəyməkdən çəkinir. Arif Hacılı da müsavat?ılıq ideologiyasından tamamilə uzaqdır və antimilli fəaliyyətini genişləndirməklə məşğuldur”.

R.Nurullayev qeyd edib ki, Azərbaycan qalib dövlətdir, biz qalib xalqıq. İndi Əli Kərimli və digərləri bu qalib ruhu insanlardan uzaqlaşdırmağa çalışırlar. "Ermənistan 10 noyabrda kapitulyasiya imzalayıb, acı məğlubiyyətini etiraf edib.  Görünür ki, 44 günlük Vətən savaşında şəhidlərimizin, qazilərimizin, ordumuzun sayəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə bu antimilli qüvvələrə sərf etmir. Ermənipərəst mövqedən çıxış etdikləri hər an bunu bir daha sübut edirlər. Ermənipərəst mövqedə olmaq isə adını Azərbaycan vətəndaşı qoyan şəxsə yaraşmaz. Təəssüf ki, siyasi iddiaları olan şəxslər belə davranış nümayiş etdirir. Onlar təkcə 12 sentyabrdan başlanan erməni təxribatına haqq qazandırmırlar, eyni zamanda 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə kölgə salmaq istəyirlər. Bu isə xəyanət yoludur”, - deyə R.Nurullayev əlavə edib.

Arzuxan Əlizadə: Üçtərəfli bəyanat birmənalı şəkildə Ermənistanın kapitulyasiyasıdır

Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də öz açıqlamasında deyib ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat birmənalı şəkildə Ermənistanın kapitulyasiyasıdır. Sadəcə olaraq, həmin dövrdə mövcud reallıqlar səbəbindən Azərbaycan bəzi ərazilərə nəzarəti əlinə almadı: "Bu, birmənalı olaraq Ermənistanın məğlubiyyəti idi. Biz Ermənistan ordusunun tamamilə darmadağın olmasının şahidi olduq. Ermənistan 10 noyabr bəyannaməsini Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul edərək imzaladı, üzərinə ciddi öhdəliklər götürdü. Təəssüflər olsun ki, kapitulyasiya aktında 2 ilə yaxın müddət keçsə də bu öhdəliklərə əməl olunmayıb. Ermənistan bilavasitə havadarlarının təhriki ilə revanşist addımlar atmağa belə cəhdlər göstərir. Hamı bilir ki, Ermənistan ordusu tamamilə dağılıb və Azərbaycan ordusuna hər hansı bir müqavimət göstərmək gücündə deyil”.

Tural Abbaslı: Milli davaya iqtidar - müxalifət formatından yanaşmaq xəyanətdir

AĞ Partiyanın sədri Tural Abbaslı da Qarabağ məsələsində iki tərəfin - vətənpərvər və vətən xaininin olduğunu bildirib. O, son zamanlar "Göyçə, Zəngəzur bizim nəyimizə lazımdır” və ya "Azərbaycan təcavüzkardır” kimi fikirləri kimin səsləndirməyindən asılı olmayaraq belələrini vətən xaini hesab etdiyini dilə gətirib: "Bu bizim milli davamızdır. Buna iqtidar - müxalifət formatından yanaşmaq xəyanətdir. Digər tərəfdən, hələlik delimitasiya prosesi yekunlaşmayıb, sərhədlər müəyyənləşməyib. Bu baxımdan Azxərbaycanın atdığı bütün addımlar legitimdir, hüquqidir. Nə dünya ictimaiyyəti, nə də daxilimizdəki xainlər buna bir söz deyə bilməz”.

10 noyabrda Ermənistanın kapitulyasiya imzalamasına gəldikdə isə, partiya sədrinin fikrincə, ermənilər heç vaxt 3 rayonu döyüşsüz qaytarmağı könüllü istəməzdilər: "Və ya Xankəndini, Xocalını, Xocavəndi belə qoyub qaçmaq istəməzdilər. Təbii ki, bu, Azərbaycan ordusunun böyük uğurunun nəticəsidir. Şəxsən mən 44 günlük müharibənin nəticəsini Ermənistanın məğlubiyyəti kimi qiymətləndirirəm”.

RƏYLƏR