Ramil Həsən: Bunun günahkarı təcavüzkar Ermənistan və onun başında duran Paşinyandır

OXUNUB: 663 SİYASƏT

Milli Məclisin deputatı Ramil Həsən: "Söhbət təkcə 5 rayondan getmir”

 

 

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü olub. Görüşdə Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərin münaqişənin nizamlanması prosesinə maneə olduğunu bildirib. Həmçinin rəsmi Moskvanın mövqeyini bildirməklə nizamlama prosesində Rusiya tərəfi işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarı olduğunu deyib. Doğrudur, bununla bağlı Rusiya XİN sözçüsü Mariya Zaxarova təkzib məzmunlu açıqlama da verib. Ancaq Azərbaycan tərəfdən məlumatların təkzib olunduğu müşahidə edilmir.

 

Milli Məslisin deputatı Ramil Həsən bizimyol.info-ya bu barədə verdiyi müsahibədə məsələni geniş şərh edir.

- RF xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ məsələsi ilə bağlı açıqlamalarını necə şərh edərdiniz?

- Bəli, Sergey Lavrovun gündəm üçün məna kəsb edən məsələlərlə bağlı önəmli açıqlamaları olub. Bu açıqlamalar içərisində bizim üçün diqqət çəkən və məsələnin mahiyyəti ilə birbaşa bağlı olan bir neçə nüans var. Bu nüanslardan biri Sergey Lavrovun öz dilindən Rusiya Federasiyasının Xarici İşlər naziri olaraq, Ermənistanın baş naziri Nikoyl Paşinyanın bilavasitə ölkənin, yəni Ermənistanın baş naziri olaraq vermiş olduğu açıqlamaların Dağlıq Qarabağ konfliktinin həll olunması istiqamətində ciddi bir maneə törətdiyini ifafə etməsidir ki, bu da əslində məlumun elanıdır. Dəfələrlə Azərbaycan Prezidenti də vurğulayıb ki, Paşinyanın sərsəm, şovinizmə və faşizmə qulluq edən açıqlamaları Dağlıq Qarabağ problemini nəinki həll etməyə, onu dalana dirəməyə xidmət edir. Bunu indi Rusiya Federasiyasının ən önəmli rəsmisi də açıq və aydın şəkildə etiraf edib. Bu, mövqeyimizin ortaya qoyulması ilə bağlı Cənab Prezidentin prinsipial mövqeyinin dəstəklənməsinin bariz nümünəsidir. Başqa bir məsələ isə Moskvanın rəsmi mövqeyini ifadə edərkən Rusiya Federasiyasının prosesin həlli istiqamətində, yəni bu gün mövcud olan Dağlıq Qarabağ probleminin həlli üçün 5 rayonun işğaldan azad olunması, sülhməramlı qüvvələrin bu ərazilərə yerləşdirilməsi və nəqliyyat – kommunikasiya sisteminin bərpa olunması ilə bağlı verdiyi açıqlamalardır. Bu da çox önəm və çiddiyyyət kəsb etməkdədir.

- Burda önəm kəsb edən nədir?

- "Madrid prinsipləri”ndə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlarda Azərbaycan hər zaman xoş məram və xoş niyyət ifadə edib. Azərbaycanın tarixi torpaqlarında artıq Ermənistan dövləti mövcuddur. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində xoş niyyətini göstərərək, ilkin mərhələdə 5 rayonun işğaldan azad olunması, ondan sonra üzv ölkələrin, Minsk qrupu həmsədrlərinin, eyni zamanda münaqişənin tərəfi olan ölkələrin ortaq razılığı ilə, sülhməramlıların bölgəyə yerləşdirilməsi haqda müzakirə aparılıb. Sülh məramlılar dedikdə, burda da ciddi nüans var . Sulməramlıllar kimlərdən ibarət olacaq, hansı ölkələr, hansı sayda burda öz əksini tapacaq? Bütün bunlar danışıqların predmeti olmalıdır. Ölkəmizin müvafiq qurumları, xarici siyasət idarəsi bununla bağlı yüksək səviyyədə, dövlətimizin maraqlarına xidmət edən prosedurları Cənab Prezidentin rəhbərliyi altında davam etdirməkdədir. Təbii ki, bunlar hamısı müzakirə olunmaqla birlikdə eyni zamanda nəqliyyat-kommunikasiya sisteminin bərpasından söhbət gedir.

- Bütün bu deyilənlər reallaşsa, bundan sonrakı mərhələ nədir? Məcburi köçkünlərin öz yurdlarına qayıtması məsələsi də varmı?

- Azərbaycan, təbii ki, orda təklif etmişdi ki, təkcə 5 rayonun azad olunması, sülhməramlıların yerləşdirilməsi deyil, eyni zamanda müəyyən dövrdən sonra orada işğal olunmuş torpaqlardan qovulmuş azərbaycanlılar dədə- baba yurdlarına qayıtsınlar. Müəyyən dövrdən sonra da referendum keçirilsin və nəticələrinə uyğun olaraq da Dağlıq Qarabağdakı ərazinin Azərbaycan dövlətinin ərazi bütölüyü çərçivəsində müqəddartının həlli ilə bağlı nəhayət son qərar verilə bilsin. Ona görə də bu, dövlətimizin milli maraqlarına zərər gətirməyəcək. Mən belə düşünürəm. Ölkəmizin ərazi bütövlüyünü təhlükə və şübhə altına almayacaq.

Siz, "Madrid Pprinsipləri”nə toxundunuz. Ancaq danışıqlar faktik olaraq dayandırılıb. Bu da Ermənistanın mövqeyi üzündən baş verib. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki danışıqlardan qaçmırıq. Ancaq, danışıqların, sadəcə, gözdən pərdə asmaq xarakteri daşıyan bir nöqtəyə gətirilməsinə səbəb verən Azərbaycan dövləti deyil. Bunun günahkarı təcavüzkar Ermənistan və onun başında duran, Soros Fondunun tör -töküntüləri olan Paşinyan və yanında işləyən əlaltılarıdır. Dağlıq Qarabağ qondarma rejimində oyuncaq bir "prezident” "seçiblər” və ölkəmizin tarixi torpaqlarında öz iddialarını həyata keçirmək üçün terrordan, mafioz qruplardan istifadə edirlər. Suriyadan, Livandan, Yaxın Şərq ölkələrindən muzdlu əsgərləri gətirib torpaqlarımızın işğalını davam etdirməyə, Azərbaycana qarşı istifadə etməyə çalışan bir dövlətdən və onun oyuncaq rəhbərliyindən, məncə, dialoq gözləyə bilmərik. Təbii ki bu, prosesi şübhə altındadır. Amma Azərbaycan Prezidentinin vurğuladığı kimi, biz hər zaman ölkəmizin ərazi bütövlüyünə xidmət göstərən dialoqlara hazırıq.

Gülnarə ƏMİRQIZI

RƏYLƏR