Razim Məmmədov istintaqa cəlb olunub - Həbsin bir addımlığında

OXUNUB: 1253 GÜNDƏM Seçilmiş HADİSƏ
Xətai rayonunun keçmiş rəhbərinin korrupsiya əməlləri araşdırılır; onun rayon ərazisində etdiyi qanunsuzluqlar incələnir, əmlakının milliləşdirilməsi prosesi aparılır...

Xətainin sabiq icra başçısı Razim Məmmədov istintaqa cəlb olunub. 

İcmal.Az xəbər verir ki, bu haqda musavat.com-a daxil olan məlumatda deyilir ki, Razim Məmmədov əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işinin araşdırılması zamanı toplanmış materiallarla bağlı sorğu-sual olunur. Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə istintaq aparılıb, ittiham irəli sürülüb. Amma X.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində X.Məmmədovun cinayət işi üzrə araşdırmalar davam etdirilir. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Xəbərdə bildirilir ki, Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Bakının ən böyük rayonlarından birinə rəhbərlik etmiş sabiq başçının tikinti maxinasiyaları istintaq obyektidir. Razim Məmmədov başçı olduğu dövrdə haqqında ən çox etiraz, tənqid yayılan məmurlardan olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən uzaqlaşdırılandan sonra belə xəbərlər yayılmışdı ki, ən yüksək dairlərə minnətçi düşüb və həmin posta təyinat almağa çalışıb. O da məlumdur ki, R.Məmmədov Eldar Əzizovla kəskin münasibətlərdə olub. Əmisi oğlunun həbsindən sonra BŞİH-dən istintaqa Xətaidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsi də bu baxımdan təsadüfi deyil.

Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı postuna gəldiyi gündən rayonda az qala hər gün ağaclar kəsilib, yaşıllıqdan təmizlənən yerlər isə kvadrat metrlə satışa çıxarılıb. Bunu sübuta yetirmək o qədər də çətin deyil. Sadəcə olaraq Xətai rayonuna baş çəkmək kifayətdir.
İcmal.Az

RƏYLƏR