Region mediası “can verir” – Adı olub, özü olmayan qəzetlər də var

OXUNUB: 430 GÜNDƏM SOSİAL

"İsti xəbər”ə həsrət qalan, unudulan region qəzetləri...

Müstəqillik illərindən sonra həm paytaxtda, həm də bölgələrdə mətbuatla bağlı ciddi sıxıntılar yaşandı. Dövrün yeni çağırışları, yeni tələbləri qarşısında tanış olduğumuz medianı yeniləri əvəzlədi, yeni simalar, yeni nəfəslər gəldi. Elə bunun sayəsində paytaxt qəzetləri bir qədər sonra dirçələ bilsələr də, regionlarda qəzetlərin taleyinə ağır yük düşdü. Rayon partiya komitələrinin orqanları olan qəzetlər sıradan çıxdı. Daha sonra bəzi yerlərdə İcra Hakimiyyətləri köhnə ənənələri bərpa etdi, rayon qəzetlərini öz orqanları kimi dirçəltməyə çalışdılar. Lakin maliyyə intensiv şəkildə ayrılmadığına görə, ayda bir dəfə nəşr olunan qəzetlər siyahısına düşdülər, adları qaldı, özləri yox. Bu gün region mediası özünün ən ağır günlərini yaşayır, "can verir” desək, mübaliğə etmiş olmarıq.

Böyük çətinliklərə dözərək ayaqda qalmağa çalışan region mətbuatının 3 əsas problemi var. Birincisi, yerlərdə qəzetlərdə tənqidi fikirlərə yer verilməsinə dözümsüz yanaşılır, əgər qəzetin səhifəsində tənqid varsa, çap edilməsinə imkan vermirlər. İkinci problem maddi texniki bazanın köhnəlməsi, normal mətbəənin olmamasıdır. Üçüncü problem isə kadr çatışmazlığıdır. Regionlarda yaşayan gənc kadrlar ya telekanallara, ya da daha yüksək maaş təklif edən, daha operativ fəaliyyət göstərən xəbər agentliklərinə, portallara üz tuturlar. Haqsız da deyillər.

Qəzet özü-özünü maliyyələşdirməlidir. Bu, ya abunə, ya da reklam bazarı sayəsində mümkündür. Rayonda fəaliyyət göstərən hər hansı bir istehsalat müəssisəsinin, mağazanın, şadlıq evinin isə reklama ehtiyacı yoxdur, ərazi kiçikdir, hamı hər yeri gözəl tanıyır. Ayda bir dəfə çıxan qəzetə isə heç kim reklam verməkdə maraqlı deyil.

Başqa bir məsələ isə zamanın tələbidir. İnternet həyatımıza ayaq basandan, yaxud başqa cür ifadə etsək, biz internet dünyasına baş vurandan sonra təkcə regionlarda deyil elə paytaxtın özündə də qəzetlərə, kitablara, ümumiyyətlə, mütaliəyə maraq azaldı. Hətta telekanallar belə bəzən oxunaqlı xəbər saytları ilə rəqabətdə uduzurlar. Təəssüf ki, müxtəlif sosial şəbəkələrdə yayımlanan əyləncə sektoru ciddi informasiya verən medianı kölgədə buraxır.

Hər kəsin əlində bir smartfon, özünü bloger elan edəndən, üstəlik izləyici sayı çoxaldıqdan və bundan qazanc götürməyə başlayandan sonra mediaya olan baxışlar dəyişdi. Bu gün sadə vətəndaşa ciddi media ilə əyləncə sektorunu fərqləndirmək, qəzetçilik ənənələrini anlatmaq bir qədər çətinləşib. Adını sayt qoyan hər bir "xəbərçi” media savadlılığı az olan vətəndaşın gözündə informasiya mənbəyidir. Ümumiyyətlə, hər zaman ciddi, intellektual media əyləncə sektoruna nisbətən daha az oxucunu cəlb edə bilirdi, hazırki xaotik vəziyyətdə region mətbuatının bu rəqabətdə gücü xeyli azalır. Ayda bir dəfə çıxmaqla xəbəri isti-isti çatdırmayan qəzet əlbəttə sürətli informasiya dünyasında geri qalır, unudulur.

Regionlarda hansısa informasiyanın yerli qəzetlərə verilməsi problemi də var. Region qəzetlərinin əksəriyyətində müstəqillik yoxdur. İcra Hakimiyyətinin maliyyələşdirdiyi qəzet təbii ki, bu orqanın təmsilçisi kimi çıxış etmək məcburiyyətində qalır, bir növ İcra Hakimiyyətinin bülleteni qismində çıxış edir. Amma vəziyyət elə gətirib, region qəzetləri maliyyə çatışmazlığını o həddə yaşayır ki, bu dövlət strukturunun ayırdığı vəsaitin də həsrətini çəkirlər.

Aran zonasında ötən əsrdən çıxan bir qəzet var. Yevlax rayonunun " Kür” qəzeti-isti torpaqlarda soyuq münasibətdən üşüyən 86 yaşlı media orqanı. "Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı ilə qəzetin qarşılaşdığı problemlər barədə danışırıq: "Öncə onu deyim ki, rayon qəzetləri həddən artıq pis durumdadır. Elə rayon İcra Hakimiyyəti başçıları var ki, onlar qəzetlərə hansısa yollarla kömək edirlər, amma onların da sayı çox azdır. Çünki qanun İcra Hakimiyyətinə rayon qəzetinə maddi yardım etməyə icazə vermir. Fəaliyyətimizi, ancaq rayonda yerləşən bəzi müəssisə və təşkilatların qəzetə abunəsi hesabına davam etdirə bilirik. İcra strukturu rayon qəzetinə dəstək verir, amma bu, yetərli deyil. Vaxtilə 7000-8000 tirajla həftədə bir dəfə çıxırdıq, bu gün bu say 10 dəfə azalıb, ayda bir dəfə, iki dəfə cəmi 800-1000 tirajla nəşr oluna bilirik. Əvvəlki vaxtla əsla müqayisə etmək olmaz. Əvvəllər dövlət təşkilatları, məktəblər qəzetə abunə olardılar, indi abunə yolu da axsayır. Çoxu deyir ki, əlimdə telefon var, internetdən lazımi informasiyanı alıram. Bununla belə mən öz fikrimdə qalıram ki, qəzet insanı daha savadlı edir və qəzetin yerini heç nə əvəz etmir. Əməkdaşlarımızın sayını 15 nəfərdən 5 nəfərə qədər azaltmışıq. Ayda aldıqları maaş 250-300 manat civarındadır, bu da yalnız aylıq abunə hesabına. Dəfələrlə müxtəlif instansiyalara müraciət etmişəm. Sonuncu dəfə MEDİA-nın rəhbəri Əhməd İsmayılovla da görüşmüşəm. Bildirib ki, oktaybr ayından etibarən rayon qəzetlərinə kömək ediləcək. Ümidlə gözləyirik. Əhməd İsmayılov da bu fikirdədir ki, rayon qəzetlərinə kömək edilməlidir - bunun yollarını axtarırlar. Mən isə təklif edirəm, paytaxtda çıxan qəzetlərə ayrılan vəsait kimi, rayon qəzetinə də vəsait ayırsınlar. Məsələn, abunə üçün aylıq 300 manat paytaxt qəzetlərinə ayıranda 20-30 manat da rayon qəzetinə ayırsınlar. Biz çox vəsait tələb etmirik. Rayon qəzeti rayonun arxividir, tarixidir. Hansısa sənədi, faktı, xəbəri dəqiqləşdirmək istəyəndə gəlib rayon qəzetlərinin nüsxələrini istəyirdilər. Bəs, bundan sonra necə olacaq? Ayda bir dəfə çıxmaqla rayon qəzetindən hansı effekti gözləmək mümkündür. İndi Qarabağı işğaldan azad etmişik. Nə üçün Şuşanın, Kəlbəcərin, Laçının və digər rayonlarımızın da qəzetləri olmasın? Əksinə, qəzetlərə maliyyə yardımı ayrılsın ki, bu, həm əməkdaşların işlə təmininə kömək etsin, həm rayonlarda yaşayan jurnalistlər bekar qalmasınlar, həm də bu, tarixdir, rayon qəzetləri yazıb yaratsınlar. Bizə aylıq 2000-3000 manat yardım etsələr, oxucumuzu cəlb edə, öz işimizi qura bilərik - qəzetimizin tirajını və dövriyyəsini təmin edərik”, - deyə Əminə xanım bildirir.

Biz də düşünürük ki, peşəkar jurnalistlərin regionlara cəlb edilməsi üçün kompleks tədbirlər görülməlidir. Regionlara kimsə üz tutmayacaq demək isə yanlış düşüncə olardı./yeniazerbaycan.com

RƏYLƏR