“Relax” hadisəsinə görə oğlu həbs edilən deputat da namizədliyini irəli sürdü

OXUNUB: 728 GÜNDƏM HADİSƏ

Hakim Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində İqbal Məmmədovun namizədliyini irəli sürüb.

 

Pravda.az-ın xəbərinə görə, İ. Məmmədov 78 saylı Lerik seçki dairəsindən deputatlığa iddialıdır.

 

Xatırlatma: İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı bu ilin avqustda Lerik rayonunda yerləşən "Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilib.

 

Belə ki, avqustun 16-da "Relax" istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

 

 

Həmin faktla bağlı cinayət işi başlanıb.

 

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

RƏYLƏR