Rəna Qədimovanın 60 illik yubileyi qeyd edilib – FOTO

OXUNUB: 176 MƏDƏNİYYƏT

Ötən gün Azərbaycan Bəstəkar İttifaqının binasında bəstəkar Rəna Qədimovanın 60 illik yubileyi münasibətilə mini konsert təşkil edilib.

İcmal.Az xəbər verir ki, tədbir zamanı Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz  Əlizadə çıxış edərək Qədimova barədə xoş sözlər söyləyib, onu diplomla təltif edib.

Daha sonra Əməkdar incəsənət xadimi Zemfira Qafarova bəstəkarın zəngin yaradıcılığından söz açıb.

Mini konsert zamanı Əməkdar artist İlham Nəzərov və Beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov səhnəyə çıxaraq bəstəkarın əsərlərini ifa ediblər.

Qeyd edək ki, Rəna Qədimova 1976-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini pianoçu kimi bitirib, 1983-cü ildə Ü. Hacıbəyov adında Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini Fərəc Qarayevin sinfində başa vurub. 

1982-ci ildə I Zaqafqaziya nəfəsli alətlərin festivalında S. Fərəcovun skripka, klarnet və fortepiano üçün triosunun ifasına görə pianoçu kimi fəxri diploma layiq görülüb.

Müxtəlif şairlərin şeirlərinə bir sıra mahnılar yazan bəstəkarın iki əsəri 2007 -ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqədə III dərəcəli mükafata layiq görülüb.

Bundan başqa, bəstəkar Azərbaycan musiqi tarixinə xor və simfonik orkestr üçün ballada janrında yazılmış ilk əsərin müəllifi kimi daxil olub.

Müəllifin 2012-ci ildə, Ş.Süleymanovanın sözlərinə bəstələnmiş "Sarı gəlin” balladası Xocalıda həlak olmuş gəlinlərə ithaf olunub.

 

İcmal.Az

RƏYLƏR