Respublika toxum sərgi-satış yarmarkası öz işini uğurla yekunlaşdırdı

OXUNUB: 793 İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Bu dəfəki sərgi-satış yarmarkası Xaçmaz KOB evinin qarşısında təşkil olunub.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tədqiqat İnstitutları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri həmçinin yerli toxum istehsalçıları toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Xaçmaz rayon İH başçısı Elnur Rzayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı çərçiəvsində xeyli sayda istehsal və emal müəssisələri yaradılıb. Bu gün Xaçmazda keçirilən toxum sərgi satış yarmarkasına da xeyli maraq var. Ətraf rayonlardan olan fermer və sahibkarlar bu yarmarkada iştirak edirlər.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir aqro sistemlər qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər.

M.Əliyev diqqətə çatıdırb ki, bu gün ölkə üzrə keçirilən sayca 6-cı yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada Xaçmazdan olan fermerlərlə yanaşı Quba, Qusar, Siyəzən həmçinin digər rayonlardan olan fermer və toxumçular da təmsil olunurlar. Ümumiyyətlə isə ölkənin 6 regionunda keçirilən satış yarmarkaları istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında, işgüzar görüşlərin keçirilməsində, fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunmasında böyük əhəmiyyət kəsb edib. Toxum sərgi-satış yarmarkalarında fermerlər yerli sortların toxumlarına maraq göstəriblər. Gələcəkdə də toxum bazarının daha da inkişaf etidirilməsi üçün satış yarmarkalarının əhatəsinin genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, keçirilən yarmarkalarda fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması  qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
 

RƏYLƏR