Reyhan Camalova İvanka Trampdan danışdı: Qürurverici idi - VİDEO + FOTO

OXUNUB: 695 SOSİAL

Xəbər verdiyimiz kimi, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidentinin qızı, eyni zamanda, müşaviri olan İvanka Trampın Hindistanda keçirilən beynəlxalq konfransda fəxrlə təqdim etdiyi 15 yaşlı azərbaycanlı qız Reyhan Camalova bu gün Bakıya qayıdıb.

 Onun valideynləri və mentoru ilə müsahibəni təqdim edir:

- Sammitlə bağlı təəssüratlarınzı bölüşməyinizi istərdik...

- Təəssüratlarım gözəldir. Bizi yaxşı qarşıladılar. Layihə Hindistanda və dünyada böyük marağa səbəb oldu. Buna görə həm qürurlanır, həm də həyəcanlanıram.

- İvanka Trampın sizin barənizdə söylədiyi nitqi dinlədikdə hansı hissləri keçirdiniz?

- Qürurverici və gözlənilməz idi. Bu qədər böyük rezonansa səbəb olacağını təsəvvür etmirdim.

- Sammitdə neçə ölkə iştirak edirdi?

- Dünyanın müxtəlif ölkələrindən 1500 iştirakçı qatılmışdı.

- İxtiranızla bağlı ideya haradan qaynaqlanıb?

- Atamla həmişə müxtəlif ixtiralarla maraqlanırdıq. Bunu atamla birgə fikirləşib, tapmışam. Həmişə düşünürdüm ki, insanlar Günəş, külək, dalğa, dəniz, demək olar ki, hər şeydən enerji alırlar. Bəs niyə yağış suyundan almasınlar? Beləcə, bu layihənin üzərində işləməyə başladım.

- İxtira etdiyiniz qurğu barədə ətraflı məlumat verməyinizi rica edirik...

- Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Bu, yağış suyundan enerji alan cihazdır. Daha çox yağışlı ölkələr üçün nəzərdə tutulub. Hazırkı prototip 22 LED lampanı yandırır.

- Cihazın dünayada daha geniş vüsət alması və bundan böyük qurğunun  hazırlanması üçün sizə investisiya təklifi edənlər oldu?

- Əlbəttə, daha böyük cihazı quraşdırmaq üçün bizim investisiyaya ehtiyacımız var. Sammitdə bu layihə ilə çox maraqlanırdılar. İnvetisiya qoymaq üçün bizə təkliflər də gəldi. Mən hələlik 20 min dollar investisiya lazım olduğunu bildirdim. Onlar söylədilər ki, bu, o qədər böyük məbləğ deyil və bunu rahatlıqla sizə verə bilərik. Söylədilər ki, ölkəmizə geri qayıtdıqdan sonra layihə barəsində onlara daha ətraflı video və materiallar göndərim. Bundan sonra bizimlə yenidən əlaqə saxlayacaqlarını dedilər. Çünki sammitdə çıxış etmək üçün hər kəsə cəmi 5 dəqiqə vaxt ayrılır.  Sonrakı məsələlər isə qarşılıqlı dialoqlar nəticəsində müzakirə olunur.

- Gələcək planlarınız nədən ibarətdir?

- Hazırda 9-cu sinif şagirdiyəm. Təhsilimi və sonrakı illərdə layihəmi davam etdirəcəyəm. Gələcəkdə böyük bir biznes, hətta şirkət qurmağı və komanda ilə işləməyi düşünürəm.

Reyhan Camalovanın mentoru Leyla Tağızadə:

"Reyhanın uğuru Azərbaycanın uğurudur. İvanka Trampın dilindən Azərbaycan gəncliyi dünyaya nümunə göstərildi. Hamıya agah oldu ki, Azərbaycan gəncliyi unikal genetik koda malikdir. Mənim rəhbərlik etdiyim layihə geniş miqyasda etimad qazandığı üçün qürur hissi keçirirəm. Bu işdə əməyi keçən hər kəsə, xüsusilə Reyhanın valideynlərinə təşəkkür edirəm.

Həm Reyhanın, həm də digər layihələrimlə bağlı ölkə daxili və ölkə xaricindən müxtəlif təkliflər almışam. Hindistan tərəfindən də çox təkliflər oldu. Çünki ora yağışlı, mussonlu ölkədir. Onlar bu layihənin məhz Hindistandan başlanmasını istəyirlər”.

R.Camalovanın anası Ulduz xanım:

"Reyhan uşaqlıqdan fərqlidir. Daxili enerji ilə dolu uşaqdır. Bakıya gəlməyimiz və burada təhsil alması onu istedadının üzə çıxmasında kömək oldu, ona şans yaratdı”.

R.Camalovanın atası Rauf  bəy:

"Bu, tək bizim ailənin deyil, Azərbaycanın qələbəsidir. Mən ona bu layihə ilə bağlı yalnız ideya vermişəm. Layihənin hazırlanması və təqdim olunması isə qızıma məxsusdur. O, gələcəkdə astrofizik olmağı düşünür”./oxu

 

İcmal.Az

RƏYLƏR