Rus çempionu öldürən Anarla bağlı efirdə gedən reportaja Azərbaycanlıların ŞOK REAKSİYASI

OXUNUB: 763 HADİSƏ

Zeynal Məmmədli: "Çox təəssüf biz tez-tez Rusiya telekanallarında bu cür halların şahidi oluruq"; Vüqar Babayev: "Qanunvericilikdə şəxsin qaçıb gizlənməsi ilə bağlı cəzanın ağırlaşdırılması anlayışı yoxdur"

Rusiyanın birinci kanalı olan ORT rusiyalı idmançını öldürmüş və hələ də axtarışda olan azərbaycanlı Anar Allahverənov haqqında veriliş hazırlayıb. Məşhur "Pust qovoryat" ("Qoy danışsınlar") verilişində təxminən 1 saat ərzində azərbaycanlı idmançının pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu necə öldürməsi müzakirə edilib.

Verilişə Andrey Draçovun tanışları ilə yanaşı Anar Allahverənovun yaxın dostu Cavid Asanov da dəvət edilib. O, Anar Allahverənovu yaxından tanıdığını, onun bu cür hadisə törədə biləcəyinə inanmadığını deyib: "Bu hadisə faciədir. Hadisə iki gəncin arasında baş verib və heç kəs buna qarışmayıb. Anar Allahverənov çoxlu zərbələr vurub, bunu anlaya bilmirəm. Onun ailəsini, anasını, qardaşını yaxından tanıyıram. Böyük qardaşı hazırda həbsxanadadır". Cavid Asanov qanundan gizlənən dostuna çağırış da edib: "Anar əgər məni eşidirsənsə, gizlənmə. Sən tək deyilsən. O, mənim həmvətənlimdir... Gizlənmək lazım deyil, qanunla cəzanı çəkməlisən. İstənilən kişi öz səhvinə görə cavab verməlidir".

Veriliş boyu Anar Allahverənov qatı cinayətkar kimi təqdim olunub, aqressiv və təhqiredici fikirlər səslənədirilib. Rusiyanın ən nüfuzlu televiziya kanalında bu cür verilişin hazırlanması ölkəmizdə də müzakirələrə yol açıb və narahatlıq yaradıb. Məlum məsələdir ki, son illərdə Rusiyanın ən nüfuzlu kanallarında azərbaycanlılar haqqında vaxtaşırı aqressiyalı, qərəzli verilişlər yayımlanır. Bu da təbii ki, millətlər arasında müəyyən qıcıq doğurur.

Bəs çoxmillətli ölkə olan Rusiyanın bu tip verilişlər təqdim etməsi nə dərəcədə doğrudur?

Televiziya eksperti Zeynal Məmmədli mövzuya bu cür şərh bildirdi: "Təbii ki, olay bir verilişin əsası ola bilər. Amma verilişdə cinayətkarın, qurbanın məhz milliyyətinin vurğulanması sözsüz ki, bu peşəkar jurnalist etikasına, müasir dəyərlərə qətiyyən yaraşmaz. Çox təəssüf biz tez-tez Rusiya telekanallarında bu cür halların şahidi oluruq. Ola bilsin ki, bunun səbəbi reytinq dalınca qaçmaq olub. Və yaxud kimsə özünü vətənpərvər göstərməyə çalışır. Eyni mənzərə Azərbaycan mediasında da mövcuddur. Bir rusiyalı mütəxəssis bu haqda çox gözəl fikir səsləndirmişdi: "Ölənin də, öldürənin də şəxsiyyətinə baxanda, danışmaqdansa susmaq daha əxlaqlı davranış olardı. Şəxsən, mən bu mövqedə olan adamam".

Qeyd edək ki, məlum hadisə ilə bağlı artıq Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsi məlumat yayıb. Məlumata görə avqustun 20-də Xabarovsk şəhərindəki ticarət mərkəzinin mühafizəçisi binanın qarşısında insanların dava üçün toplandığını görərək həyəcan siqnalını işə salıb. Hadisə yerinə gələn İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşının gözünün qarşısında azərbaycanlı Anar Allahverənov və rusiyalı idmançı Andrey Draçyov arasında münaqişə baş verib. Azərbaycanlı qarşı tərəfə ayaq və əlləri ilə zərbələr endirib. Mühafizə əməkdaşları öz vəzifələrini yerinə yetirməyərək onlara müdaxilə etməyib, davanı törədən şəxsi saxlamayıb və hadisə yerini tərk ediblər. Daha sonra tərəflər arasında münaqişə davam edib və Anar Allahverənov Andrey Draçyova ölümcül zərbələr endirib. Ölümün səbəbi kəllə-beyin travması olub. Hadisədən dərhal sonra Anar Allahverənov hadisə yerindən uzaqlaşıb və o, federal axtarışa verilib. Hazırda onun yeri barədə məlumat üçün pul mükafatı təyin edilib.

 

Yayılan məlumatlara görə, artıq Xabarovsk şəhərinin bütün küçələrinə, dəmiryolu və avtovağzallara, təyyarə limanına azərbaycanlı idmançının şəkli olan vərəqələr yapışdırılıb.

Maraqlıdır, Anar Allahverənovun qanundan qaçması sonradan ona veriləcək cəzanı ağırlaşdıra bilərmi? Hüquqşünas Vüqar Babayev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, qanunvericilikdə belə bir anlayış yoxdur: "Onun cəzası haqqında hazırda dəqiq fikir səsləndirmək olmaz. Çünki orada qəsdən adamöldürmə ilə yanaşı, ehtiyatsızlıqdan adamöldürmə də ola bilər. Və yaxud onların arasındakı hadisə özünmüdafiə xarakteri də daşıya bilər. Yəni bu haqda danışmaq hələ tezdir. Amma hər halda şəxsin qaçıb gizlənməsi onun şəxsiyyətini xarakterizə edən hal hesab olunur. Qanunvericilikdə isə şəxsin qaçıb gizlənməsi ilə bağlı cəzanın ağırlaşdırılması anlayışı yoxdur. Bu sadəcə gələcəkdə onun barəsində seçiləcək qəti-imkan tədbirinə təsir edə bilər. Lakin ümumilikdə şəxsiyyətini xarakterizə edə bilər ki, bu şəxs qanundan qaçıb gizlənib və sairə. Qanunvericiliyin tələblərinə görə, cinayət törədən şəxs əgər özü təqsirini boynuna alıb, könüllü şəkildə təslim olarsa, CM-nə əsasən cəzasını yüngülləşdirə bilər".

Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı "Qalareya" kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbə ilə onu öldürüb. Məlumata görə, davanın baş vermə səbəbi Andrey Draçovun Anarı təhqir etməsi olub.

 

İcmal.Az

RƏYLƏR