Rus səfirdən İmişli icra başçısına müəmmalı məktubun təfərrüatı - VİLYAM HACIYEVİN RUSİYADAKI BİZNESİ İFŞA OLUNUR

OXUNUB: 4467 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl

Prezident İlham Əliyevin İmişli rayon icra başçısı Vilyam Hacıyevi 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etməsinə çox mötəbər və müəmmalı bir ünvandan təbrik məktubu gəlib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin İmişli RİH-nin başçısı V.Hacıyevə təbrik məktubu ünvanlayıb.

Bu məktub İmişli RİH-nin rəsmi saytında da yerləşdirilib və bir neçə KİV-də yayımlanıb. Lakin rus səfirin bir icra başçısını təbrik eləməsi zərurətinin nədən irəli gəldiyi, Doroxinlə Hacıyevi hansı tellər bağladığı müəmma olaraq qalır.

Azərbaycanda bu günədək icra başçılarına "Şöhrət” ordeni də verilib, "Vətənə xidmət”ordeni də. Məsələn, bu yaxınlarda Beyləqanın icra başçısı da təltif olunmuşdu.

Ancaq Rusiyanın Bakıdakı səfiri heç birini təbrik etməyib. Maraqlıdır ki, məhz İmişli icra başçısına təbrik məktubu göndərməsi nə ilə əlaqədardır?

Rusiya kimi bir dövlətin səfirini hansısa bir rayon rəhbərinə təbrik mesajının sirri nədədir? Bu suallar ətrafında aparılan araşdırmalar V.Hacıyevin Rusiyada biznesinin olması faktlarını da üzə çıxarmayıb.

Hətta Moskvada biznesi olsa belə, səfir statusu daşıyan bir diplomat bu kontekstdən yanaşıb ona məktub yollamazdı. Yeganə fakt bundan ibarətdir ki, 2014-cü ildə Rusiya və Belarusun Azərbaycandakı səfirləri "Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyin rəhbəri Valentin Denisovla birgə İmişli rayonuna səfər ediblər.

Səfirlər - Vladimir Doroxin və Nikolay Patskeviç səfər çərçivəsində İmişli rayonunun icra başçısı Vilyam Hacıyev və yerli mütəxəssislərlə görüşüblər.

Görüş zamanı Rusiya və Belarusun regionları ilə əlaqələrin inkişafı məsələləri müzakirə olunub, qonaqlar İmişlinin sosial-iqtisadi inkişafı barədə məlumatlandırılıb. Sonra səfirlər İmişli şəkər zavoduna baş çəkiblər.

Diplomatlar həmçinin İkinci Dünya Müharibəsi veteranları və İmişlinin rus icmasının nümayndələri ilə görüşüblər. Səfər çərçivəsində qonaqlar İmişlidə 5 saylı məktəb-liseydə, habelə 4 saylı uşaq bağçasında olublar. "Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi adından məktəbə və uşaq bağçasına müxtəlif kitablar hədiyyə edilib. Ehtimal olunur ki, bu səfər zamanı tərəflərin şəxsi münasibətləri yaranıb.

Ancaq Rusiya-Azərbaycan arasında son vaxtlar yaranmış "buzlaşma” fonunda V.Doroxinlə V.Hacıyevin şəxsi əlaqələrinin miqyasının hara qədər uzandığı bəlli deyil. Üstəlik, istərsə Rusiyanın, istərsə ABŞ-ın və başqa dövlətlərin səfirləri vaxtaşırı müxtəlif bölgələrimizə, regionlarda toplantılara gedirlər. Amma hər hansı rayonun icra hakimi dövlət tərəfindən təltif ediləndə səfirlər təbrik ismarıcı göndərmirlər. İmişli RİH-nin fikirlərini dərc etməyə hazırıq. Araşdırmalar davam edir./vizual.az

İCMAL.az



RƏYLƏR