Rusiya və Belorus arasında süd mühatibəsi - Azərbaycana necə təsir edəcək

OXUNUB: 849 İQTİSADİYYAT

Belarus prezidenti Rusiyanın süd məhsulları ilə bağlı qadağasına münasibət bildirib. 

 Aleksandr Lukaşenko Rusiyanın Belorus istehsalı olan süd məhsullarına qadağasının cavabsız qalmayacağını deyib:

"Aldığım xəbərlərə görə, Yeni Zellandiyadan yüksək qiymətə quru süd idxal ediblər. Buna görə də ucuz süd xoşlarına gəlmir. Belorus bundan sonra da öz süd məhsullarını Rusiyaya ucuz qiymətə satmaqda davam edəcək. 

Qeyd edək ki, "Rosselxoznadzor”  fevralın 26-da Belarus süt məhsullarına qadağa qoyduğunu elan edib. Sonradan qadağanın tarixi martın 6-sı saat 18:00-a təxirə salınıb.

Qadağaya səbəb ki, istehlakçı üçün bu məhsulların təhlükəli olması irəli sürülüb. Bildirilib ki, Belarus bu məhsulların istehsalında Avrasiya İqtisadi Birliyinin və Rusiya Federasiyasının baytarlıq, sanitariya tələblərini pozub. 

Xatırladaq ki, süd tozundan hazırlanmış süd üstündə Belarusla Rusiya arasında 2009-cu ildə ciddi iqtisadi qarşıdurma yaranmışdı. İki ölkə arasında "süd müharibəsi” zamanı Rusiya Belarusdan süd və süd məhsullarının idxalına qadağa qoydu, əvəzində Lukaşenko Rusiyadan ölkəyə süd və süd məhsullarının idxalını dayandırdı. Həmçinin genişmiqyaslı antirusiya kampaniyası başladıldı. Ancaq sonda Belorus Rusiyanın tələbləri ilə razılaşaraq bu ölkəyə təbii süd və "süd içkisi” idxalını ayırdı.

Nəzərə çatdıraq ki, Azərbaycan da Belorusdan yüksək həcmdə süd və süd məhsulları idxal edir. Ümumiyyətlə bu ölkə MDB dövlətləri arasında Azərbaycanın idxalında kifayət qədər paya malikdir – 1,48 faiz (Rusiya,Ukrayna, Türkmənistandan sonra dördüncü yerdə qərarlaşıb).

Konkret olaraq, 2017-ci ildə Azərbaycana Belorusiyadan 10,66 ton süd və qaymaq (qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 1 kütlə %-dən çox yağ olmayan), 632.89 ton süd və qaymaq (qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 1-6 kütlə % yağ olan), 298.97 ton qatılaşdırılmış digər süd və qaymaq, 147.5 ton yoqurt, 728.32 ton süd və qaymaq (şəkər əlavəsi olan, toz, dənəvərlər halında, tərkibində 1,5 kütlə %-dən çox yağ olmayan), 314.65 ton süd və qaymaq ( şəkər əlavə edilmədən, toz, dənəvərlər halında, tərkibində 1,5 kütlə %-dən çox yağ olan), 412.62 ton ayran, çürümüş qatıq və qaymaq, kefir, qıcqırdılmış süd idxal edilib. 

Rusiyanın məlum qadağasından çıxış edib, Azərbaycana gətirilən Belorus süd məhsullarının təhlükəsizliyini araşdırmağa çalışdıq. 

Qida Təhlükəsizliyi Agüntliyindən Oxu.Az-ın bu yöndə sorğusuna cavabda bildirildi ki, yeni yaradılmış agentliyin normativ-texniki aktlar və hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi prosesi getdiyindən, hələlik məsələ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Respublika Sanitar-Karantin Müfəttişliyi tərəfindən izlənilir. 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə dedi ki, ölkəyə süd və süd məhsulları baytarlıq qanunun tələblərinə uyğun olaraq gətirilir:

"Yoxlamalar nəticəsində hansı məhsulun gətirilib-gətirilməməsinə icazə verilib. Ölkəyə idxal olunan məhsullarda heç bir narahatçılıq yoxdur”.

Bildirək ki, Azərbaycan həm də süd istehsal edir. 2017-ci ildə ölkədə süd istehsalı 2,0241 milyon ton (0,7 faiz çox) olub. Hesabat dövründə hər inək və camışdan orta hesabla 1528 kiloqram süd sağılıb. Müqayisə üçün bildirək ki, 2016-cı ildə bu göstərici 1513 kq idi. Adambaşına süd istehsalı 204,5 litr olub. 

Ölkədə illik istehsal gücü 5 000 tondan çox olan 10-dək iri süd emalı müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, Vergilər Nazirliyinin məlumat bazasında süd məhsullarının emalı ilə məşğul olan 30-dək kiçik müəssisənin də adına rast gəlmək mümkündür. Bu müəssislərdə demək olar ki, bütün növ süd emalı məhsulları – pasterizə olunmuş içmə südü, kərə yağı, qaymaq, kəsmik, pendir, şor, süd tozu istehsal edilir.

Ölkənin ərzaq balansı ilə bağlı rəsmi məlumata görə, ölkənin süd və süd məhsullarına illik tələbatı 2 milyon tondan çoxdur. Süd və süd məhsullarının adambaşına istehlakı 230 kiloqramı ötür. Rəsmi məlumata görə, bu məhsullara olan daxili tələbatın 85%-ə qədəri yerli istehsal, təxminən 15%-i idxal malları hesabına qarşılanır.

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının 
İdarə Heyətinin sədri Samir Eyyubov bildirir ki, Azərbaycana idxal olunan süd məhsuları yerli istehsalla müqayisədə ucuz başa gəlir:

 "Bu istiqamətdə də tədbirlər həyata keçirməyə ehtiyac var. Yerli məhsulların xarici analoqları ilə müqayisədə rəqabətqabiliyyətli olması istiqamətində iş aparılmalıdır, onların yüksək keyfiyyətini qorumaqla daha ucuz başa gəlməsinə çalışılmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda bəzi süd məhsulları istehsalçıları standartlara uyğun fəaliyyət göstərmir və bununla da qanun çərçivəsində işləyən sahibkarlarla haqsız rəqabətə girirlər: "Dövlət nəzarətindən kənar məhsulların istehsal edilməsinin şahidi oluruq. Məsələn, elə məhsullar olur ki, onların üzərində nə kod, nə də ki geniş məlumat var. Bazarın kiçik oyunçuları dövlətin qoyduğu standartlara uyğun fəaliyyət göstərməlidir" . /oxu

İcmal.Az

RƏYLƏR