Rusiyada Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsini pislədilər — "Azərbaycanın ərazi bütövlüyü dərhal bərpa edilməlidir"

OXUNUB: 829 SİYASƏT
Rusiyanın bir sıra ictimai xadimləri və siyasətçiləri 4 iyul tarixində erməni separatçıları tərəfindən Fizuli rayonu Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsini pisləyib.


Rusiya-Azərbaycan parlamentləri arasında dostluq qrupunun rəhbəri Dmitriy Savelyev dinc sakinlərin erməni qəsbkarları tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyib.

Savelyev deyib:

""G20" sammiti ərəfəsində erməni separatçılarının bu hərəkətini açıq-aşkar provokasiya kimi qiymətləndirmək olar. Bu provokasiya günahsız dinc sakinlərin, o cümlədən azyaşlı körpənin ölümü hesabına baş tutub. Bu fakt beynəxalq ictimaiyyət tərəfindən lazımınca qiymətləndirilməlidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında səyləri artırmalıdır. Beynəxalq hüquq normaları tətbiq edilməli, Azərbaycanın ərazi bütövlüyü qısa müddətə bərpa edilməlidir".
Siyasi tədqiqatlar institutunun direktoru Sergey Markov isə bildirib ki, insident rəsmi Bakının mövqeyinin danışıqlarda sərtləşməsinə səbəb olacaq:

"Nənə və nəvənin ölümü Azərbaycan əhalisinin hiddətinə səbəb olub. Azərbaycan hakimiyyəti təbii ki, bu provokasiyaya adekvat cavab verməlidir. Bu isə aprel döyüşlərinin modeli üzərində hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Çox güman ki, daha ciddi miqyaslı əməliyyatlar keçirilə bilər".

Siyasətçi Ermənistan ordusunun hərəkətini Xocalı ilə müqayisə edib: "Çox güman ki, ermənilərin bu hərəkəti Xocalı üslubunda hərəkətlərdir və məqsəd hərbi əməliyyatları qızışdırmaqdır. Dondurulmuş sülh danışıqları fonunda hərbi əməliyyatların bərpası demək olar ki, qaçınılmazdır".

Ekspertin fikrinə görə, Azərbaycanın dinc sakinlərinin qətlinə görə Minsk qrupunun reaksiyası olmalıdır: "Vasitəçilərin aktivləşməsini gözləmək lazımdır. Çünki göründüyü kimi, gərginlik getdikcə artır və istənilən an genişmiqyslı hərbi əməliyyatlar başlaya bilər".
Aktual iqtisadiyyat institutunun direktoru Nikita İsayev ilk növbədə sonuncu parlament seçkilərindən sonra Ermənistan prezidentinin cəzasız qalmasına diqqət çəkib: "Sərkisyan parlament seçkiləri ərəfəsində militarist ritorikanın nəticəsində hərbiləşdirilmiş erməni cəmiyyətinin ciddi dəstəyini hiss edir. Nəticədə isə erməni hakimiyyətinin regionda əməli və fəaliyyətləri ilə əlaqədar olaraq (söhbət Dağlıq Qarabağda referendum keçirmək və Sərkisyanı dəstəkləməkdən gedir) Qarabağ böyük geosiyasi gərginliyə qayıdır. Bu səbəbdən bütün sülh danışıqları dalana dirənib. Minsk qrupu həmsədrlərinin bütün fəaliyyəti, istənilən danışıq təşəbbüsü, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü, Rusiyanın vasitəçiliyi fiaskoya uğrayır. Mülki əhalinin qətlə yetirilməsinə keçid mərhələsi isə münaqişənin növbəti eskalasiya mərhələsidir.  Əgər Rusiya, ABŞ və Fransa münaqişənin nizamlanması üçün aktivləşməsə, böyük hərbi əməliyyatlar burnumuzun ucundadır".
Siyasi müşavir, tarix elmləri üzrə fəlsəfə doktoru Oleq Kuznetsov bildirir ki, Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi cəbhə xəttində gərginliyi artıracaq: "Bu insident beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ münaqişəsinə yönəldə bilər. Bu qətl bir daha sübut edir ki, Dağlıq Qarabağda əvvəlki kimi savaş gedir. Yaxın müddətdə əgər Azərbaycan tərəfinin cavab hərəkətini görməsək, kifayət qədər realdır ki, azərbaycanlı hərbçilərin cavab atəşinə çox sərt reaksiyasını, lokal döyüşləri görə bilərik. Bu lokal döyüşlər məzmununa görə kifayət qədər geniş miqyaslı olacaq və cəbhə xəttində konfiqurasiyanı dəyişə biləcək.

Ekspert vurğulayıb ki, Ermənistandakı hakim rejim cəbhədə gərginlik qaldığı müddətdə hakimiyyətdə qala bilər: "Münaqişənin sakitləşməsi, istənilən sülh danışıqlarının başlaması, nizamlanma yolunda atılan istənilən addım Köçəryan-Sərkisan klanının siyasi məhvi deməkdir. Hakimiyyətdə qalmaq  üçün bu insanlar Azərbaycanla son erməni ölənə qədər vuruşacaqlar"./olke.az

 
 İcmal.Az

RƏYLƏR