Röya Ayxanın keçmiş həyat yoldaşı: "Adıma 4.2 milyon manat kredit götürülüb"

OXUNUB: 94 HADİSƏ

 "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə aparılan istintaq zamanı qardaşı Pərviz Cəlilov, oğlanları - Anar, Teymur və Asim Cəlilovlar da şahid qismində dindiriliblər.

Anar Cəlilov istintaqda verdiyi ifadəsində heç bir yerdə işləmədiyini deyib.

O bildirib ki, "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub: "2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın "MUM" Univermağının yanındakı baş ofisinə getdim".

A.Cəlilov qeyd edib ki, bankda ona təqdim olunan sənədləri imzalayıb: "Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm".

Ç.Cəlilovun digər oğlu Teymur Cəlilov istintaqda dindirilərkən qardaşı Anar Cəlilovla eyni məzmunlu ifadə verib.

Xatırladaq ki, Anar Cəlilov əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşıdır. 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Kirmanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, o, "İnterpol" xətti ilə axtarışa verilib./report

 

İcmal.Az

RƏYLƏR