Sağ əli ilə verdiyini sol əlindən gizlədən messenat: Mübariz Mənsimovu fərqləndirən gerçəklər...

OXUNUB: 68 SOSİAL

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ölkəyə tam siyasi-iqtisadi azadlıq qazandırmaqla yanaşı, sovet rejiminin 70 il yasaqladığı fəaliyyət sərbəstliyini də təmin etdi. Nəticədə sovetlərin onilliklər boyunca önünə sədd çəkdiyi özünüifadə hüququnun təsbit olunması ilə insanlarımıza bütün sferalarda öz imkanlarını sınamaq şansı tanındı.

 
 

Müstəqilliyin bərpası vətəndaşlarımıza bacarıqlarına uyğun qaydada xırda ticarətdən tutmuş böyük biznesə qədər iş qurmağa şərait yaratdı. Bazar iqtisadiyyatının özəllikləri qısa müddətdə Azərbaycanın dünya ilə getdikcə bərkiyən iqtisadi bağlarını möhkəmlətdi.

Yeni formasiya qısa müddətdə Azərbaycanın sıraları zaman-zaman dəyişən biznes elitasını formalaşdırdı. Bunun sayəsində biznes qabiliyyəti olan azərbaycanlılar arasından leqal milyonçuya çevrilən onlarla, yüzlərlə soydaşımız çıxdı. Başqa sözlə, 1920-ci ildə bolşevik işğalı sonucunda tam sıradan çıxarılan milyonçularımızın yeri onların mənəvi sələfləri tərəfindən yenidən dolduruldu.

Yeri gəlmişkən, aprel işğalından əvvəlki milyonçular haqqında danışarkən sağlığında "millət atası” adlandırılan Hacı Zeynalabdin Tağıyevin, adının əvvəlinə "xəsis” epitet yapışdırılsa da, xeyriyyə məqsədilə böyük pullar xərcləyən Musa Nağıyevin, Şəmsi Əsədullayev, Hacıağa Dadaşov, Murtuza Muxtarov və İsabəy Hacınskinin adlarını çəkməsək, olmaz.

Bu insanları xalqa sevdirən, adlarını günümüzə qədər yaşadan cəhətləri onların sadəcə, milyonlar qazanmaları deyil. Onlar qazandıqları pulların müəyyən hissəsini xalqın yolunda xərcləyirdilər, təhsilə, səhiyyəyə, ədəbiyyata, incəsənətə maddi dəstək verirdilər, ağır günlərdə təhlükələrin önünə keçirdilər.

Qeyd olunan milyonçuların dövründə yüzlərlə başqa zənginlər də yaşayıb. Ancaq xalq üçün bir qara qəpik də xərcləmədiklərinə görə indi kimsənin yadına düşmürlər.

Bəli, müstəqilliyin bərpası yeni milyonçular nəslinin yetişməsinə zəmin oldu. Hətta yeni nəsil milyonçulardan bir neçəsi qısa müddətdə beynəlxalq reytinqlərdə özlərinə yer tutmağı da bacardılar. Təbii ki, həmin soydaşlarımızın bu uğuru ictimai diqqəti onların paralel və zəruri fəaliyyətlərinə – xeyriyyəçilik təşəbbüslərinə də yönəldir.

Ancaq burada mənzərə 100 il əvvəlkindən çox-çox fərqlidir. Təəssüf ki, yeni milyonçular arasında Tağıyev ənənələrini davam etdirənlərin sayı, ən nikbin hesablama ilə də bir əlin barmaqlarından çox deyil.

Bu kateqoriyaya aid iş adamlarından söz düşəndə isə ilk ağla gələn ad Mübariz Mənsimovdur. Təqribən 20 il əvvəl "Palmali” gəmiçilik şirkətini quraraq, böyük biznes "dəniz”inə yelkən açan, "yüksəkballı qasırğa”lara sinə gərərək, inamla irəliləyən, adı maddi ehtiyaclarla üzləşən insanlarımızın ürəyində ümid alovu yaradan dəyərli soydaşımız…

Uzun müddətdir, Türkiyə vətəndaşlığına keçərək, qardaş ölkədə məskunlaşan Mənsimov öz fəaliyyəti və xeyirxahlığı ilə milli təəssübkeşliyin titul isimlərindən birinə çevrilib. "Palmali” sanki, gəmi daşımaçılığı şirkəti deyil, xəstəxanadır, məktəbdir, sığınılacaq limandır.

"Palmali”ni sığınılacaq bir liman halına gətirən iş adamı bugünkü yüksəlişinə əlbəttə ki, birdən-birə nail olmayıb. Biznes fəaliyyətinə də ata-babasından qalan böyük sərmayə ilə başlamayıb. Əldə etdiklərini də dişi-dırnağı ilə əziyyət çəkərək, məqsədyönlülüyü, zəhmətsevərliyi sayəsində qazanıb.

Mənsimov iş dünyasında parladığı dövrdən etibarən xeyriyyəçilik fəaliyyətini bizneslə paralel aparıb. "Palmali”nin mərkəzi və regional ofislərinin qarşısı ən müxtəlif bölgələrimizdən gələn, yardıma ehtiyacı olan insanlarla hər zaman qaynayıb. Mübaliğəsiz deyə bilərik ki, "Palmali”nin Türkiyədəki ofisləri soydaşlarımızın axın etdiyi konsulluq binasını xatırladır. Ora üz tutan hər kəs probleminin həll olunacağına ümid edir, inanır.

"Palmali”nin sahibi ona ümid yeri kimi baxan yardıma ehtiyacı olan insanlara hər zaman dəstək olmağa çalışır. Gəzə bilməyənləri ayağa qaldırmaq, dünya işığına həsrət qalanların gözünü müalicə etdirmək, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkənləri sağlamlığına qovuşdurmaq üçün əlindən gələni edir… Sadəcə, bir misal çəkək. Tanımadığı halda ürəyi xəstə olan azyaşlı bir uşağın müalicəsi üçün tələb olunan 28 min avronu düşünmədən ödəyən azərbaycanlı iş adamı Mübariz Mənsimovdan başqası deyil.

Onun görə də xalq üçün "Palmali” qapısı ümid qapısıdır. Maraqlıdır ki, Mənsimovun xeyriyyəçilik fəaliyyətini əks etdirən rəsmi məlumatlara rast gəlmək demək olar, mümkün deyil. İş adamı çoxlarından fərqli olaraq, bu istiqamətdə gördüyü işləri reklam etmir. Ancaq heç bir işi pərdə arxasında saxlamaq olmur. Soydaşımızın yardım göstərdiyi insanların sırası o qədər genişdir ki, bu xəbərlər ölkə boyu simsiz teleqrafla sürətlə yayılır.

Mənsimov uzun illərdən bəri Azərbaycan deyil, Türkiyə vətəndaşı olsa da, soydaşlarımıza yardım əlini geri çəkmədi. Ona üz tutan hər kəsə dəstək oldu və olmağa da davam edir. Yəqin çoxları bilmir ki, həmyerlimizin təsis etdiyi təqaüd proqramından indiyə qədər 19 min tələbə faydalanıb. Yaxın vaxtlarda bərpa olunacaq proqram çərçivəsində Türkiyədə təhsil alan daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək. Bunlardan başqa, Mənsimov universitetlərdən məzun olan tələbələrimiz üçün unudulmaz buraxılış gecələri təşkil edir, hər ilin Ramazan ayında inanclı tələbələr üçün davamlı iftar süfrələri açdırır.

"Palmali”nin sahibi sadəcə, ona yardım üçün üz tutanlara maddi dəstək olmaqla, sağlığı pozulanların müalicələrini təşkil etməklə kifayətlənmir. Mənsimov soydaşlarımızın "Palmali” zəncirində işə düzələ bilmələrinə kömək məqsədilə xüsusi kurslar da açdırır. Elan edilmiş yeni proqrama uyğun olaraq, müvafiq kursları uğurla bitirən 300 nəfər həmyerlimizin "Palmali”də işə götürülməsi planlaşdırılır.

Mənsimov həm də böyük vətənpərvərdir. Azərbaycanın, Türkiyənin, Türk dünyasının, İslam aləminin təəssübkeşidir. Azərbaycan və Türkiyə adına çiyinlərini istənilən yükün altına verməyə hazırdır. "Palmali”nin gəmiləri Azərbaycanın və Türkiyənin ən görkəmli şəxsiyyətlərinin adını daşıyır. Son olaraq, şirkətin aldığı yeni gəmiyə böyük öndər Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi isə hər kəsi qürurlandırmaqla bərabər, Mənsimovun dəyərlərimizə verdiyi önəmi bir daha nümayiş etdirdi.

Qardaş Türkiyədə Azərbaycan həqiqətlərinin daha yaxından tanıdılmasının təşəbbüskarı kimi də Mənsimovun xidmətləri danılmazdır. Ankarada və Türkiyənin başqa böyük şəhərlərində Xocalı Soyqırımına dair səviyyəli tədbirlərin təşkili onun adı ilə bağlıdır. Bu gün İstanbulda Azərbaycan adına parklar varsa, bilinsin ki, o parklardan bir Mənsimov keçib. Mənsimov 2017-ci ilin yayında balaca Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsindən sonra mediadakı çıxışlarında erməniləri faşist adlandırmaqdan da çəkinmədi. Şirkətlərində üçüncü nəsildən belə olsa ermənilərin işə alınmaması prinsipini illərdən bəri dəyişməyən Mənsimovun bu sözləri biznesinin əleyhinə olsa da, sözündən dönmür.

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə Mənsimov qətiyyətlə "Sərmayəmi çəkərəm”, deyərək, öz biznesini riskə atmaqdan çəkinmədi. Onun Türkiyədə soydaşlarımızın yığcam yaşadıqları bölgələrdə, xüsusilə də Qarsda gerçəkləşdirdiyi geniş sosial layihələr – məktəb və xəstəxananın inşası da minnətdarlıqla xatırlanır. İstanbulun 2 prestijli rayonunda Heydər Əliyev Parkının salınması da Mənsimovun xidmətləri sırasındadır.

Mənsimov insani həssaslığı ilə seçilən iş adamıdır. 2014-cü ildə vəfat edən aktrisa Xanım Qafarovanın qızı, 11 yaşlı Gövhərin filmə çəkilmək arzusundan xəbər tutan "Palmali”nin sahibi onun bu istəyini yerinə yetirməklə, qızcığazın xəyalını gerçəyə çevirdi. Mənsimovun dəstəyi sayəsində Gövhər Türkiyənin tanınmış sənətçisi, rejissor və aktyoru Mahsun Kırmızıgülün çəkdiyi "Mücize 2” filmində rol aldı.

"Palmali”nin rəhbəri ehtiyacı olanların əlinin ona daha rahatlıqla çatması üçün sosial şəbəkələrdə yetərincə fəaldır, minlərlə şəxsdən aldığı mesajları şəxsən oxuyur, problemlərindən xəbərdar olur və onların həllinə çalışır.

Bütün bunlara baxmayaraq, Mənsimovun uğurlarını, rəğbət doğuran fəaliyyətini və bütün bunlarla yanaşı vətəndaşı olmasa da, Azərbaycana bağlılığı, dövlətə sayğılı münasibətini həzm edə bilməyənlər zaman-zaman ona qarşı şər-böhtan "maşın”ını işə salır, nəticəsiz hücumlar təşkil edirlər. Görünən budur ki, o hücumların məqsədi fəaliyyəti millətinə xidmətdən ibarət olan Mənsimovu müəyyən çirkli oyunlara cəlb edərək, sıradan çıxarmaqdır.

Ancaq Mənsimov onların arzusunu hər dəfə boşa çıxardır və əsla siyasətdən uzaq iş adamı olduğunu vurğulayır. Dövlətinə sədaqətini, millətinə vəfasını əməli ilə ortaya qoyur ki, bu da ona quyu qazanların işini çətinləşdirir.

Uğurlu iş adamının "sükan”ı sona qədər belə saxlayacağına isə hər kəs, ilk növbədə onun adını ümidin sinonimi kimi görənlər ürəkdən inanırlar.

İcmal.Az

RƏYLƏR