Sahil Babayevdən daha bir rəzillik: PREZİDENTİN EV VƏ AVTOMOBİL BAĞIŞLADIĞI QAZİNİN PENSİYASINI KƏSDİ

OXUNUB: 572 index-manşet GÜNDƏM SOSİAL HADİSƏ
Yusifov Elbrus o qazilərdəndir ki, Prezident İlham Əliyev tərəfindən ev və maşınla təmin olunub. İndisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun pensiyasını kəsib.
Reportyor.info-ya müraciət edən qazi bildirir ki, I Qarabağ savaşında iştirak edib və Tərtər döyüşlərində yaralanıb. O, 2021-ci ilin martına kimi müharibə əlili kimi pensiya alıb.
2009-cu ildə prezident şəxsən özü ona mənzilin açarlarını təqdim edib, 2014-cü ildə isə maşınla təmin edilib. E.Yusifov buna görə prezidentdən yerdən göyə qədər razıdır, dövlətin dəstəyindən məmnundur. Ancaq deyir ki, nazir Sahil Babayevin rəhbəri olduğu qurum onu indi qazi hesab etmir.
"II Qarabağ müharibəsində də iştirak etmək üçün könüllü Tərtərə getmişdim, ehtiyac olmadığı üçün bizi müharibəyə buraxmadılar. İndi Sahil Babayevin qoçuları deyirlər ki, sənə qazilik düşmür.
Bu ilin mart-aprelindən komissiyaya çağırırlar, guya müayinə edirlər, amma onlara heç həkim də demək olmaz. Mənim ağrılarım var, izah edirəm, başa düşmürlər, telefon yoxlamaq olar? Dedilər ki, yox, imtina… sən qazi deyilsən”, – deyə Yusifov bildirir.
Onun sözlərinə görə, belə çıxır ki, prezidenti aldatmışam: "Sahil Babayevin qəbuluna getmişəm, qoçuları buraxmır. Qazi qazidir, necə fərq qoya bilirsiniz? Bəs biz dərdimizi kimə deyək?
Bu adamlar Prezidentin verdiyi təqaüdü saymırlar, qazilərdə dövlətdən narazılıq yaradırlar. Əlillərin Bərpa Mərkəzi departamentə göndərir, ora bura yolayır, get-gələ salırlar. Bəs prezident mənə niyə ev və maşın verib? Mən çox xahiş edirəm ki, dövlət başçısı səsimi eşitsin, mənim şikayətimə baxılsın, pensiyam bərpa olunsun”.
 

RƏYLƏR