Sahil Babayevin Nazirliyi qaziyə üç xəstə inək verdi və… — VİDEO

OXUNUB: 453 SOSİAL HADİSƏ
Qarabağ müharibəsinin iştirakçısı olmuş Məmmədli Etibar Ədalət oğlu döyüşlərdə xəsarət alsa da, hərbi hospital onu müalicə etməyib.

Reportyor.info-ya danışan qazi deyir ki, iki dəfə belindən əməliyyat olunub və ona dövlətdən dəstək verilməyib. Daha sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, sosial yardım istəyib, bu istəyi də ürəyində qalıb. Ancaq qazi Məşğulluq Mərkəzinə yönləndirilib. Burada özünüməşğulluq proqramına əsasən E. Məmmədliyə dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb. Qazi bildirir ki, bunu təsdiqləyən həkim rəyi var.



Lakin Məşğulluq Mərkəzi xəstə heyvanları geri almaqdan imtina edir. E. Məmmədli dəfələrlə müraciət etsə də, heyvanları geri götürmürlər: "Bizə belə xəstə heyvan nəyə lazımdır? Üç xəstə mal verməkdənsə, bir sağlam, balalayan inək versələr daha yaxşıydı. Bu cür yollarla adını özünüməşğulluq qoyub, insanları aldadırlar, pul silirlər. Prezident bilməlidir ki, məmurlar belə oyunlarla məşğuldur. Mən bu xəstə heyvanları nə etməliyəm? ”

Vətəndaşın bu şikayətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Aynur Nəbili deyib ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanması prosesində vətəndaşın birbaşa iştirakı təmin edilir:”Heyvanların sağlamlığı və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi alındıqdan sonra heyvanlar vətəndaşa təqdim edilməsi üçün göndərilir. Aktivlər təqdim edilən zaman vətəndaşla imzalanan müqavilədə qeyd edildiyi kimi şəxs təhvil aldığı əmlakda hər hansı qüsur aşkarladığı halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və.s ) əmlakı təhvil aldıqdan ən geci 30 gün sonra filiala təqdim edərək həmin aktivlərin yenisi ilə əvəz edilməsini tələb edə bilər. Proqrama cəlb edilən zaman hər bir vətəndaşa bu barədə ətraflı məlumat təqdim edilir. Təhvil-təslim zamanı foto və video çəkiliş həyata keçirilir. Bütün məlumatlar nazirliyin saytında ictimai açıq formada yerləşdirilir”.



RƏYLƏR