SALMONELLOZDAN NECƏ QORUNMAQ OLAR?

OXUNUB: 870 SOSİAL
Salmonelloz  haqqında bizə nə məlumdur, o nə ilə təhlükəlidir?  Onun adı gələndə ilk öncə düşünürük:  "Çiy yumurtalar xəstəliyi”, ”Sivil ökələrin xəstəliyi”, "Yeməli qatil – salmonelloz!”  Hətta məşhur bir ifadə var:  "Toyuqlar. Yumurtalar. Salmonellalar. Və heç bir qoqol-moqol!” 
   Nə yeyirsinizsə, onların hamısı sizin əleyhinizə işləyə bilər, "yeməli qatillər” in siyahısında salmonelloz, daha dəqiq desək, salmonella saxlayan qida məhsulları ola bilər! Siz necə fikirləşirsiniz, toyuq, yumurta, və süd kimi  məhsullardan ölmək olarmı?! Əfsuslar olsun ki, bu mümkündür, hərçənd ki, bu məhsullar salmonella mikroblarını saxlayır. Çoxlarını narahat edən məsələ: bildirçin yumurtalarında salmonellalar varmı? 
    Çiy yumurta sizin sağlamlığınız üçün təhlükəli ola bilər. Adətən toyuq yumurtası zahirən tamamilə "məsum” görünür: zülal  və yumurta sarısı, hər şey  son dərəcə sadədir. Lakin bu sadəlik aldadıcıdır – yumurta salmonella üçün məskən ola bilər. Məhz buna görə vaxtilə postsovet məkanında uşaqları  qoqol-moqol adı altında şirin yumurtadan ("boltuşka”), yəni südlü qayğanaqdan  məhrum etdilər.
   Yaydır, bəlkə bir çox insanlar kimi  bunu  gəzinti ilə qeyd etmək istəyirsiniz. Çox güman ki, bu zaman  sizə bəzi sevdiyiniz qidalar – qızardılmış toyuq və bişmiş yumurta xidmət edə bilər.   Lakin növbəti səhər qalxanda mədədə ağrı, qusma və ishal olduğunu müşahidə edəcəksiniz. Bu, salmonella infeksiyası ola bilər!
   Adətən, biz bağırsaq infeksiyaları dedikdə ən çox yayılmış ölkə kimi inkişaf etməkdə olan ölkələri nəzərdə tuturduq,  salmonellozda isə bu əksinədir.  Diqqət çəkən məqam odur ki, digər bağırsaq infeksiyalarından fərqli olaraq salmonellozu  bir növ "kəndli" xəstəliyi hesab etmək olmaz. O əsas etibarı ilə iqtisadi cəhətdən inkişaf etmiş iri şəhərlərdə rast gəlinir. Başqa sözlə, bu tamamilə "sivilizasiyanın” xəstəliyidir, onun  da obyekti yarımac Genuya yeniyetməsindən daha çox, ərköyün  Alman byürgeridir – şəhərlisidir.  
   Bütövlükdə, diareya sindromu ilə gedən bağırsaq infeksiyaları sağlam olmayan qidalardan keçən ən geniş yayılmış xəstəliklərdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-nin) məlumatlarına görə bu xəstəliklərlə ildə 500 mln insan xəstələnir, 220 mln-u 5 yaşa qədər uşaqlar  təşkil edir. Salmonelloz isə bütün dünyada diareyanın ən çox yayılmış və ondan baş verən  ölümün 4 əsas səbəbləridən biri sayılır. Dünya miqyasında hər il salmonelloz hadisəsi 155 min ölümlə nəticələnir, təxminən 142 mln amerikalı hər il S. enteridis ilə  toyuq yumurtasından yoluxur və  30 mini dünyasını dəyişir,  məhz bununla da təhlükəlidir. 
   Avropada bu xəstəlik o qədər yayılıb ki, onun bir qədər azalmasının sevincini Avropa Qida Təhlükəsizliyi Təşkilatı Mərkəzinin (EFSA) baş elmi işçisi Marta Hüqas belə bölüşüb: "salmonellozun azalması son 10 ildə qida təhlükəsizliyi sistemində uğurlu hadisədir”.  
  Salmonelloz veterinar, tibbi-ekoloji və sosial problemli və ən geniş yayılmış zooantroponoz infeksiya kimi  onunla mübarizənin çətinliyinə görə özünə bərabəri yoxdur.  
  Öncədən xəbərdarlıq! Əgər siz özünüzdə və ya yaxınlarınızda bu xəstəlikdən şübhələnirsinizsə, təcili olaraq tibbi yardıma müraciət edin və özbaşına müalicə ciddi ağırlaşmalara səbəb ola bilər!
                                                                                                                      Müəllifdən
      Salmonelloz – salmonellaların müxtəlif serotipləri tərəfindən törədilən, mədə-bağırsaq traktının zədələnməsi ilə, əsasən qastrointestinal formada, az hallarda isə yayılmış formada cərəyan edən, zoonoz mənşəli kəskin bağırsaq infeksiyasıdır.  
     Salmonellalar tez-tez məməlilər, quşlar  və sürünənlərin bağırsaqlarında olan və adətən yumurta, ət və süd məhsulları daxil olmaqla heyvan mənşəli  məhsullar vasitəsi ilə insanlara yayılmış bakteriyalardır. Daha çox rast gələn salmonellalar: S. enteridis (ağır gedişi şərtləndirən əsas törədici) S. typhimurium, S. heydelberq, S. anatum,  S. london, S. moskov,  S. infantis, S. newport. Rusiya və ABŞ-da S. enteridis dominant mövqe təşkil edir. Son zamanlar salmonellaların  antibiotiklərə yüksək polirezistent ştamları ("qospital ştamlar”) yaranmışdır. Salmonellalar ət, süd məhsullarında nəinki qalır, hətta çoxalırlar. Onların məhvi üçün keyfiyyətli termiki emal tələb olunur.
      İnfeksiya mənbəyi əsasən  quşlar, xüsusən ev quşları  (toyuq, hindtoyuğu, ördək), ov quşları  ("Brillyant əllər” filminin personajlarının dediyi kimi "diç”), iribuynuzlu mal-qara, donuzlar kimi ev heyvanları, itlər, pişiklərdir. Həmçinin amfibiyalar (qurbağalar), reptiliyalar (tısbağalar, kərtənkələlər, ilanlar, iquanlar), kemurqenlər (siçanlar və siçovullar) infeksiyanı yaya bilər. ABŞ-da buna görə 4 dyümdən aşağı ölçüdə bağaların satışına qadağa qoyulmuşdur. 
    Yoluxma yolları: alimentar (əsas), kontakt-məişət, su. Yoluxma faktoru ərzaq məhsullarıdır: hər şeydən əvvəl salmonella saxlayan yumurtalar (salmonelloz 90% hallarda çiy və ya termiki emaldan kifayət qədər keçməmiş yumurtaların qəbulu ilə əlaqəlidir), hətta yumurta tozu, süd məhsulları,  heyvan və quş ətləri, az dərəcədə balıq və balıq məhsulları. Salmonelloz adətən heyvan mənşəli qidaların qəbulu  vasitəsi ilə öz qurbanlarını "yaxalayır”, bununla belə, infeksiyanın "günahkarı” kifayət qədər emal edilməmiş yaşıl tərəvəzlər ola bilər.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       
   Salmonelloz xəstə quşların yumurtası ilə ötürülmə (transovarial) qabiliyyətinə malikdir, bu da    xəstəliyin ən yayılmış yoludur.  Son zamanlar salmonelloz toyuqlar arasında fövqəldərəcədə populyarlaşıb. Salmonellalar xüsusilə quş peyinlərində "özlərini yaxşı hiss edirlər”. Xəstələr salmonelloza əsasən toyuqlardan yoluxurlar.  Biz toyuq yumurtasını və ətini daha çox istifadə edirik. Qaz yumurtaları ilə də yoluxmaq olar.
    Niyə məhz  əsas yoluxma mənbəyi toyuqlar hesab olunur? Xəstəlik onlarda yüngül keçir,  bəzən cücələr ölür. Toyuqların özləri sağalır, sonra da infeksiyadaşıyıcısı  kimi digər toyuqları  və həmçinin quşçuluq fabrikləri işçilərini yoluxdururlar. 
     Bir çox mənbələr təsdiq edirlər ki, çiy bildirçin yumurtaları təhlükəli deyil,  çiy halda qəbul etmək olar. Belə ki, bildirçinlər bədən hərarətinin yüksəkliyinə görə salmonellozla xəstələnmirlər. Bu məhsul toyuq yumurtasından 3 dəfə çox vitaminlər və mikroelementlərlə zəngindir, hətta onu buna görə ən kiçik uşaqlara da vermək olar.  Bu fikir geniş yayılsa da,  doğru deyil, çünki bildirçin və toyuqların bədən hərarəti eynidir: 41-420 C, salmonellalar isə 600 C  və daha yüksəkdə t-da məhv olurlar. Toyuqlar kimi bildirçinlər də salmonellozla xəstələnirlər, ona görə də yumurtalar yoluxmuş olur və istifadədən  öncə  yaxşı yuma tələb edir. 
Bildirçin yumurtalarında bişirildikdə itən, çiy halda isə, ələlxüsus uşaqlar üçün təhlükə törədən çoxlu faydalı maddələrin olmasını nəzərə alaraq, istifadəçilər sərbəst şəkildə seçim hüququna malikdirlər: ya çiy halda, ya da onu zərərsizləşdirmək. Xəstəlik  ən çox yaz-yay ayları təsadüf edir.
   Salmonellyozda gizli dövr orta hesabla 12-24 saatdır. 3 klinik forma ayırd edilir: yerli (qastrointestinal) ,  yayılmış , bakteriyaifrazetmə.
     Ən geniş yayılmış yerli formanın çox rast gələn variantı isə qastroenteritdir. Bu forma eyni vaxtda intoksikasiya təzahürləri (hərarətin yüksəlməsi, ümumi zəiflik, titrətmə,  baş ağrısı) və mədə-bağırsaq traktının zədələnmə əlamətləri (ürəkbulanma, qusma, epiqastral, ileosekal nahiyədə və göbək  ətrafında – "salmonelloz üçbucağı”nda ağrı, ishal, qarın orta dərəcədə köp və qurultu) ilə başlayır. Nəcis duru, bolluca, üfunətli, köpüklü, qəhvəyimtil, tünd-yaşılımtıl və ya sarımtıl-yaşılımtıl rəngli ("bataqlıq lili”)olur. 
    Gedişinin ağırlıgına görə 3 forması mövcuddur. Yüngül gediş: subfebril hərarət, birdəfəlik qusma, 1-3 gün davam edən, sutkada 5 dəfəlik duru, sulu nəcis ifrazı, I dərəcəli susuzlaşma əlamətləri. Orta ağır gediş: 38-390 C-dək  4 gün davam edən hərarət, təkrari qusma, 7 günə kimi davam edən, sutkada 10 dəfəlik nəcis ifrazı, I-II dərəcəli susuzlaşma əlamətləri. Ağır gediş: 5 gündən  artıq davam edən yüksək qızdırma (390 C), ifadəli intoksikasiya, çoxdəfəlik qusma, 7 gündən  çox  davam edən, sutkada 10 dəfədən çox, bolluca, sulu, üfunətli nəcis ifrazı; qaraciyər və dalağın böyüməsi,  II-III dərəcəli susuzlaşma əlamətləri. 
    Salmonellozun yayılmış formaları (tifoid və septiki) ciddi ağırlaşmalarla (irinli artrit, abseslər, pnevmoniya və s.) müşayiət olunur.  Bakteriyaifrazetmədə klinik əlamətlər olmur.
    Əksər hallarda salmonelloz uzun çəkmir, 10 gün ərzində sağalır və "xəstəlik  daha özü haqqında  bildirmir.” Lakin yerli forma da xəstə orqanizm üçün "bahalı hədiyyə”, qoya bilər, yəni xoşaglməz nəticələr (dehidratasiya şokun və s.) qoya bilər.  Salmonellozun  "qurbanları” yenidoğulmuş körpələr, yaşlı şəxslər və immuniteti zəif olanlardır, vaxtında müalicə etmədikdə onlar üçün xüsusilə təhlükəlidir, yüksək  ölüm faizi ehtimal edilir.   
     Salmonellozun diaqnozu klinik-anamnestik məlumatlara əsaslanır və laborator müayinələrlə  (bakterioloji və seroloji) təsdiqlənir.  Bakterioloji müayinə bütün klinik formalarda vacibdir.
     Salmonellozun müalicəsində bir neçə aparıcı istiqamətlər ayırd edilir: 1) salmonellalarla qarşı antibiotiklər; 2) qusma və ishalla itirilən mayenin bərpası üçün məhlullar; 4) faqoterapiya. 
   Salmonellozun müalicəsi xəstəliyin klinik formasından asılıdır. Yerli formada əsas müalicə üsulu etiotrop deyil,  patogenetikdir. Bu formada bütün xəstələrə ilk günlər mədənin yuyulması və təmizləyici imalə edilir, sonra diareya əleyhinə vasitələr  və s. təyin edilir.Yayılmış formada patogenetik müalicə ilə yanaşı, etiotrop müalicə aparılır. 
   Son zamanlar alimlər həyəcan siqnalı çalırlar ki, antibakterial preparatlara qarşı güclənən davamlılıq var  və buna görə də yalnız  həssaslıq testi müalicəyə yol aça bilər. Aydın olur ki, antibiotiklər artıq bütün infeksion xəstəliklərin "panaseyası” ola bilməz, məhz salmonelloz bakteriofaqının istifadəsi daha məqbuldur.
     Profilaktika 3 istiqamətdə aparılır: baytar-sanitar, sanitar-gigienik və epidemiya əleyhinə tədbirlər. ÜST tərəfindən tövsiyə olunmuş heyvan mənşəli məhsulların təhlükəsiz təchizatı üzrə əsas taktika bütün qida zənciri boyunca  ("fermadan stola qədər” prinsipi üzrə) salmonellaların yayılmasının qabağını almağa  yönəlmişdir. 
    Ev quşlarının  daha çox salmonellaların  daşıyıcıları olduğunu nəzərə alaraq qidada çiy yumurtalardan imtina etmək, ən azı onları 6 dəqiqə bişirmək lazımdır. Ilıq yumurta çox təhlükəli məhsuldur! Bildirçin yumurtalarını çiy halda qəbul etmək olmaz! Həmçinin çiy süd içmək olmaz, onu 3 dəqiqədən az olmayaraq  qaynatmaq lazımdır!
   Salmonella ilə yoluxmuş  yumurtaları  necə tanımaq olar? Təəssüflər olsun ki, bu suala cavab yoxdur. Vizual olaraq sağlamı  yoluxmuşdan ayırmaq  mümkün deyil. Yalnızca bir tövsiyə var: yumurta alarkən onun qabığına xüsusi fikir verin ki,  quş peyninin zərrəcikləri ola bilər, necə deyərlər, "peyinlə bulaşmasın” (peyin qabığa  düşərkən infeksiyanın yumurtaya düşməsi üşün 3 sutka kifayət edir və nəticədə qida təzə halda insan orqanizmi üçün təhlükəli olur).  "Yumurtanın anası” - toyuqların həyat tərzi  və yaşadığı şərait onların sağlamlığına, uygun olaraq "praktik anasından-yumurtlayan toyuqdan” yoluxan yumurtalarının da  təhlükəsizliyinə  heç bir halda zəmanət vermir. 
   Yeri gəlmişkən, özünüzü ev sevimlilərinizdən qoruyun: 10%  itlər və pişiklər salmonelların daşıyıcılarıdır. Mikrodalğalar da bakteriyaların öldürülməsi üçün etibarlı bir yol deyildir! Xam maddələr ehtiva edən qidalardan qaçın!
 
 
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəsis Elza Qüdrət qızı Orucova
 
İcmal.Az

RƏYLƏR