Şamaxı rayonunda yeni elektron müraciət sistemi istifadəyə verilib

OXUNUB: 784 SOSİAL
Şamaxı Rayon İcra Hakimiyyətində onlayn müraciətin genişləndirilmiş formatda tətbiqinə başlanılıb.

Yeni istifadəyə verilən elektron müraciət sisteminin köməyi ilə vətəndaşlar evdən, iş yerindən çıxmadan müraciətlərini onlayn şəkildə ünvanlaya biləcəklər. Yenilikdən sonra onlayn müraciəti rayon icra hakimiyyəti ilə yanaşı sistemə inteqrasiya olunmuş dövlət qurumları da görə biləcək. Həmçinin, vətəndaşların istənilən vaxt elektron kabinetlərinə daxil olub müraciətlərinin statusunu izləməsi də mümkün olacaq. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və s. ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçiriləcək, həlli istiqamətində iş aparılacaq və vətəndaş bu barədə məlumatlandırılacaq.

İstifadəyə verilən elektron müraciət sistemi Şamaxı Rayon İcra Hakimiyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində yerləşdirilib.

Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq bacarığı yoxdursa bu zaman Şamaxı Rayon İcra Hakimiyyəti yanında yaradılmış ofisə gələrək müraciətini sistem üzərindən ünvanlaya bilər.

Qeyd edək ki, elektron müraciət sistemi vətəndaşların işini asanlaşdırmaqla yanaşı, pandemiya dövründə onların dövlət qurumları ilə fiziki təmasını azaldacaqdır.

RƏYLƏR