Sarkisyan yeni tapşırıqlar alıb

OXUNUB: 813 SİYASƏT

Putin Sarkisyana yeni tapşırıqlar verib, Avropa isə özünü korluğa vurub

Bir həftə əvvəl, noyabrın 15-də Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etdi. Bu hadisə Putinin ay ərzində İran, Türkiyə və Azərbaycan prezidentləri ilə görüşlərdən sonra baş tutdu. Ermənistan və Rusiyadakı ermənipərəst KİV-lər iddia edir ki, Sarkisyanın Moskva səfəri guya Rusiya ilə Ermənistan arasında mədəni-humanitar əlaqələrin müzakirəsi və Rusiyada Ermənistanın Mədəniyyət günlərinin açılışıdan iştirak etmək məqsədilə həyata keçirilirdi.

Hərçənd, bundan daha əvvəl Rusiya tərəfindən yayılan rəsmi məlumatda bildilirdi ki, Sarkisyanın Moskva səfəri zamanı Putin onunla ikitərəfli münasibətlərə dair mövzuları, həmçinin Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində əməkdaşlıq problemlərini, Dağlıq Qarabağ probleminin həllini, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.

Təbii ki, iki dövlətin başçısı görüşürsə, ən azından rəsmi protokol xatirinə onların ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etməsi labüddür. Eyni zamanda Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, özü də fəal və hətta aparıcı qüvvəsi olduğunu nəzərə alsaq, prezidentlərin bu problemin həlli ilə bağlı danışıqlar apardığı da normaldır və vacibdir. Onu da qeyd etmək lazımdır ki, bundan cəmi bir ay əvvəl Azərbaycan və Ermənistan prezidentləri İsveçrədə görüşüb danışıqlar aparmış, daha sonra bu mövzuya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı Soçi görüşündə də toxunulmuşdu. Bundan əlavə, təxminən eyni vaxtda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya, bundan 4 gün sonra isə Rusiya xarici işlər nazirinin Bakı və İrəvana səfəri həyata keçiriləcəkdi.



Burada diqqət çəkən məqam Rusiya üçün geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən AİB çərçivəsində əməkdaşlıq problemlərinin və regional məsələlərin müzakirəsidir. Qeyd edək ki, Ermənistan AİB üzvü olmaqla yanaşı Avropa Birliyinə üzvlüyə də can atan və artıq noyabrın 24-də Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitində "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş" adlı sənədi imzalamağa hazırlaşan yeganə ölkədir. O da məlumdur ki, hələ 4 il əvvəl AB ilə assosiativ sazişin imzalanmasına cəmi 2 ay qalmış Ermənistan məhz Rusiyanın təzyiqlərindən sonra qəfildən fikrindən daşınmışdı. Bundan sonra Rusiya tərəfindən Ermənistan üçün dəyəri yüzmilyonlarla dollarla ölçülən güzəştli iqtisadi və hərbi layihələr həyata keçirildi. Yəni ermənilər faktiki Rusiyanı Avropa ilə şantaj edərək ondan pay qopartdılar. Lakin bunun qarşılığında demək olar ki, həm siyasi, həm də iqtisadi və hərbi cəhətdən tamamilə Rusiyadan asılı olan bir vassala çevrildilər.

 

AB ilə saziş isə Ermənistana nisbi müstəqillik verə bilər. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Bundan başqa, həm AİB üzvü olmaq, həm də AB ilə hərtəfəli əməkdaşlıq etmək bir sıra məqamlarına görə çox çətindir. Burada Ermənistan hansısa mövzularda ya AB-ni, ya da AİB-i qane etməyən məsələlərin üstündən xətt çəkməli olacaq. Bunlar həm iqtisadi-ticari, həm xarici siyasət, həm də təhlükəsizlik məsələləri ilə bağlı ola bilər. Burada Rusiyanın vassalı olan bir ölkənin Moskvanın maraqlarına zidd olan hər hansı addım atması təbii ki, "ağ ayı"nın qəzəbinə səbəb olar. Ona görə də, ehtimal etmək olar ki, Putin-Sarkisyan görüşündə məhz bu məqama daha çox diqqət çəkilib. Necə deyərlər, Rusiya prezidenti öz əlaltısına işarə edib ki, ermənilərə AB ilə əməkdaşlığa icazə verib, amma Ermənistan da gərək cızığından çıxmasın.

Əbəs yerə deyil ki, erməni politoloq Manvel Sarkisyan görüşlə bağlı bir çox mətləbləri ifşa edərək deyib ki, əslində Sarkisyan Rusiyada tapşırıq almağa getmişdi: "Sarkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq, soruşdu: "Bu ölkənin sahibi mənəm, yoxsa yox?"

Erməni politoloq hətta bildirib ki, görüş Ermənistan üçün "döyülmüş it" atmosferində keçib və Sarkisyan bir ölkə başçısına yaraşmayacaq qədər aciz və çarəsiz vəziyyətdə olub ki, bütün bunlar onun yarıtmaz siyasətinin nəticəsidir.

Nəzərə alsaq ki, V.Putin həm də it həvəskarıdır, onda bu sözlərin birbaşa mənanı ifadə etdiyi açıq-aşkardır.

Unutmaq olmaz ki, Ermənistanda edilən konstitusion dəyişiklərdən sonra 2018-ci ildən etibarən ölkədə ciddi dəyişikliklər olacaq və hakimiyyət prezidentin yox, əsasən baş nazirin əlində cəmləşəcək. Lakin bu hakimiyyətin kimin əlində cəmləşəcəyinə dair qərar qeyri-rəsmi olaraq məhz Moskvada verilir. Qısası, Putin Sarkisyana başa salıb ki, özünü yaxşı aparıb sözümüzə baxsan, yenə də isti kresloda oturacaqsan.

Bundan əlavə, Qarabağın "açar"ının da Moskvanın əlində olduğunu nəzərə alsaq, güman ki, ermənilərə başa salıblar ki, cızığınızdan çıxsanız, Azərbaycanın öz torpaqlarını geri qaytarmasına mane olmayacağıq...

 

Təbii ki, bu sözlər Sarkisyana birbaşa formada deyilmir, diplomatik qaydada, sözarası və başqa yollarla edilir. Məsələn, Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalının "Proqnozı" proqramında olduğu kimi...

 

Rusiyanın müttəfiqi hesab olunan Ermənistanın Ukraynanın yolu ilə getdiyini xatırladan, onun AB ilə imzalanacaq sazişdən bəzi sitatları gətirərək həmin məqamların xoş olmadığını deyən proqramın aparıcı Veronika Kraşeninnikova bu azmış kimi, Ermənistan rəhbərliyini faşist ideologiyası ilə yaşamaqda ittiham edib.

Ona görə də böyük ehtimalla Sarkisyan bu qədər eyhamlardan sonra öz ağaları qarşısında yeni öhdəliklər götürüb. Onların nədən ibarət olduğunu isə gələcək göstərəcək.

Bütün hallarda 2 gün sonra AB ilə Ermənistan arasında Avropanın qeyri-rəsmi paytaxtı hesab edilən Brüsseldə "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş" imzalanacaq. Maraqlısı odur ki, özünü demokratiyanın, hüquq və azadlıqların az qala qarantı hesab edən Avropa Birliyi açıq-aşkar Rusiyanın oyuncağına çevrilmiş, həmçinin, Azərbaycan torpaqlarını artıq 30 ilə yaxındır ki, işğal edərək nəzarətində saxlayan Ermənistanla hərtəfəli əməkdaşlığa gedir. Əslində, bu absurd, hətta tam nonsensdir. Amma inanılası olmasa da, Avropa buna gedir. Hər halda hadisələrin gedişi göstərir ki, şantaj və ikibaşlı oyunlar apararaq tula payı almaqda mahir olan Ermənistan axırda ya Rusiyanın, ya da Avropanın baş ağrısına, böyük və sağalmaz bəlasına çevriləcək...


İcmal.Az

RƏYLƏR