“Seçicilərin problemlərini anında mənə çatdırırlar” - Deputat

OXUNUB: 1521 SİYASƏT

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz seçiciləri ilə daha yaxından, fasiləsiz və mütəmadi ünsiyyət qurmaq üçün Feysbukda ayrıca səhifə yaradıb. Deputat yeni yaratdığı "Bakıxanov seçiciləri ilə təmas qrupu” adlı səhifənin Milli Məclisdə təmsil etdiyi Bakıxanov qəsəbəsinin seçiciləri ilə daimi virtual əlaqə saxlamaq imkanı verəcəyini deyib. 

 

 

Bəs digər deputatlar öz seçiçiləri ilə necə əlaqə yaradırlar? Analoji təcrübədən istifadə etməyi düşünürlərmi?

Millət vəkili Arzu Nağıyev "Yeni Sabah”a açıqlamasında deputat Fazil Mustafanın addımını təqdir etdiyini deyib: "Mənimlə seçicilərimin arasında 500 km məsafə var. Buna görə də sosial şəbəkələrin verdiyi üstünlüklərdən faydalanmaq çox vacibdir. Doğrudan da seçicilərlə əlaqə saxlamağın ən yaxşı yolu sosial şəbəkələr və telefon rabitəsidir. Sosial şəbəkələr, telefon rabitəsi operativ əlaqə üçün lazımdır. Amma mən heç bir halda canlı təmasdan imtina etməyəcəyəm. Ayda iki dəfə seçicilərimlə görüş keçirməyi planlaşdırıram. Bununla paralel olaraq, köməkçilərim onların bütün istəklərini vaxtında mənə çatdıracaqlar. Biz artıq işə başlamışıq. Köməkçilərim seçicilərin problemlərini anında mənə çatdırırlar. Həm Tovuz, həm də Gədəbəydə yaşayan seçicilərim əmin ola bilərlər ki, onların qayğıları daim mənim diqqətimdə olacaq”.

A.Nağıyev koronavirus təhlükəsi ilə əlaqədar olaraq, canlı təmasları arxa plana keçirdiyini bildirib: "Bayram ərəfəsində seçicilərlə görüşlərim nəzərdə tutulub. Əgər hər hansı məhdudiyyətlər tətbiq olunarsa, onlarla sosial şəbəkələr - "Facebook”, "Twitter”, "Linkedin” vasitəsilə əlaqə saxlayacağam. Mən bu sosial şəbəkələrin həm aktiv istifadəçisi, həm də izləyicisiyəm”. 

7News.Az

RƏYLƏR