Şəhid və qazi ailələrinə ŞAD XƏBƏR: "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq layihəsinə start verildi

OXUNUB: 1096 index-manşet SOSİAL

"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsinə start verilib.

 

Bu barədə 7NEWS.az-a "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsinin təşkilat komitəsindən məlumat verilib.

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşularaq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə Azərbaycan üçün tarixi Zəfər savaşından sonra qazilərimizə, şəhidlərimizə və yaralılarımıza göstərilməsi üçün nəzərdə tutulmuş xüsusi tarixi missiyaya start verilib.

Məqsəd hər iki qardaş dövlətin başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdən ibarətdir. "Tək Millət, Tək Ürək” adı daşıyan beynəlxalq, humanitar layihə Azərbaycan və Türkiyə qardaşlığının bir mükəmməl nümunəsi olaraq ortaya çıxmaqdadır.

44 günlük tarixi II Qarabağ Vətən savaşı çərçivəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərimizə, yaralılarmıza və qazilərimizə, eyni zamanda, onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan, onların təhsil, sosial, həm də maddi-mənəvi problemlərinin həlli istiqamətində ölkə rəhbəri İlham Əliyevin həyata keçirmiş olduğu sosial-iqtisadi layihələrə dəstək olaraq həyata keçiriləcək bu humanitar aksiya, qardaşlığın bir təcəssümü kimi 2021-ci ildə də davam etdiriləcək.

Məlumat üçün qeyd edək ki, Ucar rayonundan olan şəhid, yaralı və qazi ailələrinə "Tək Millət, Tək Ürək” devizi altında dəstək kompaniyasının birinci mərhələsi başa çatıb. Aksiya bundan sonra Şəki və davamlı olaraq bütün rayon və şəhərləri əhatə etməklə, mərhələ-mərhələ genişlənərək davam edəcək.

"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi bir neçə istiqamətdə həyata keçiriləcək. Belə ki, şəhid, qazi və yaralılarımızın ailə üzvləri, onların övladları və yaxınlarının təhsil məsələləri də diqqətdə saxlanılacaq. Bu ailələrdən olan Azərbaycan övladlarının qardaş Türkiyədə təhsillərini davam etdirib mükəmməl təhsil alaraq, savadlı və bacarıqlı mütəxəssis kimi vətənimizə xidmət edə bilmələri üçün Türkiyənin Sivas Cümhuriyyət Universiteti kimi təhsil müəssisələrində təqaüd alaraq, bir sıra imtiyazlardan istifadə edərək, təhsil almaları barədə danışıqlara başlanılıb və ilkin razılıq əldə olunub.
Layihə daxilində bu qəbildən olan ailələlərimizin övladlarının təhsil xərclərinin Türkiyə Cümhuriyyətinin himayəsində dəstəklənməsi nəzərdə tutulub.

Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yildiz bəyə, Sivas Valiliyinə, həmçinin, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına dərin təşəkkürümüzü bildiririk.” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün "World Business Center”də "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsinin təqdimatı keçirilib.




RƏYLƏR