Şəhidlərin vərəsələrinə ödənişlə bağlı qaydalar hazırlanıb

OXUNUB: 590 SOSİAL

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək.

Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də Nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.

İcmal.Az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib. 

Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. 

Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək.

Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.

İcmal.Az

RƏYLƏR