Səlim Müslümovun daha bir kadrının biabırçı səs yazısı yayıldı - ƏLİLDƏN 30 MANAT İSTƏDİ (SƏS YAZISI)

OXUNUB: 3091 Seçilmiş Önəmli Özəl SOSİAL
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, müəyyən məbləğdə pul istəyib.

...Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır... Bu sözlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Ölkə Prezidentinin dövlət idarəçilərinə tezis olaraq təqdim edilən fikirləri əslində dünyanın ən nümunəvi idarəçiliyi olan ölkələrinə xas yol xəritəsidir. Belə ki, cənab Prezident hələ ilk dəfə ölkə başçısı seçilərkən "Mən hər bir azərbaycanlının Prezidenti olacam” – bəyanatına məhz öz demokratik düşüncəsi və xalqın sosial – iqtisadi inkişafı istiqamətində atdığı addımları ilə əməl edir. Ədalət naminə deyək ki, ölkə başçısının təşəbbüsü ilə MM-ə təqdim edilən Qanun layihələrində öncə insan amili əsas yer tutur. Azərbaycanın müstəqillik qazanmasından ötən və bir o qədər də çox olmayan zamanda bu cür Qanunların qəbul edilməsi dövlətin və millətin uğurudur. Təəssüflər olsun ki, ən ideal cəmiyyətlərdə olduğu kimi ölkəmizdə də şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutan məmurlar var. Ötən saylarımızdan birində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeçiliyində fəaliyyət göstərən İmişli rayon Dövlət Sosial Müdafiə Fondunda baş verən qanunsuzluqlarla bağlı məlumatlar dərc etmişdik. Məlumatda qeyd edilrdi ki, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, müəyyən məbləğdə pul istəyib. Məlumatı verən mənbə əlavə olaraq bildirmişdi ki, 4 aydır təqaüdünü ala bilməyən əlil probleminin araşdırılması üçün İmişli DSMF-yə müraciət edib. DSMF-nin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov III qrup əlilə onun "probleminin” həllinin olduqca çətin olduğunu deyib. Ustalıqla müxtəlif bəhanələr uyduran inspektor marağı təmin edilmədiyi üçün təqüdçüyə çatan vəsaitin yalnız 15 günlük miqdarını ala biləcəyini söyləyib. Yəni III qrup əlilin dövlətdən aldığı təqaüdü belə İmişli DSMF-də şöbə əməkdaşının "yardımı” olmadan alması mümükünsüzdür. Məlumatın dərcindən cəmi iki gün sonra Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucov redaksiyaya telefon açaraq İmişli DSMF-nin müdiri İntiqam Əliyevin onu iş otağına dəvət etdiyini bildirdi. Y.Orucovla telefon söhbəti zamanı bildirdi ki, İntiqam Əliyev ona oğlu, II qrup əlil Orucov Elgün Yaqub oğlunun təqaüdünü kəsəcəyini deyib. İntiqam Əliyev Y.Orucova buna səbəb kimi Elgünün işlədiyi müddətdə əmək haqqından DSMF-yə hər hansı məbləğin daxil olmamasını göstərib. Şikayətçi cavabında bu məsələnin həlli məsuliyyətinin fəhlənin deyil, məhz müəssisənin aidiyyatı strukturunda olduğunu söyləsə də, DSMF müdiri məcburi köçkünü otağından qovub. Yaqub Orucov II qrup əlil övladına qarşı atılan bu addımı DSMF sədrinin ondan maddi istəklərinin olması ilə əlaqələndirdi. "...Əgər məndən umacaqları olmasa idi sənədlərimi əvvəldən qəbul etməzdilər. Mən sənədi təqdim edəndə İmişli DSMF-nin əməkdaşı biz sənin işini "düzüb-qoşacağıq”, səndə bu işlərin necə həll olunduğunu bilirsən də? – deyə mənə istəyini açıq şəkildə bildirmişdi.” – deyə əməkdaşımıza audio – müsahibə verən Yaqub Orucovla bağlı məlumatın dərcindən sonra məcburi köçkünə qarşı rayonda təzyiqlər başlayıb. Yaqub Orucovun redaksiya əməkdaşına verdiyi audio-müsahibəsindən sonra ona telefon açaraq təkrar iş otağına dəvət edən İmişli DSMF-nin müdiri İntiqam Əliyev məcburi köçkünə övladının dövlətdən aldığı təqaüdə toxunmayacağını söyləyib. Əvəzində isə məcburi köçkünün guya əsəbi halda müsahibə verməsi ilə bağlı izahat yazmasını təklif edb. Əvvəla cənab İntiqam Əliyevdən soruşmaq lazımdır ki, nə üçün məhz özünün iş otağına dəvət etdiyi II qrup əlil onun kabinetindən əsəbi halda çıxmalıdır? Vətəndaşla bu cür davranışa icazəni İntiqam Əliyevə kim verib? Və ya görəsən İntiqam Əliyev məcburi köçkün, özü və oğlu II qrup əlil olan Yaqub Orucova nə deyib ki, o İmişli DSMF-nin müdirinin otağında əsəbləşib? Və ya nədən II qrup əlili əsəbləşdirən təklifin, fikrin, məsləhətin, adını nə istəyirsiniz qoyun müəllifi məhz İmişli DSMF-nin müdiri İntiqam Əliyev olmalıdır? İmişli DSMF-nin müdiri naziri Səlim Müslümovdan təyinat alarkən məşhur sovet filimində olduğu kimi "мясокомбинат - я”, "цемзаво́д - я " – deyəmi söz verib? Digər tərəfdən "izahat yazsan, oğlunun təqaüdünə toxunmayacağam” – nə deməkdir? Burası dağ başımı cənab İntiqam Əliyev? Yaşadığın ölkənin Qanunlarını sizmi qəbul edib və ya dəyişirsiniz? Əmək və Əhalinin Müdafiəsi naziri cənab Səlim Müslümovun bunlardan xəbəri varmı? Əgər sabiq ƏƏMN Füzuli Ələkbərovun komandası "6=6” prinsipi ilə işləyirdisə, Səlim Müslümovun komandasında olan şöbə müdiri ölkə Qanunlarını öz "düşüncəsinə” uyğun yorumlayır. Allah xatirinə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində şok yaradacaq bu vəziyyətə cavab verən kimsə varmı? Bu unikal kadrları necə tapıb məsul dövlət görəvinə təyin etmisiniz? Nədən ölkənin ən həssas kəsiminin, cənab Prezidentin təbirincə desək "Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlar”dan birinin, Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, özü və oğlu II qrup əlil olan Yaqub Orucovun öz səsi ilə əməkdaşımıza verdiyi audio – müsahibəsindəki kifayət qədər ciddi ittihamlara münasibət bildirmədiniz? İnitqam Əliyevi naziri Səlim Müslümov üçün toxunulmaz edən nədir? 
Araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq. 
P.S. Redaksiya Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, müəyyən məbləğdə pul istədiyi səs yazısını təqdim edir. /teref.info

RƏYLƏR