Şəmkirdə 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib

OXUNUB: 672 SOSİAL
 
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdən əvvəl rayon gəncləri Şəmkir şəhərinin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.

Daha sonra Şəmkir Gənclər Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal gənclərinin iştirakı ilə görüş keçirilib.

Gənclər Günü münasibətilə bütün Şəmkir gəncliyini təbrik edən icra başçısı çıxış edərək bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar”.

İcra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Şəmkir gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Alimpaşa Məmmədov qeyd edib ki, gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Rayon İcra Hakimiyyətinin başçısı Şəmkir gənclərinin bir çətir altında toplayan "Böyük Yol" Gənclərin İctimai Birliyinə gənc nəslin milli ruhda tərbiyə olunmasında lazımı töhfənin verilməsinin vacibliyini bildirib. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının bu prosesi sürətləndirdiyini vurğulayan icra başçısı birlikdə könüllülərin sıralarının genişləndirilməsinin labüd olduğunu vurğulayıb.

Görüşdə iştirak edən gənclər arzu və təkliflərini bildirib, onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.




RƏYLƏR