Səngərdən başlayan Vətən layihəsinə yekun vuruldu

OXUNUB: 997 QHT
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Səngərdən başlayan Vətən” adlı layihənin Ağcabədi, Ağdam, Laçın, Bərdə, Füzuli və Beyləqan rayonlarında icrasını başa çatdırmışdır. Keçirilən seminarlarda Ermənistanın Azərbaycan torpaqlarına silahlı təcavüzü nəticəsində ərazilərimizin 20 %-dən çoxunun işğal olunması, 1 milyondan artıq soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün həyatı yaşamalarına məhkum edilməsi, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun bu münaqişədə tutduğu ədalətsiz mövqe və ikili standartlarla yanaşması nəticəsində münaqişənin bu vaxta qədər həll olunmaması və s. gənclərin diqqətinə çatdırılmışdır. Ermənistanın bu təcavüzkar siyasətinə qarşı Azərbaycan Dövlətinin həyata keçirdiyi siyasət, ordu quruculuğu, həyata keçirilən islahatlar, ermənistanın təmas xəttində tez-tez həyata keçirmək istədiyi təxribat- diversiya həmlələrinə qarşı ordumuzun adekvat tədbirləri, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında aparılan işlər və s. keçirilən seminarların əsas müzakirə mövzusu olmuşdur. Seminarlarda Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin apardığı uğurlu islahatlardan, ordu quruculuğundan, silahlı qüvvələrimizin peşəkarlıq səviyyəsinin günü-gündən artmasından danışaraq hər bir vətəndaşımızın, xüsusən gənclərimizin aparılan işlərə prinsipiallıqla dəstək verməsinin vacib olduğunu bildirdi. Natiq 2-5 aprel 2016-cı il tarixdə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin. Seysulan kəndinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin və Lələ Təpə yüksəkliyinin, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yolların düşməndən azad olunmasını düşmən üzərində qələbənin başlanğıcı və torpaqlarımızın tezliklə azad olunmasının bütün dünyaya bəyanı kimi qiymətləndirilməli olduğunu bildirdi. 2-5 aprel savaşlarının Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olduğunu bildirən V.Qədirov ermənistanın bu vaxta qədər apardığı təcavüzkar siyasətinin uzun sürməyəcəyinə ciddi bir mesaj olduğunu bildirdi. Vüqar Qədirov bütün seminarlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır”.- mesajlarını gənclərin diqqətinə çatdıraraq Cənab prezidentin bu fikirlərini özlərinin fəaliyyətlərinin ideoloji istiqaməti kimi qəbul etməli olduqlarını bildirdi. Hər bir rayonda keçirilən seminarlarda çıxış edən ekspertlər məktəb partası arxasında əyləşən şagirdlərin, tələbələrin özlərini əsgərlərimizlə bərabər səngərdə hiss etmələrinin vacib olduğunu bildirdilər. Yüksək təhsil almaqla bərabər özlərindən aşağı siniflərdə, kurslarda təhsil alan həmyaşıdlarının maarifləndirilməsində, sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktiv fəaliyyət göstərməklə informasiya savaşında öz iştiraklarını təmin etmiş gənclərimizin səngərdə hər an düşmənlə üz-üzə döyüşən əsgərlərimizə ən böyük dəstək olduqlarını bildirdilər.
Seminarların keçirildiyi 6 rayonda iştirakçılara vətənpərvərlik mövzusunda marifləndirici bukletlər, dəftərxana ləvazimatları paylandı.
İcmal.Az

RƏYLƏR