Sevdiyi qızın xalası oğlunu öldürən gəncə 18 il cəza – FOTO

OXUNUB: 806 HADİSƏ

Bakı Apellyasiya Məhkəməsində Göyçay rayon sakini İbrahim Sadıqovun (1995-ci il) CM-nin  120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya saxlama) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

İcmal.Az-ın məlumatına görə, 2017-ci il fevralın 15-də Nərimanov RPİ-nin əməkdaşları, Şahin Mustafayev küçəsindəki 307 saylı evin qarşısında 1984-cü il təvəllüdlü, Ucar şəhərində qeydiyyatda olan İslam Hüseynovun meyitini aşkar ediblər.

Onun belində, idman şalvarının arxa tərəfinə taxılmış vəziyyətdə dəstəyi qara rəngli mətbəx bıçağı tapılıb.

Cəsəddən 1-2 metr şimal tərəfdə dayanan "Mercedes” markalı avtomaşının qarşı hissəsində, həmçinin yerdə qan ləkələri müşahidə edilib. Sorğu-sual olunan evin sahibi bildirib ki, bir müddət əvvəl həyət darvazasını açdıqda, hazırkı yerdə tanımadığı cavan oğlanın yıxılıb-qaldığını görüb və dərhal bu barədə ərazi üzrə sahə inspektoruna zəng vurub, məlumat verib.

Saat 23:00 radələrində İbrahim Sadıqov könüllü 18-ci polis bölməsinə gələrək bildirib ki, bir neçə saat əvvəl Montin qəsəbəsində, qohumu İslam Hüseynova bıçaqla xəsarətlər yetirib. 

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə təyin edilmiş məhkəmə-tibbi eksertizasının rəyinə görə, İslam Hüseynovun ölümünə - döş qəfəsinə nüfuz edərək ürəyi və aortanın zədələnməsindən inkişaf etmiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, İbrahim Sadıqov Göyçay rayonun Qaraməryəm kəndində qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, H.Hacıyev küçəsində kirayədə yaşayıb. Fevralın 15-i, saat 16:30-da evdə olarkən sevdiyi, lakin onunla evlənməyə razılıq verməyən Ucar şəhər sakini Günel Əsgərovanın Bakı Kooperasiya Kollecindəki təhsili ilə əlaqədar, Nərimanov rayonunda kirayədə yaşayan xalası oğlu İslam Hüseynovun evində olmasını bilib. 

Buna görə istifadəsindəki mobil telefonla sonuncunun nömrəsi ilə sosial şəbəkədə səsli danışmaqla əlaqə saxlayıb və Günellə maraqlanmağa başlayıb. Hüseynov xalasının ailəsinin onların ailə qurmaqlarına razı olmadığını söylədikdə, Sadıqov zarafatla qızı anası ilə birgə qaçıracağını deyərək, onu qıcıqlandırıb və mübahisəyə təhrik edib. İslama qarşı kobud sözlər işlədərək, məsələni axşam, görüşüb aydınlaşdırmağı təklif edib. 

Saat 20:00 radələrində İbrahim cinayətkar niyyətini həyata keçirmək üçün Ağa Nemətulla küçəsində, 67 saylı avtobusdan düşdükdən sonra  paltarınnı sağ cibindəki bıçağını istifadəyə hazır vəziyyətdə saxlayıb. 

İslamla təklikdə söhbət edə-edə Ş.Mustafayev küçəsindəki 307 saylı evin yanına gəlb, çatdıqda qəflətən bıçaqla döş qəfəsinə, qarnına və sağ buduna zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib.

Sonra hadisə yerindən avtobus dayanacağının qayıdaraq, orada gözləyən Ruslan Hüseynov, Elmir Babayev və Feruz Mahmudova "Nərimanov” metrostansiyasının yanına gedib, qayıdacağını, İslam Hüseynovun kənarda mobil telefonla danışdığını yalan deyib və taksi ilə oradan uzaqlaşıb. Yolda dayısı İlham Yəhyayevə zəng vuraraq, ona hadisə barədə məlumat verib. Sonra onunla metronun yanında görüşüb, xalasının Binəqədi rayonunda yaşadığı evə gedib. 

Xalasına və ora gəlmiş anasına törətdiyi hadisəni danışıb. Cinayət alətini qohumu Tahir Müslümzadəyə saxlamağa verib və saat 23:00 radələrində yaxınları ilə birlikdə polis bölməsinə gedərək, İslam Hüseyovu bıçaqla vurduğunu etiraf edib. Az sonra qohumu da bölməyə gələrək, kəsici aləti təhvil verib.

Məhkəmə prosesində İbrahim Sadıqov özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, İ.Sadıqovun şikayətini təmin etməyib və qərara alıb ki, hökm dəyişdirilmədən saxlanılsın.

 

İcmal.Az

RƏYLƏR