Slovakiya yığmasının sabiq futbolçusu Azərbaycanla oyun üçün milliyə qayıda bilər

OXUNUB: 883 İDMAN
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanın rəqibi olan Slovakiya yığmasının sabiq futbolçusu Vladimir Vayss milli karyerasını bərpa etmək niyyətindədir.

Ötən ilin noyabrında yığma karyerasını bitirdiyini açıqlayan və bir daha baş məşqçi Pavel Hapalın rəhbərliyi altında oynamayacağını bəyan edən 30 yaşlı hücumameylli yarımmüdafiəçi fikrini dəyişib.

O bildirib ki, bir il əvvəlki qərarı emosiyalardan irəli gəlib. V.Vayss noyabrın 16-da Xorvatiya ilə səfər, üç gün sonra Azərbaycanla ev matçlarında yığmanın heyətində yer almaq arzusundadır. O, bu görüşlərdə komandaya final mərhələsinə vəsiqə qazanmağa kömək etmək istəyir: "Əgər baş məşqçi mənim yığmaya fayda verə biləcəyimi düşünsə, komandaya kömək etməyə hazıram”.

Qeyd edək ki, vaxtilə "Mançester Siti”, "Bolton”, "Reyncers”, "Olimpiakos” kimi klublarda oynamış V.Vayss 2016-cı ildən Qətərin "Əl-Qərəfə” komandasında forma geyinir.

RƏYLƏR