SON DƏQİQƏ: Siyəzən icra başçısını tənqid edən şəxs həbs olundu

OXUNUB: 1604 GÜNDƏM HADİSƏ TƏHLİL
Siyəzən rayonunda rayon rəhbərliyindən şikayət yazan şəxs həbs olunub.

Bu barədə "Yeni Sabah”a  rayon sakini Zeynalov Valeh Mabəddin oğlu məlumat verib. O, bildirib ki, 1954-cü il təvəllüdlü qardaşı Zeynalov Sabir Mabəddin oğlu rayonun vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən və özbaşınalıqlarından aidiyyəti müvafiq orqanlara yazmış olduğu tənqidi şikayət ərizələrinə həbs olunub. Onu İXM-535.1-ci maddəsi ilə tutaraq Siyəzən rayon məhkəməsinin qərarı ilə 25 sutka həbs cəzası veriblər. 

Ölkə prezidentinə müraciət edən V. Zeynalov bildirib ki, 65 yaşında, ürək xəstəliyi olan qardaşı barəsində verilmiş bu qərar Siyəzən rayon İcra hakimiyyəti başçısı Asif Hüseynovun,  Rayon Bələdiyyəsinin sədri Azər Babayevin, Rayon Polis İdarəsinin rəisi Valik Vəlimətovun,  Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun ailəyə qarşı başlatmış olduqları qərəzin, qisas almanın, təqibin nəticəsi olaraq baş verib: "Qardaşımız Sabir Zeynalov adları çəkilən şəxsləri tənqid və ifşa etdiyinə görə  onların təqibinə məruz qalmışdır. Artıq biz ailə olaraq təhlükə və təzyiq altındayıq. Hər an bizim ailə üzvlərimiz onlar tərəfindən təzyiqlərə məruz qalır. Küçədə qorxu içərisində gəzirik və öz evimizdə rahat yaşaya bilmirik”. 

Digər qardaş Qalib Zeynalov bildirib ki, o Qarabağ müharibəsi veteranı və Əfqanıstan müharibəsi əlilidir. Hazırda isə təqaüddə olan keçmiş polis əməkdaşıdır: "Sabir Zeynalovun 65 yaşı olmasına, ürək xəstəliyindən əziyyət cəkməsinə baxmayaraq, hakimlər insafsızcasına, qəsdən ədalətsiz qərar qəbul etmişlər. İXM-ə görə 65 yaşına çatmış kişilərə inzibati həbs növündə tənbeh təyin oluna bilməz. Lakin  sözü gedən hakimlər hansısa "maraqdan” qanunun bu tələbini kobud şəkildə pozmuşlar.

Ümudvarıq ki, Siyəzən rayon İcra hakimiyyəti başçısı Asif Hüseynovun,  Rayon Bələdiyyəsinin sədri Azər Babayevin, Rayon Polis İdarəsinin rəisi Valik Vəlimətovun, Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun, o cümlədən  Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin yuxarıda göstərilən qanunsuz əməllərinin araşdırılması və onlar barəsində təcili qanuni tədbirlər  görülməsi üçün  aidiyyəti orqanlara öz tapşırıqlarınızı verəcəksiniz”.
 
İcmal.Az

RƏYLƏR