"Sonra gedib uşaq doğmusan da, məndən nə istəyirsən?" — "Medi lüks"də doğulan uşağın yoxa çıxmasında adı hallanan HƏKİM DANIŞDI

OXUNUB: 534 HADİSƏ
Bərdə rayon sakini Adıgözəlova Pəri Cahid qızı iki gün öncə "Ölkə.Az"ın redaksiyasına müraciət edərək bildirmişdi ki,  2008-ci ildə "Medi lüks" xəstəxanasında (indiki adı "Baku Medical Plaza Medi Lüks")  dünyaya gətirdiyi oğlan uşağı müəmmalı şəkildə yoxa çıxıb. Əməkdaşımız P.Adıgözəlovanın müsahibəsində adı bir neçə dəfə hallanan həkim Rəna Qədimova ilə əlaqə saxlayıb. R.Qədimova barəsində səsləndirilən  ittihamlara aydınlıq gətirib.

- Rəna xanım, Adıgözəlova Pəri Cahid qızı adlı Bərdə rayon sakinin redaksiyamıza müraciət edib. Bildirilir ki, 2008-ci ildə sizin çalışdığınız "Medi lüks" xəstəxanasında dünyaya gətirdiyi oğlan uşağı naməlum şəkildə yoxa çıxıb...

- Onlar əvvəldən mənə müraciət etməyiblər. Sonradan rəhbərlik məni çağırdı ki, 2008-ci ildə belə iş olub. Dedim ki, yadımda deyil, bəlkə də olub. Məlum oldu ki, prokurorluq iş aparır. Bundan sonra ətrafımdakı insanlardan maraqlandım ki, belə bir şəxs yadınızdadırmı? Hamı dedi ki, xatırlamırıq. Sanitarlardan biri dedi ki, Rəna xanım, bu qadın yadımdadır, əməliyyat olundu, uşaq rəhmətə getdi, evə gedəndə də yol uzaq olduğuna görə aparmadılar. 

- Pəri Adıgözəlova bizə müsahibəsində bildirib ki, imtina barədə heç bir sənəd imzalamayıb, heç bir razılığı yoxdur.

- Siz özünüzü mənim yerimə qoyun. On bir il əvvəl kimin nə yazıb yazmadığı yadımda ola bilərmi? O mənim işim deyil axı. Xəstəni qəbul etmişəm, əməliyyat olunub və bundan əvvəl də onların bir qohumu burada ana olub. Yəni, yanıma elə-belə gəlib çıxmayıblar. İşimə bələd olublar ki, o boyda yolu yanıma gəliblər. Mən dəliyəm, nəyəm? Gecə saat on ikidə evimdən çıxıb gəlmişəm, səni əməliyyat etmişəm. Pəri ilə danışanda bildirdim ki, səni xatırlamıram. O, dedi ki, yadınızdadırmı, siz məni qucağınızda əməliyyat otağına apardınız? Dedim ki, qızım, əgər səni əməliyyat otağına qucağımda aparmışamsa, deməli, vəziyyətin ağır olub da. İndi bu sənin mənə təşəkküründü? Sonradan Pəri və qohumları mənim kabinetimə gəldilər. İçəri girəndə bilmirdim ki, bunlar kimdir. Özü dedi ki, mən Adıgözəlova Pəriyəm. Ondan sonra ayağa qalxdım, qucaqladım və dedim ki, axı sən niyə belə söhbətlərlə başını xarab edirsən? Müsahibəni oxuyuram, deyir ki, guya mən ona "patxod" eləmişəm. İnanın ki, elə şey ağlımda ola bilməz.

- Evə buraxılış haqqında kağızda qeyd edilir ki, uşağın və ananın vəziyyəti kafidir. Eyni zamanda həmin sənəddə uşağın çəkisi və digər göstəricilər yer alır. Sizcə, uşaq ölsəydi belə bir sənəd verilə bilərdimi?

- O uşağa kağız verilmir. Həmin sənəd anaya verilir. Uşaq haqqında kağız başqa kağızdır. Orada mən yazıram ki, bu ana məndə doğub, uşağın çəkisi filan qədərdi, uşaq sağdır. Mən ananın kafi vəziyyətdə evə buraxıldığını yazmışam və uşaqla bağlı elə bir şey yazmağa ixtiyarım yoxdur. Mənim işim uşağı çıxardıb uşaq həkiminə verməkdir. Bununla da həmin uşaqla mənim əlaqəm bitdi.

- Uşaq həkimi kimdir?

- Zeynəb İbrahimova uşaq həkimidir, onların da yerliləridir. Anestezioloq İbrahimov Mirzə isə Zeynəb xanımın doğma qardaşıdır. Mirzə doktor narkoz verirdi, Zeynəb İbrahimova isə uşaq həkimiydi. Ümumiyyətlə, 2008-ci ildə klinikada Zeynəbdən başqa uşaq həkimi yox idi.

- Pəri Adıgözəlova bildirir ki,  uşağı ölü vəziyyətdə onlardan heç kim görməyib...

- Elə şey ola bilməz, bu, şantajdır. Özünüz düşünün, tutaq ki uşaq öldü, o uşaq bizim nəyimizə lazımdır?

- Amma şikayətçi bildirir ki, uşaq ölməyib. Ya kiməsə bağışlanılıb, ya satılıb...

- Pəri qələt edir. O gic-gic danışır, getsin başını müalicə elətdirsin. On bir il oturub, indi uşaq axtarır. Əgər mənim uşağım ölsə, həkimin də gözünü çıxardaram, xəstəxananın da şüşələrini qıraram, uşağımı götürərəm. Necə yəni uşaq ölməyib? Sən arxanı çevirib (əslində burada Rəna həkim daha sərt ifadə işlədir) Bərdəyə gedirsən, mən sənin arxanca qaçıb uşağını verməliyəm? Get, uşağını götür də. Özünə də dedim ki, Pəri, göydə Allah var, adam Allahdan qorxar. Zəhmətimi ona halal etmirəm. 
- İstərdim ki, bir məqamı da dəqiqləşdirək. Bildirilir ki, uşağın atası və nənəsi görmək istəyiblər. Amma onlara uşağı yaxından görməyə və fotosunu çəkməyə icazə verilməyib. 

- Bu da şərdir, böhtandır. Müsahibədə deyir ki, uşağın saçları qara, gözləri göy imiş. Yeni doğulan uşağın gözünün rəngi görünür ki? Deyilənlər hamısı şərdi. Uşağı ona kimin göstərib-göstərmədiyi isə yadımda deyil. Mənim nə işimə qalıb? Gəlmişəm, əməliyyatımı etmişəm, bunu xilas edib getmişəm.

- Müsahibədə qeyd edilir ki, Pəri Adıgözəlova axşamüstü saat 5-də əməliyyat olunmalıymış. Amma nədənsə gecə saat 1-də əməliyyata götürülüb...

- Bilirsiz, o, təkrar doğuşa gəlmişdi. Yəni, evdə bir övladı var idi. Mənim nə ixtiyarım var ki, gələn kimi onu əməliyyata soxum? Mən onu şöbəyə qəbul etmişəm və evimə getmişəm ki, nə vaxt sancısı artar, o zaman gələrəm. Gecə də gəlmişəm ki, nəsə problem olub və əməliyyat etmişəm. 

- Ümumiyyətlə, valideynin rəsmi şəkildə imtina ərizəsi olmasa, uşaq morqa göndərilə bilərmi?

- Bəli. Əvvəla, onların icazəsi lazım deyil. Əksinə biz adətən, valideyndən morqa aparmamaq barədə icazə alırıq. Amma qanunla bütün ölmüş uşaqlar morqa aparılmalıdır. 

- Yəni, valideyn istəməsə də, uşaq morqa aparılmalıdır?

- Əlbəttə. Ailəyə təhvil verilmir. Uşaq morqa göndərilir və ailə istəyirsə gedib morqdan götürür. Sən on bir il otur, sonra da məni ittiham et?

- Ailə bildirir ki, on bir il həmin kağıza baxmağa ürəyimiz gəlməyib...

- İndi ürəyin gəlib? Get, utanmaz... Mənim adımı hallandırdıqlarına,  əziyyət çəkən həkimi bu hala saldıqlarına görə, onları məhkəməyə verəcəyəm. Allah heç kimin başına belə şər-böhtan adam gətirməsin. Axı mən sənə nə etmişəm? Elə əməliyyat edə bilərdim ki, uşaqlığın götürülərdi. Amma məndən sonra gedib uşaq doğmusan da. Məndən nə istəyirsən?

- Ailə bildirir ki, uşaq sağdır...

- Utanmırlar e. Uşağın sağ idisə, gəlib gözümün çıxardardın, uşağını aparardın. Mən  sənin uşağını neynəyirəm? Mənim əlimlə gündə neçə uşaq dünyaya gəlir. Dünən toyda beş arvad üstümə cumub öpür ki, ailəmizin bütün uşaqlarını siz vermisiniz. Qohumlarının uşaqları da məndə olub. Pəriyə zəhmətim haram olsun.  


İcmal.Az

RƏYLƏR