Sosial islahatların əsas hədəfi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdır

OXUNUB: 512 SOSİAL

Prezident İlham Əliyev son 16 ildə respublikada praqmatik və realist siyasət yürüdüb, ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. 
Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

Burada məlum bir hadisəni də xatırlatmaq istərdim. Hamımız yaxşı xatırlayırıq ki, 2015-ci ildə dünya bazarında neftin qiymətinin xeyli dərəcədə aşağı düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdi. Bundan sonra əhalinin real gəlirləri azaldı, inflyasiya ciddi narahatlıq doğurdu. Amma buna baxmayaraq, hökumət konservativ fiskal siyasət yürütmək qərarını verdi. Əsas məqsəd isə makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq hazırda inflyasiyanın çox aşağı səviyyəsi müşahidə edilir. Real əməkhaqlarının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən, insanların gəlirləri artır və bu, biznes üçün gəlir mənbəyi kimi diqqət çəkir. 
Cari il Azərbaycanda minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım qeydə alınıb. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. Bununla bərabər, 68 min ailə ünvanlı sosial yardımla əhatə olunub.
Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar beynəlxalq təşkilatların da diqqətindən yayınmır. Bunun nəticəsidir ki, biznes və dövlət subyektləri üçün istinad, eyni zamanda, obyektivlik mənbəyi hesab olunan beynəlxalq indekslərdə ölkəmizin mövqeyi getdikcə irəliləyir, qiymətləndirmə və proqnozlaşdırma pozitivliyi ilə fərqlənir. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) son bəyanatına nəzər salaq. Həmin bəyanata əsasən, 2018-ci ildə ÜDM real ifadədə 1,4 faiz, bu ilin ilk yarısı üçün 2,4 faiz artıb. Azərbaycanda həyata keçirilən islahatları müsbət dəyərləndirən BVF sözügedən artımın ölkəmizin qeyri-neft sektorunda, xüsusən də, xidmət sferasındakı canlanma və təbii resurslardan səmərəli istifadə ilə əlaqələndirib. 
Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar özəl sektorun inkişafına və iqtisadi artıma öz müsbət təsirini göstərir. Bunun nəticəsində əldə olunan gəlirlərin vətəndaşlar, xüsusilə sosial cəhətdən həssas təbəqə arasında ədalətli bölgüsü əhalinin sosial rifahının yaxşılaşmasını şərtləndirir. 
Builki 4,2 milyon nəfəri əhatə edən sosial paket 3,9 milyard manat maliyyə tutumuna malikdir. Sosial siyasəti daim ön planda saxlayan dövlətimizin 2020-ci il üçün sosial siyasətə daha çox vəsait ayırması da proqnozlaşdırılır. Belə ki, gələn il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır. Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə 9,9 faiz bəndi və ya 2 milyard 664,2 milyon manat çoxdur. Gələn il əməyin ödənişi üzrə xərclər 6,7 milyard manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3,2 milyard manat təşkil edəcək. 
Göründüyü kimi, ölkə Prezidentinin həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası, dövlət hər addımda öz vətəndaşının yanında olduğunu diqqətə çatdırır. Dövlət başçısının elan etdiyi yeni islahatların isə vətəndaşlarda sosial sahələrdə bundan sonra daha mühüm dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunun daha da möhkəmləndirəcəyi əminliyini möhkəmləndirir. 

 

Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

RƏYLƏR