Sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərə hökm oxundu – SİYAHI

OXUNUB: 17 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Meybullayev 10 il 6 ay, R.Rəhimov 10 il 6 ay, E.Balakişiyev 10 il 3 ay, R.Xəlilov 14 il, A.Məmmədov 10 il 6 ay və yetkinlik yaşına çatmayan A.Musayeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında İ.Meybullayevin 14, R.Rəhimovun 14 il, Elnur Balakişiyev, R.Xəlilovun 14 il, A.Məmmədovun 14 il 6 ay və A.Musayevanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl prosesinə gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

İcmal.Az

RƏYLƏR